Erməni təbliğat maşınına ciddi zərbə
Artıq dünya mediası Ermənistanı işğalçı ölkə kimi təqdim edir
15 Avqust 2020 14:23 SiyasətArtıq dünya mediası Ermənistanı işğalçı ölkə kimi təqdim edir
İşğalçı Ermənistan bütün parametrlər üzrə Azərbaycan qarşısında gücsüz və aciz duruma düşür. Əgər son illərə qədər bu gücsüzlüyü yalnız siyasi-iqtisadi, eyni zamanda hərbi sahədə müşahidə edirdiksə, artıq bizim xeyrimizə olan müsbət tendensiya informasiya mübarizəsi sahəsində də özünü aydın şəkildə göstərir. Əslində bu da təsadüfi deyil. Çünki həm Dünya Azərbaycanlılarının ikinci, həm də üçüncü Qurultaylarında dünyada yaşayan soydaşlarımız, diaspor təşkilatlarının rəhbərləri qarşısında çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, artıq müdafiə taktikasından hücum taktikasına keçmək zamanıdır. Təbii ki, burada informasiya savaşı, erməni yalanlarını ifşa etmək də əsas yer tuturdu. Çünki uzun illər ermənilər məhz dünyanın müxtəlif ölkələrində apardıqları yalan təbliğat, antiAzərbaycan siyasəti nəticəsində informasiya savaşında Azərbaycanı üstələmişdilər. Hətta yaxın tariximizdə baş verən Xocalı soyqırımını belə dünyaya çatdırmaqda çətinlik çəkirdik. Qeyd etdiyimiz kimi bunun da başlıca səbəbi dünyanın əsas aparıcı KİV-ləri və televiziya və radiolarına ermənilərin sirayət etməsi idi. Ancaq dövlət başçısının qeyd etdiyimiz toplantılarda verdiyi tapşırıqlardan sonra bu istiqamətdə görülən işlər demək olar ki, dünyada erməni təbliğat maşınına güclü bir zərbə vurdu.
Hazırda da beynəlxalq səviyyədə qeyd edilən istiqamətə nəzər yetirsək aydın şəkildə görərik ki, ermənilər informasiya savaşında artıq əvvəlki üstünlüyə malik deyillər. Xarici mətbuatda istər deputatlarımız, istər diplomatlarımız, istərsə də diaspor sədrlərimizin Azərbaycan həqiqətləri, Ermənistanın təcavüzkar siyasəti ilə bağlı dərc etdikləri silsilə yazıların da ermənilərin informasiya savaşında məğlub duruma düşmələrinə səbəb olan amilərdəndir. Artıq xarici mediada Ermənistanın işğalçı ölkə olduğu açıq şəkildə ifadə edilir və bu reallıq erməni rəsmilərinin diqqətinə belə çatdırılır. Hər halda bu günlərdə Ermənistan baş nazirinin BBC telekanalına müsahibəsi zamanı aparıcının Paşinyanən ölkəsini rəsmən işğalçı adlandırması deyilənlərin təsdiqidir. Sözügedən müsahibədə diqqəti çəkən bir digər əsas məqam isə ondan ibarət oldu ki, Paşinyan bu dəfə də tarixdən məlumatsız olduğunu, ənənəvi erməni saxtakarlıqlarına cəhd etdiyini, eyni zamanda növbəti dəfə rəzil duruma düşdüyünü sərgilədi. Eyni zamanda erməni baş nazir siyasi cəhətdən olduqca naşı, savadsız biri olduğunu bir daha həm erməni cəmiyyəti, həm də dünya ictimaiyyətinə nümayiş etdirdi.
Elə Milli Məclisin deputatı Anar Məmmədov da bu qənaətdədir. O, bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın BBC telekanalının məşhur "HARDtalk" verilişinin radio versiyasının avqustun 14-də yayımlanmış növbəti buraxılışında olan çıxışı bir daha işğalçı ölkə rəhbərinin heç bir tarixi faktoloji əsasa söykənmədiyinin və primitiv siyasi natiqlik qabiliyyətinə malik olduğunun bariz nümunəsi oldu: "Yəqin ki Aşqabadda MDB liderlərinin qarşısında və Münhen Təhlükəsizlik Konfransında olduğu kimi bu dəfə də Ermənistan cəmiyyətinin bütün zümrələrindən Paşinyana tənqid yağdırılacaq. Çünki işğalçı ölkə rəhbəri üçün konkret meydan oldu və Paşinyan doğrudan da özünü orada realizə edə bilmədi. Nəzərə alsaq ki, dövlət başçısı beynəlxalq platformada və məşhur telekanallarda öz çıxışı və müsahibəsi ilə bütün xalqı təmsil edir, deyə bilərik ki, Paşinyan həm şəxsi göstəricilərinə, həm də ümumi mövzuya yanaşmaya görə növbəti dəfə məğlub olaraq rəzil duruma düşdü. Erməni xalqı Paşinyanın rəhbərliyi ilə həyata keçirilən inqilabdan sonra hakimiyyəti devrilən siyasi-kriminal idarəetmənin zamanından daha yaxşı yaşayacağın düşünsə də nəticədə bunun əksi ilə qarşılaşdı".
Deputatın sözlərinə görə, artıq iki ildir ki, Paşinyan verdiyi vədlərin heç birini həyata keçirmədi və buna görə də Ermənistan rəhbərliyi daxili faktordan çəkinərək öz hakimiyyətini itirməkdən qorxur, danışıqlarda manipulyasiya etməklə regionda işğal faktorunu davam etdirir: "İşğalçı da həmin auditoriyada çıxıb suallara cavab vermək əvəzinə sadəcə sualdan yayınmağa və suala aid olmuyan cavablar verməklə və ya yalana güc verməklə həqiqətdən yayındı. Yaxşı olardı ki, Paşinyan özünə tərcüməçi götürərdi, nəinki elə gülməli vəziyyətə düşəydi. O meydanda belə göründü ki, Paşinyan məğlub tərəf olmasını artıq özü də qəbul edib. Beləliklə, işğalçı bu dəfə də bütün erməni xalqını biabır etdi. Hesab edirəm ki, "HARDTalk" verlişi onsuz da Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı. Ermənistan baş nazirinin növbəti dəfə siyasi iflasa uğraması faktını hətta Ermənistan mətbuatı və ictimaiyyəti də yenidən etiraf etmək məcburiyyətindədir. Yəqin ki, həmişə olduğu kimi erməni təbliğat maşını bu dəfə də onu düşdüyü bu rəzil durumdan xilas etməyin yollarını axtaracaq".
Süleyman