“Azərbaycanın  sakral coğrafiyası”ında  Qarabağın irfani-ruhani, inansal (imansal)  ocaqları- II məqalə

 Qarabağın Arazboyu düzənlik ərazilərində (Haramı düzü), Köndələnçay və  Quruçay hövzələrində sakral mənşəli toponimlər (teotoponimlər)  Füzuli     rayonunun bir çox inzibati-ərazi vahidlərinin adlarında əks olunmuşdur: Yuxarı və Aşağı  Seyidəhmədli, Şıxımlı, Pirəhmədli, Seyidmahmudlu, Mollavəli,  Yalpirəhmədli, Şıxlı, Mollaməhərrəmli...   

Qarabağın Arazboyu düzənlik ərazilərində (Haramı düzü), Köndələnçay və  Quruçay hövzələrində sakral mənşəli toponimlər (teotoponimlər)  Füzuli     rayonunun bir çox inzibati-ərazi vahidlərinin adlarında əks olunmuşdur: Yuxarı və Aşağı  Seyidəhmədli, Şıxımlı, Pirəhmədli, Seyidmahmudlu, Mollavəli,  Yalpirəhmədli, Şıxlı, Mollaməhərrəmli...

Milli-mənəvi dəyərlərimizin, dini dünyagörüşümüzün minilliklər ərzində təkamülü və formalaşması mərhələlərində ilahi ruha tapınma, müqəddəs məqamlara iman və inam gətirmək, ruhsal və duyğusal ibadətlərin aparılması mühüm sakral təməllərdən biri olmuşdur, Bütöv Azərbaycanımızın hər bir guşəsində. Bu baxımdan ayrı-ayrı bölgələrimizdə (Cənubi və Qərbi Azərbaycan mahallarında, Naxçıvanda, Qarabağda, Şirvanda, Lənkəranda...) Şeyx və Seyid ocaqlarının müqəddəs ziyarətgahlara çevrilməsi, ibadət məkanları kimi müqəddəs ruhlara iman gətirilməsi dini (mənəvi) dünyagörüşümüzün ayrılmaz tərkib hissələri kimi qiymətləndirimiş, milli dünyagörüşümüzün təməl prinsiplərinə  çevrilmişdir.

