Ermənistanın silahlandırılması onu hərbi təxribatlar törətməyə həvəsləndirir
“İşğalçı dövlətin silahlandırılması münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir”
20 Avqust 2020 11:56 Siyasət"İşğalçı dövlətin silahlandırılması münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir"
Bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində 2016-cı ilin Aprel döyüşlərindən sonra ən böyük gərginlik yaşandı. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alaraq daha bir qələbəyə imza atdı. Məsələ orasındadır ki, döyüşlərin getdiyi bir arada Rusiyadan Ermənistana hərbi təyinatlı yükdaşıyan təyyarə reysləri xüsusilə intensiv xarakter aldı. Məsələnin ciddiliyini nəzərə alan prezident İlham Əliyev avuqustun 12-də Rusiya prezidenti ilə telefon danışığı zamanı iyulun 17-dən bəri Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava sərhədlərindən keçməklə Ermənistana 400 tondan artıq hərbi yükün daşındığını bildirdi. Dövlət başçısı bu faktın Azərbaycanda narahatlıqla qarşılandığını da Putinin diqqətinə çatdırdı. Məlumat üçün qeyd edək ki, Rusiya KİV-nə istinadən yayılan xəbərə görə, Ermənistana daşınan silahlara müasir hava hücumundan müdafiə vasitələri, radioelektron mübarizə avadanlıqları, kiçik və orta ölçülü radiolokasiya stansiyaları, artilleriya mərmiləri və s. daxildir.Təsdiqlənməmiş məlumatlara görə, Ermənistana satılan texnika arasında S-300 zenit-raket kompleksinin əlavə divizionu da var. Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, bütün dövlətlərlə, qonşu ölkələrlə mehriban şəraitdə, dostluq və əməkdaşlıq prinsipləri çərçivəsində siyasət yürüdən Azərbaycanın milli maraqlarının qorunması baxımından vacib olan telefon danışığında bir sıra mühüm məsələlərə toxunulub. Bu da milli maraqlarımızın qorunması baxımından mühüm əhəmiyyət daşıyır: "Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat, işğalçı dövlətin növbəti təcavüz aktı nəticəsində silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığı, yararsız hala düşdüyü, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğu barədə məlumat verib. Ölkə başçımız, həmçinin Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da xatırladıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. Sözsüz ki, iyul ayında Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi arzuolunmaz haldır. Ermənistana silah göndərməsi Rusiyanın strateji müttəfiq hesab etdiyi Azərbaycanın milli maraqlarını nəzərə almaması anlamına da gəlir. Rusiya Federasiyası hazırki mürəkkəb tarixi mərhələdə Cənubi Qafqaz regionunda sülhə, təhlükəsizliyin qorunub saxlanmasına xidmət etmək əvəzinə Ermənistanı silahlandırmaqla məşğuldur. Bu da hər şeydən əvvəl beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü missiyaya uyğun deyil. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Ermənistana işğalçı siyasətini həyata keçirməkdə qol-qanad verir, geniş imkanlar yaradır. Rusiyanın da üzv olduğu 25 ildən artıq bir müddətdə üzərinə götürdüyü vəzifəni icra edə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bu təşkilta olan inamı heçə endirib. Son hadisələr, Rusiyanın təcavüzkar Ermənistanı silahlandırması həmsədrlik institutunun tərkibində dəyişikliklər edilməsi məsələsini Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına əhəmiyyətsiz və hadisəyə dəxli olmayan söz yığınından ibarət bəyanatlar səsləndirməklə işini bitmiş sayan ATƏT-in Minsk qrupunun buraxılmasını, onun fəaliyyətinin yenidən təşkilinə baxılmasını gündəmə gətirdi. Eyni zamanda, Minsk qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlər əvəzlənməli və Minsk qrupuna üzv olan ölkələrdən digərləri həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bölgədəki sabitlik və əmin-amanlıq, mehriban qonşuluq siyasətinin yürüdülməsi üçün bu məsələdə ən real namizəd regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyədir. ATƏT-in Mink qrupunda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməsi daha məqsədəuyğundur".
xxx
Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın təcavüzündən əziyyət çəkdiyi heç kimə sirr deyil. Artıq dünya ictimaiyyəti də görür ki, işğalçı Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozur, illərdir azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Təbii ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. Bununla bağlı 1993- cü ildə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilib. Lakin Ermənistan beynəlxalq hüquq normalarını heçə sayaraq işğalçılıq siyasətinə son qoymur, əksinə, ələ keçirdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti həyata keçirir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların oxşar qətnamələrinə məhəl qoymayan Ermənistan regionda sülhün bərqərar olmasına maneçilik törədir. Təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərdən çıxmaq istəməməsi, hətta Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayonu işğal altında saxlaması sülhə və təhlükəsizliyə böyük təhdiddir. Təəssüf doğuran məqan ondan ibaətdir ki, ATƏT-in Minsk qrupunun üzvü Rusiya Ermənistana silah verməkdə davam edir. Torpaqlarımıza göz tikən işğalçı Ermənistan Rusiyadan aldığı silahlar hesabına regionda sülhün yaranmasına, təhlükəsizliyin möhkəmlənməsinə ciddi maneə yaradır. Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə, 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlik"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan DağlıqQarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda, 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir. İyul ayının12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozması, dinc əhalini atəşə tutması fonunda rəsmi Moskvanın yenə təcavüzkar ölkəyə dəstək verməsi, işğalçı höküməti silahlandırması bunu bir daha göstərdi. Məlumdur ki, silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, əksinə, Ermənistanı hərbi təxribatlar törətməyə həvəsləndirir".
Zəka