Biz hazırda qələbəyə heç vaxt olmadığımız qədər yaxınıq -MÜSAHİBƏ-ÖZƏL

Eldəniz Səlimov: "Qardaş Türkiyə dövlətinin Qafqazda artan nüfuzu və daim bizə dəstək verməsi bizim haqlı mübarizəmizdə çox mühüm əhəmiyyətə malikdir"

Bu günlərdə Azərbaycan daha bir uğura imza atdı. Uzun illərdən bəri tərk edilmiş "Qarabağ" yatağına yenidən qayıdış və bu yatağın dayaq blokunun dənizə yola salınması mərasimi baş tutdu. Prezident İlham Əliyevin iştirakı ilə baş tutan mərasimdən sonra dövlət televiziyasına verdiyi müsahibədə bir sıra vacib məqamlara toxundu və mühüm mesajlar Verdi.

Həm sözügedən yatağın dayaq blokunun dənizə yola salınmasının əhəmiyyəti, onun iqtisadiyyatımıza müsbət təsirləri, həm də Prezidentin müsahibə zamanı verdiyi mühüm mesajlarla bağlı Milli Məclisin deputatı Eldəniz Səlimovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə deputat ölkədə iqtisadi və sosial sahədə həyata keçirilən tədbirlər, bu tədbirlərin əhalinin social rifah halının yaxşılaşdırılmasına müsbət təsirlərindən də danışıb.

-Eldəniz müəllim, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirildi. Bu hadisəni necə dəyərləndirərdiniz və bunun ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

-Təbii ki, bu, tarixi bir hadisədir və ölkəmiz üçün onun əhəmiyyəti böyük olmaqla yanaşı, həm də çoxşaxəlidir. İlk növbədə qeyd edilməlidir ki, erməni işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı xalqımızın və dövlətimizin nümunəvi birlik nümayiş etdirdiyi, diasporamızın uğurlu fəaliyyət göstərdiyi bir zamanda  məhz "Qarabağ" yatağı ilə bağlı tədbirlərin görülməsi təsadüfi deyil. Bu proseslərin özəyində, əsas fonunda həm də dünya ictimaiyyətinə tarixi həqiqətlərlə bağlı ünvanlanmış bir mesaj var idi. Gözlənildiyi kimi, bu mesajı  möhtərəm Prezident İlham Əliyev dayaq blokunun dənizə yola salınması mərasimində bir daha açıq şəkildə verdi və öz çıxışında da vurğuladı ki, "necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq".

Diqqətə alınmalı ən önəmli amillərdən biri də "Qarabağ" yatağının 60 milyon ton neft ehtiyatına malik olmaqla Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biri olmasıdır. Bu yatağın istismara verilməsi ölkəmizin gəlirlərinin artmasına və ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcək.

-Prezidentin də qeyd etdiyi kimi Azərbaycanın tərəfdaşları bu yatağın perspektivinə inanmırdılar. Ancaq son hadisə sübut etdi ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olmağı bacarır. Bu mənada "Qarabağ" yatağının dayaq blokunun bir dənizə yola salınması Azərbaycana beynəlxalq səviyyədə olan inam, etibarı bir qədər də artırmayacaqmı?

-Azərbaycan son illərdə apardığı güclü siyasət və idarəetmə bacarığı ilə öz sözünü dəfələrlə deməyi bacarıb. Biz bir çox qlobal layihələrin və proseslərin uğurlu iştirakçısı, o cümlədən təşəbbüskarı olmuşuq. Bir sıra dünya miqyaslı tədbirlər və görüşlər məhz ölkəmizdə keçirilib. Azərbaycan artıq beynəlxalq tribunalarda rəhbər kürsülərindən çıxış etməyə başlayıb. Bunların sırasında ən önəmlilərindən olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi də göstərir ki, qeyd olunanlar təsadüfi deyil və əlbəttə ki, ölkəmizə olan etimad və inamdan irəli gəlir.
"Qarabağ" layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə ən böyük sualtı konstruksiyadır. Konstruksiyanın hazırlanması prosesində əsasən  yerli mütəxəssislərin iştirak etməsi də xüsusilə vurğulanmalıdır. Bunlar onu göstərir ki, Azərbaycan sırf öz iqtisadi və sosial potensialı sayəsində müstəqil siyasət yürütməyə və götürdüyü öhdəlikləri yüksək səviyyədə icra etməyə qadirdir.
Bu səbəbdən, "Qarabağ" yatağı ilə bağlı görülən tədbirlərin də uğurla nəticələnəcəyinə və ölkəmizin beynəlxalq nüfuzunun daha yüksələcəyinə heç kəsin şübhəsi olmasın.  

-Dövlət başçısı mərasimdən sonra verdiyi müsahibədə yatağın adının hamımız üçün doğma və əziz olduğunu diqqətə çatdırdı. Və nəzərə alsaq ki, uzun illərdən sonra sözügedən yataqda işlərə başlanılır, o zaman yaxın vaxtlarda eyni uğurun, nailiyyətin Qarabağ cəbhəsində də əldə edəcəyimizə əmin ola bilərikmi?