Təbii-coğrafi ərazilər üzrə yayılmış bu cür  müqəddəs ziyarət məkanlarımizın  "Azərbaycanın sakral coğrafiyası"nın tərkib hissəsi kimi tədqiq edilməsi istiqamətində Alban mədəniyyəti abidələrimizin elmi-nəzəri əsaslandırılması ilə yanaşı, milli-dini irfani düşüncə və sakral həyat-davranış (təsəffüv) tərzinin təkamülü ilə bağlı ("Azərbaycan tarixi", VII cilddə, I cild, 2007; N.İ.Rzayev "Qafqaz Albaniyasının incəsənəti", (rus dilində), 1976; F.L.Osmanov "Qafqaz Albaniyasının maddi mədəniyyəti", 1984; Z.İ.Yampolski "Qafqaz Albaniyasının qədim tarixindən" (rus dilində), 1949, "Qədim Qafqaz Albaniyasında tapılan heykəllər barədə" (rus dilində), 1950, "Azərbaycanın qədim  dinləri", (rus dilində), 1958; A.B.Nuriyev  "Qafqaz Albaniyasının ərazisindən tapılmış bir neçə antik dövr tapıntıları  barədə", 1976 ...), eləcə də orta əsrlər dövrünə, sonrakı yüzilliklərə aid ədəbi-bədii ("Kitabi-Dədə Qorqud"  dastanı, VII əsr; N.Gəncəvi "İskəndərnamə" və Xosrov və Şirin" poemaları, XII əsr; M.Ə.Rəsulzadə "Azərbaycan şairi Nizami Gəncəvi" əsəri, Ankara ş., 1951; "Divani-Həzrət Seyyid Nəsimi", XIV əsr; M.Füzuli "Divan"ı, XVI əsr, 1958-1961; A.K. Zakuyev  "Füzulinin fəlsəfi baxışları" (rus dilində), Azərb.SSR EA-nın nəşri, 1955, VIII cild, səh.53; H.Araslı "Böyük Azərbaycan şairi Məhəmməd Füzuli", 1958, "Füzuli "Divanı"nın əlyazmaları və nəşri haqqında", 2005; T.Əbdülhəsənli "Klassik  Azərbaycan ədəbiyyatında multikultural dəyərlər və tolerantlıq" məqaləsi, 2020...) və tarixi nəşrlər (Əbu Tahir əs-Süləfi (1083-1181), Əli ibn Əsakir (1105-1175) və Kəmaləddin əş-Şeybaninin (1244-1323)... əsərləri, Ə.S.Bakuvi "Abidələrin xülasəsi və qudrətli hökmdarın möcüzələri" kitabı, XIV əsr; S.Aşurbəyli "XVI əsr Azərbaycan incəsənətinə dair bəzi materiallar", 1959; Z.M.Bünyadov "Azərbaycan VII-IX əsrlərdə", "Dinlər, təriqətlər, məzhəblər..." əsərləri, 2007; M.S.Nemətova "Azərbaycanın epiqrafik abidələrinin toplusu", VI cilddə, 1991-2011...) az olmamışdır. Milli irfani-ruhsal mənəvi duyğuların sakral məkanlar (ocaqlar) məqamında inam-iman gücünə sığınması  xalqımızın dini dünyagörüşünün zənginləşməsi həm də antik tarixi ənənələrdən (müqəddəs ocaqlardan) qidalanır. Bu cür ziyarətgahlar (o cümlədən Şeyx və Seyyid məqamları) ilahi ruha tapınma, sığınma, ondan dilək və arzularına qovuşmada yardımçı olmağı ürəkdən dua etməsi, qəlb evinin mənən paklanmağa can atması... kimi duyğuların qovuşduğu məkan, saf duyğular ocağıdır. Sakral məkanalrda inşa edilən məqbərələr, sərdabələr, kümbəzlər, qəbirüstü abidələr  isə maddi-mənəvi irsimizin qiymətli tarixi  nümunələridir ki, respublikamızın bütün bölgələrində  müqəddəs ziyarətgahlar kimi ibadət olunmaqdadır.

Ölkəmizin bütün ərazilərində  bu cür sakral ibadət məkanları olduğu kimi, bu ocaqlara bütün bölgələrdən ziyarətə gələnlər də az deyildir. Qarabağın aran hissəsi istiqamətində, Arazboyu  və dağətəyi ərazilərdə, Füzuli rayonunda  yerləşən bu cür müqəddəs ziyarətgahlardan biri də  Yuxarı  Aybasanlı  kəndindəki "Seyid Əşrəf Ağa ocağı" olmuşdur. Qonşu Cəbrayıl rayonunda Hacı Qaraman Çələbi ocağı (XVI-XVII əsr), Zəngilan rayonunda  Seyid Həsən Hacı Mirməhəmməd  Ağa oğlu (1888-1984), Ağdam rayonunda Seyid Lazım Ağa (1880-1994) məqamgahı necə ali sakral məkanıdırsa, Seyid Əşrəf Ağa ziyarətgahı da  o mərtəbədədir.

Seyid Əşrəf ağanın ata babası, tərəkəmə ailəsi olan Seyid Həşim ağa (1835-1912, 7-ci imam Musa əl-Kazımın (miladi 745-799-cu illər) soyundan olduğu bildirilir) Laçın nahiyəsinin Böyük Seyidlər kəndində yaşayıb, sonradan nəsilləri Qarabağın dağlıq və aran bölgələrinə yayılaraq (Şuşa, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Beyləqan... ərazilərinə) məskunlaşmış, dini-irfani, sakral ocaqların yaranmasına səbəb olmuşlar.  

Seyid Həsim ağa Qarabağın məşhur mütəfəkkiri Mir Möhsün Nəvvabın (1833-1918) əmisi oğlu idi.

