" Azərbaycan heç kimdən icazə almayacaq. Bu, birmənalıdır, mütləqdir"- JALƏ ƏLİYEVA

Jalə Əliyeva: "Minsk Qrupu  bir çox hallarda az qala Ermənistanın vəkili, vəziri, sözçüsü rolunda çıxış edib"

Jalə Əliyeva: "Minsk Qrupu  bir çox hallarda az qala Ermənistanın vəkili, vəziri, sözçüsü rolunda çıxış edib"

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sərhəd rayonu olan Tovuzda törətdikləri hərbi təxribat münaqişənin dinc yolla nizama salınması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini bir daha gündəmə gətirdi. Belə ki, Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa heç bir aidiyyatı olmayan Tovuz rayonunun atəşə tutulması, dinc əhalinin əmlakının məhv edilməsi Minsk qrupu üzvlərini qətiyyən narahat etmədi. Belə bir şəraitdə qurumun tərkibinə yenidən baxılması məsələsinin aktulaşşaması təbii qəbul edilməlidir.  Millət vəkili Jalə Əliyeva qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə tənzimlənməsindən ötrü yaradılan ATƏT-in Minsk Konfransının (Minsk qrupunun) təsisindən 28 il, həmsədrlər institutunun formalaşdırılmasından 26 il, 3 həmsədr dövlətin (Rusiya, Fransa və ABŞ) vasitəçilik missiyasına başlamasından 23 il keçir. Qarabağ münaqişəsinin başlamasından, alovlandırılmasından isə nə az-nə çox, düz 32 il ötür: "Eyni zamanda, 1993-cü ildə Kəlbəcərin və digər bölgələrimizin işğalından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən ard-arda qəbul olunan 4 məlum qətnamənin ortaya qoyulmasından, mövcudluğundan 27 ilə yaxın bir dövr keçir. Ancaq bu müddət ərzində nə sülh və danışıqlar prosesi bir nəticə verib, nə məlum 4 qətnamənin icrası baş tutub, mümkün olub, nə də Ermənistan, işğalçı və təcavüzkar ölkənin keçmişli-indiki qanlı, cinayətkar hakimiyyətləri, Qarabağda, elə Ermənistanın özündə, yüz minlərlə həmvətənimizin öz dədə-baba yurlarından zorla, vəhşicəsinə qovulması, son deportasiyası zamanı Quqarkda, Masisdə azərbaycanlı gənclərin dəmir borulara doldurularaq, ağızları qaynaqlanaraq, qəddarcasına, barbarcasına qətlə yetirilməsində, Xocalı, Ağdaban, Meşəli, Cəmilli, Qaradağlı, Bağanıs Ayrım qətliamlarında və sair əli olanlar cəzalandırılıb, haqq divanına, Haqqa Tribunalına çəkilib. Nə BMT və onun Təhlükəsizlik Şurası, nə də vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu və həmsədrlər öz üzərlərinə düşəni ediblər. Sadəcə, quru, mənası, effekti, təsiri olmayan, işğalçı ilə işğala məruz qalanı eyniləşdirən bəyanatlarla, söz yığını olan açıqlamalarla çıxış ediblər. Hansı ki, münaqişənin sülh və danışqlar yolu ilə, özü də müsbət və ədalətli həllinə nail olmaq, bölgədə, regionda sülhə, təhlükəsizliyə təhdid olan hallara son qoymaq, ədaləti bərqərar etmək onların birbaşa hakimlik-orbitrlik borcudur, vəzifəsidir, görəvidir. Ancaq onlar ötən dövrdə demək olar ki, vəziyyəti yola verməklə, sadəcə, regiona turist səfərləri etməklə, yeyib-içməklə gün keçiriblər. Bir çox hallarda isə münaqişə tərəflərindən birini-özü də münaqişənin qanlı səbəbkarı və baiskarını növbəti işğal və qəsb siyasətinə həvəsləndirməklə, iştahlandırmaqla, stimullaşdırmaqla məşğul olublar. Onlara hər yerdə "yaşıl işıq" yandırıblar, "dur", "dayan" deməyiblər. Fəaliyyətsizlikləri, ədalətə, həqiqətə göz yummaqları bir yana, vasitəçilik, orbitrlik missiyasına daban-dabana zidd olan mövqelər sərgiləyiblər. Həmçinin, bir çox hallarda az qala Ermənistanın vəkili, vəziri, sözçüsü rolunda çıxış ediblər".

