Partiya sədri: “Minsk qrupunun manipulyasiyalarından imtina etməyin tam zamanıdır”
“Ermənilərin Tovuz istiqamətindəki təxribatı, Qarabağ ətrafındakı son durum, gərginliklər cəmiyyətdə, haqlı olaraq, belə qənaət formalaşdırır ki, Ermənistan -Azərbaycan münaqişəsi ilə bağlı siyasətimizə yenidən baxmalıyıq”
17 Avqust 2020 13:15 Siyasət"Ermənilərin Tovuz istiqamətindəki təxribatı, Qarabağ ətrafındakı son durum, gərginliklər cəmiyyətdə, haqlı olaraq, belə qənaət formalaşdırır ki, Ermənistan -Azərbaycan münaqişəsi ilə bağlı siyasətimizə yenidən baxmalıyıq". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, aydın mövqeyimiz olduğu kimi, dəqiq yol xəritəmizin də mövcudluğu vacibdir: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin, digər beynəlxalq təşkilatların imitasiya xarakterli oyunlarından, manipulyasiyalarından imtina etməyin tam zamanıdır. İndiyə qədər ATƏT çərçivəsində görülən işlərin münaqişənin həlli üçün heç bir faydası olmayıb. Təhlillər göstərir ki, Minsk qrupu həmsədrlərinin fəaliyyəti, verdikləri bəyanatlar, mətbuatdakı çıxışları status-kvonun saxlanmasına, ermənilərin maraqlarına, bizim isə emosiyalarımızın soyudulmasına xidmət edib. Konfliktin həlli ilə bağlı BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin mövcud olmasına baxmayaraq, həmsədrlərin ortaya beynəlxalq hüququn norması hesab edilən bu normativ-hüquqi aktların ruhuna uyğun nəticə qoya bilməməsi bundan xəbər verir. Həmsədr ölkələrin (ABŞ, Fransa və Rusiya ) 2008-ci il mart ayının 14 -də BMT Baş Assambleyasının münaqişəyə dair qətnaməsinin əleyhinə səs verməsi,erməni təəssübkeşliyi nümayiş etdirməsi də bunu bir daha sübut edir. Xatırlatmaq istəyirəm ki, sözügedən qətnamədə BMT - nin Ali orqanı olan Baş Assambleya Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qüvvələrinin dərhal, bütünlüklə və qeyd-şərtsiz çıxmasını tələb edirdi".
Onun sözlərinə görə, həmsədrlərdən biri - Rusiya Federasiyası münaqişənin lap əvvəlindən olduğu kimi, erməniləri açıq-aşkar dəstəkləməkdə davam etmiş, təcavüzkara milyardlarla dollar məbləğində hər cür silah-sursat, o cümlədən uzaq mənzilli "İskəndər" raketləri hədiyyə etmişdir: "Elə bu ilin iyulunda Tovuz hadisələri zamanı və ondan sonra Moskva işğalçı ölkəyə 400 tondan çox hərbi ləvazimat göndərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzuda Rusiyanın dövlət başçısı Putinlə ciddi danışığı olmuşdur. Rusiyanın mövqeyi, göründüyü kimi, münaqişənin həllinin uzadılmasına xidmət edir. Hər kəs yaxşı başa düşür ki, Kremlin bu oyunları Qafqazlarda geopolitik situasiyanı gərginləşdirməklə buradakı dövlərləri öz təsir dairəsində saxlamaq məqsədi güdür. Bütün bunlar ATƏT - in Minsk qrupunun həmsədrləri formatına yenidən baxmağı zəruri edir. Əgər ölkəmiz danışıqları davam etdirməyi məqbul hesab edəcəksə, həmsədrlər formatına Türkiyə Cumhuriyyətinin də daxil edilməsini tələb etməlidir. Türkiyə, regionun güclü dövləti olmaqla yanaşı, nüfuzlu söz sahibidir, bölgədə gedən neqativ proseslərə sinə gərməyi bacaran, çəkindirici rola malik bir ölkədir. Qardaş dövlətin Minsk qrupunda həmsədrliklə vəzifələndirilməsi danışıqlar prosesini nəinki canlandırar, münaqişənin tez bir zamanda beynəlxalq hüququn normalarına və Azərbaycanın milli maraqlarına uyğun şəkildə həll edilməsinə şərait yaradar".