XX əsrin əvvəllərində Seyid Həşim ağa böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün Bakı şəhərinə müalicəyə gəlir, bir müddətdən sonra vəfat edir  və güman olunur ki, "Bibiheybət qəbirstanlığı"nda dəfn edilib, amma məzarının yeri bilinmir.

Seyid Əşrəf ağa Seyid Əhməd oğlu  Mirhaşımov (1936-1999) Füzuli rayonunun  Yuxarı Aybasanlı kəndində yaşamışdır. Bu kənddə Seyid Əhməd Seyid Haşım oğlunun (1896-1970) ocağı ibadətgah olmaqla, kənd qəbirstanlığındakı kümbəzi də (hündürlüyü  5 m, 8 guşəli qəbirüstü)  müqəddəs hesab edilib, ora aran bölgələrindən (Bərdə, Ağcabədi, Yevlax, İmişli, Kürdəmir, Beyləqan...rayonlarından) ziyarətə saysız-hesabsız gələnlər olub, qurban kəsiblər, Ağanın cəddini çağırıb Allah-Təalaya təvəssül ediblər.

Deyilənə görə  Seyid Əşrəfin kəramət yiyəsi kimi qutlanması 6-7 yaşında ikən gördüyü yuxudan sonra başlayıb, Qaragöl yaylaqlarında babası Seyid Haşım ağa udumunu ona verib, özünün davamçısı adlandırıb.

Seyid İlham Seyid Əşrəf oğlunun (1963, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu)  söylədiyinə həmin ilahi-mistik yuxuda nurani çöhrəli Ulu Baba Nəticəsinin gözünə görünəndə aralarında belə söhbət olub:

-Ay oğul, məni tanıyırsan?

-Yox, tanımıram.

-Mən sənin ulu baban Seyid Haşımam, pak olduğun üçün bundan sonra ocağımızı sən qoruyacaqsan, ruhumu-gücümü  sənə pay edirəm...

Bu vaxtadək sapsağlam, cəld, qıvraq  olan Əşrəfin sağ tərəfi  tədricən öləziyib, ruhu-duyğuları isə paklanıb, güclənib, zənginləşib...

Həmin illərdə tərəkəmə elatının köç saldığı Qaragölətrafı yaylaqlarda Seyid Əşrəfin irfani-ruhsal gücü ilə bağlı baş vermiş bir olay az bir müddətdə  ərzi - Qarabağa yayılmışdır.

... Sürüdə doğulmuş bir quzunu Əşrəfin adına pay edirlər. Bir gün  binənin yanında otlayan quzulara tuş şığıyan quzğun uşağa pay olan quzunu cənginə alıb göyə qaldırır, obadakılar "amanata" görə narahat olur, amma Əşrəf tövrünü pozmur, sakitcə deyir ki, quzğun mənim quzumu apara bilməz, gətirib qoyacaq yerinə. Hamı təəccüb içində qalır. Göydə xeyli uzaqlaşan quzğun bir dövrə vurub quzunu gətirb atır götürdüyü yerə, quzğun bir neçə addım kənarda yerə düşür, ağzından qan açılır, canını itirir...

Seyid Əhməd Seyid Haşım oğlunun səxavəti barədə Yuxarı Əbdürrəhmanlı kənd sakini Bəyim Səfər qızının (1897-1985) söyləməsinə görə II Dünya müharibəsinin 1941-1945-ci illərində bu ocağın bərəkətindən qonşuluqdakı Xocavənd rayonunun haylar yaşayan  Tağaser, Edilli, Düdükçü, Daşbaşı, Mülküdərə, Xırmancıq... kəndlərinin nankor kənd camaatı də istifadə edib, Ağanın ocağına üz tutmaqla aclıqdan, sıxıntıdan qurtula biliblər. Ümumiyyətlə, Seyid Əhməd-Seyid Əşrəf ocağının səxavətindən bölgənin xeyli əhalisi həmişə yararlanmışdır, deyilənə görə, bu ziyarətgaha gətirilən nəzir-niyazın çox hissəsi həmişə ehtiyacı olanlara paylanırmış...