Millət vəkili qeyd edib ki, açıq şəkildə demək lazımdır ki, hər 3 həmsədr ölkə-Rusiya, Fransa və ABŞ tarixən erməni və Ermənistanpərəstliyi ilə seçilib, fərqləniblər: "Xüsusilə də, Fransa ilə Rusiya daha çox Ermənistanpərəst mövqe sərgiləyib ötən illər ərzində. Bu, nə onların vasitəçilik missiyasının ruhuna, nə də ölkələrimiz arasında mövcud olan əməkdaşlığın, bəzi hallarda tərəfdaşlığın ruhuna, mahiyyətinə uyğundur. Ələlxüsus, Şimal qonşumuzun mövqeyi bir çox hallarda ziddiyyətli, ziyanlı və xoşagəlməyən təsir bağışlayır. ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri olmasına rəğmən, Rusiya tərəfindən münaqişə başlanandan, xüsusilə, 90-ci illərdən işğalçı və təcavüzkar ölkə zaman-zaman silahlandırılıb. Buna 90-ci illərin əvvəllərində də, 90-cı illərin ortalarında da, sonrakı illərdə də, elə bu günlərimizdə də rast gəlinib. Bunlar artıq gizlədilməsi mümkün olmayan faktlardır, gerçəkliklərdir. Hər şeyi artıq adı ilə demək, çağırmaq lazımdır.Çünki bu faktlar, gerçəkliklər hətta zaman-zaman onların öz siyasiləri, rəsmiləri tərəfindən də etiraf olunub, dilə gətirilib.Heç təsadüfi deyil ki, sonuncu telefon danışıqlarında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu yöndə olan faktları, o cümlədən, sonuncu faktı həmsədr dövlətin-Rusiyanın Prezidenti cənab Vladimir Putinin diqqətinə çatdırıb, Azərbaycan cəmiyyətinin haqlı narahatlığını və narazılığını ifadə edib.Bu baxımdan hesab edirəm ki, istənilən həmsədr ölkənin, o cümlədən, bizimlə sərhədləri olan Şimal qonşumuzun düşmən tərəfi silahlandırması qətiyyən, yolverilməz və qəbuledilməzdir. Bildiyiniz kimi, Yeltsin dönəmindən sonra Azərbaycan-Rusiya, Rusiya-Azərbaycan münasibətlərində əlaqələr yüksələn xətt üzrə inkişaf etməyə başlayıb və bundan da qazanan məhz xalqlarımız, dövlətlərimiz olub.İndi belə münasibətlərin mövcud olduğu bir təqdirdə, Rusiya tərəfindən işğalçı dövlətin növbəti dəfə silahlandırılması çox böyük təəssüf və deyərdim ki, qəzəb hissi doğurur.İnanmaq və ümid etmək istərdim ki, heç olmasa, bundan sonrakı dönəmdə bu cür hallara yol verilməyəcək, Ermənistanın silahlandırılmasından vaz keçiləcək.Bəli, artıq Azərbaycan cəmiyyəti haqlı olaraq, ATƏT-dən, onun Minsk qrupundan, həmsədrlərdən (eləcə də, BMT və onun Təhlükəsizlik Şurasından) aydın, birmənalı, obyektiv orbitr mövqe gözləyir, onlardan öz missiyalarını ədalətli şəkildə yerinə yetirmələrini tələb edir. Bəli, məhz tələb edir, tələb edirik.Artıq bizim səbrimizin də bir sonu-həddi var.Bizim də etimad limitimiz çoxdan dolmaqdadır, bitməkdədir. Ona görə seçim artıq Minsk qrupunun, həmsədrlərindir, BMT-nindir.Onlar nəhayət, ya ədalətin, həqiqətin keşiyində dayanıb, öz missiyalarına uyğun şəkildə davranıb Ermənistanı işğaldan çəkindirməli, onu sülhə məcbur etməli, ya da missiyalarından könüllü əl çəkməli və kənara çəkilməlidirlər. Ancaq onu bilməlidirlər və bilsinlər ki, bu vəziyyət də uzun müddət davam edə bilməz və etməyəcək.Ali Baş Komandan cənab İlham Əliyevin əmri və rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu bir gün - özü də çox uzaq olmayan bir dövrdə - öz sözünü deyəcək, münaqişəyə son nöqtəni qoyub, ədaləti bərqərar edəcək, Qarabağı, digər yurd yerlərimizi işğaldan birdəfəlik qurtaracaq.O zaman artıq nə ATƏT, nə həmsədrlər, nə BMT lazım gələcək, nə də onlar dinləniləcək. Azərbaycan heç kimdən icazə almayacaq. Bu, birmənalıdır, mütləqdir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31