Əslən Gədəbəy şəhərindən olan və 1970-ci ildən Yuxarı Əbdürrəhmanlı kənd orta məktəbində rus dili və ədəbiyyatı fənnindən dərs deyən Səmayə müəllimə (1920-30-cu illərdə qaçaq-quldurlara qarşı döyüşmüş qayınanası Bəyim Səfər qızı Tağıyeva (1907-1989) Ağa haqqında tarixi məlumatlı idi, həyat yoldaşı Polad Nəriman oğlu Əliyev (1938) 1993-cü ildə Şəhid olub) xatırlayır ki, Ağa, həmişə mənə  doğma qızı kimi yanaşardı, "Qərib bala, necəsən, nə çətinliyin varsa mənə de, heç nədən çəkinmə, sən balamsan"-deyərək məni əzizləyirdi.

O, eyniylə hamıya bu cür qəlb genişliyi ilə yanaşardı, səxavətini və mərhəmətini heç kəsdən əsirgəməzdi, elin-obanın bütün məclislərində iştirak edərdi.

Hay kilsəsi və daşnak silahlı quldur dəstələri tərəfindən 23 avqust 1993-cü il tarixdə Füzuli rayonunun 1 şəhəri, 1 şəhərtipli qəsəbəsi və 75 kəndi (hazırda 1 şəhər və 33 kənd istisna olmaqla) işğal edildikdən sonra (o cümlədən Yuxarı Aybasan kəndi də) Seyid Əşrəf Bakı şəhərində, Dərnəgül qəsəbəsində yaşamışdır. Deyilənə görə, aradan yarım il keçmiş, ulu babası Seyid Haşım onun yuxusuna girir. Və növbəti tapşırmasını verir ki, mənim qəbrimin əvəzinə sənin burda ziyarətgahın olacaq. Elə də olur, 1999-cu ilin 31 yanvar günündə ürək çatışmazlığından bu dünyadan haqqa qovuşan Seyid Əşrəf Ağa Xırdalan şəhər qəbirstanlığının ən uca yerində dəfn edilmiş, məzarı üstündə ucaldılan məqbərə isə el-vətən  ziyarətgahına çevrilmişdir.

Bakı şəhərində yaşadığı illərdə də Seyid Əşrəf ocağı iman gətirilən, müqəddəs ümid yeri kimi yüksək məqam kimi qiymətləndirilib. 1998-ci ilin sonlarında olmuş bir hadisə isə hələ də unudulmayıb.

Xaçmaz rayonundan 8-10 yaşlı oğlan uşağına bölgənin, ölkənin həkimləri ona ömürlük gün işğından məhrum olacağını bildirmişdilər. Seyid Əşrəf ocağından xəbər tutan uşağın anası son ümidi ilə, sidq-qəlbdən inancı ilə Ağanın hüzuruna gətitir uşağı. Ağa əlini çəkir uşağın gözlərinə və anasına bildirir ki, narahat olma, uşağın gözləri açılacaq. Ağa rəhmətə gedəndən sonra, uşağın gözündən bulanıq su axır, çirk açılır, bəbyi qaralır... və gözləri dünyaya, işığa açılır.

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi 

R.S. Füzuli rayonunun  "Qayıdış" qəzetinin redaktoru, yazıçı-publisist Oqtay Əliyevin 1999-cu ildə  "Seyid Əşrəf müqəddəsliyi" kitabı çar edilmişdir.

(Yazının hazırlanmasında həm də Şəfayət Seyid Əşrəf qızının (1970), Yuxarı Əbdürrəhmanlı kənd sakini Səmayə Əbülfəz qızı Əliyevanın (1946) və Lerik rayonu, Güldəsər kənd sakini  Kərbəlayi Şəmşir Kərbəlayi Şakir  oğlu Alışovun  (1980)  məlumatlarından  istifadə  edilib.)  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31