-Bu əminlik bizim hamımızda, bütün soydaşlarımızda var və münaqişənin davam etdiyi bu illər ərzində az da olsun inancımızda dəyişiklik olmayıb. Beynəlxalq arenada nüfuzumuzun artması bizi durmadan səbrsizliklə gözlədiyimiz həmin günə yaxınlaşdırır. Son proseslərdə hər kəs artıq siyasi ritorikanın dəyişməsinin və ciddiləşməsinin şahidi oldu. Soydaşlarımız çox böyük həmrəylik göstərərək dünyanın bir çox ölkələrində haqq səsimizi ucaltdı və dövlətimiz də rəsmi diaspor fəaliyyəti çərçivəsində bu tədbirlərə dəstək verdi. Cənab Prezident beynəlxalq siyasi proseslərin gedişatını nəzərə alaraq xarici işlər orqanlarına yeni kadrlar təyin etdi.
Son dövrlərdə baş verən nadir hadisələrdən biri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Azərbaycan-Ermənistan qarşıdurmasının detallı şəkildə müzakirə edilməsi oldu. Qardaş Türkiyə dövlətinin Qafqazda artan nüfuzu və daim bizə dəstək verməsi bizim haqlı mübarizəmizdə çox mühüm əhəmiyyətə malikdir. Artıq faktiki olaraq Qarabağ məsələsi ilə bağlı Azərbaycan və Türkiyə birgə addım atmağa başlayıblar.
Bütün bu qeyd olunanlar uğurun çox da uzaqda olmadığını deməyə əsas verir. Biz hazırda qələbəyə heç vaxt olmadığımız qədər yaxınıq.
 

-Bu kimi layihələr təbii ki, neft sektorunun daha da inkişafına təkan verir. Eyni zamanda bu əhalinin sosial rifah halının yaxşılaşdırılmasına hansı müsbət təsirləri göstərəcək?

-Əhalinin iqtisadi və sosial rifah səviyyəsinin artırılması həmişə dövlətimizin siyasətinin mərkəzində dayanıb. Bu günədək həyata keçirilən bütün sosial və infrastruktur layihələri məhz bu məqsədə xidmət edib. Ölkəmizin iqtisadi potensialının mütəmadi olaraq güclənməsi imkan yaradıb ki, istənilən dövrdə vətəndaşlarımızın layiqli həyat səviyyəsi təmin edilsin. Əlbəttə ki, gəlirlərimizin artması bu sahədə də islahatların getdikcə dərinləşdirilməsinə töhfə verə bilər. Xüsusilə son dövrlərdə sosial təminat sahəsində atılan inqilabi addımlar da bunu deməyə əsas verir.

-Sosial sahədən söz düşmüşkən, Azərbaycan dövlətinin, şəxsən dövlət başçısı İlham Əliyevin sosial siyasətini necə xarakterizə edərdiniz?

-Cənab Prezidentin sosial siyasətinin ən təqdirəlayiq xüsusiyyəti onun çevikliyi və davamlılığıdır. 2003-cü ildən bu günə qədər elə bir il və ya mərhələ olmayıb ki, sosial sahə və ya dəstəyə ehtiyacı olan hansısa kəsim diqqətdən kənarda qalsın. Ölkə başçımızın Prezidentliyi dövründə müxtəlif sosial məsələlərlə bağlı qanunvericilikdə xüsusi güzəştlər nəzərdə tutulub, bir çox dövlət proqramları qəbul edilib, əmək haqları və pensiyaları demək olar ki, hər il artırılıb. Hər il dövlət büdcəsinin böyük bir hissəsi məhz sosial məsələlərə yönəldilir və bu sahədə ölkə başçısının qətiyyəti xüsusilə alqışlanmalıdır. Cənab Prezident pandemiya dövründə belə heç bir sosial layihənin ixtisar edilməyəcəyini qeyd etməklə sosial məsələlərin dövlət siyasətindəki çəkisini bir daha vurğulamış oldu.

-Bütün dünyanı bürüyən pandemiyaya baxmayaraq dövlət başçısının heç bir sosial layihənin dayandırılmayacağını bəyan etməsi Prezident üçün bu sahənin prioritet təşkil etdiyi qənaətini formalaşdırırmı?
 

-Əlbəttə ki, hər bir bəyanatın altında bir əminlik və konkretlik yatır. Bu isə həmin bəyanatdakı məsələnin xüsusi çəkisindən və önəmindən xəbər verir. Diqqət yetirilməsi zəruri olan digər bir məqam isə odur ki, ölkə başçısı sosial layihələrin dayandırılmaması ilə yanaşı, 2020-ci ilin inqilabi sosial-iqtisadi islahatlar ili olacağının anonsunu vermişdi və biz bu gün verilən bütün bəyanatların və vədlərin yerinə yetirilməsinin şahidi oluruq. Bütün bunlar bir daha  əyani şəkildə sübut edir ki, sosial sahə dövlətimizin və ölkə başçımızın xüsusilə diqqət mərkəzindədir və həqiqətən də prioritet təşkil edir.
 

-Pandemiyadan söz düşmüşkən, bir sıra sahələrdə yumşalma hallarının baş verməsi yenidən yoluxma hallarının artmasına səbəb ola bilərmi? Çünki görünən odur ki, vətəndaşların bəziləri məsuliyyət hiss etmir.

-Pandemiyanın tam bitmədiyini nəzərə alaraq bu ehtimal hələ də öz aktuallığını qoruyub saxlayır. Dövlət vətəndaşların durumunu düşünərək karantin rejiminin yumşaldılmasına qərar versə də, vətəndaşlarımız bunu düzgün və anlayışla qarşılamalı və ehtiyatı əldən verməməlidir. Karantin rejimi hazırda davam edir və bizim hər birimizin borcudur ki, özümüzün, doğmalarımızın və soydaşlarımızın sağlamlığını qorumaq naminə həmrəylik göstərək və qaydalara əmək edək. Dünya ölkələrinin bir çoxunun təcrübəsi göstərir ki, yumşalma dövründə məsuliyyətsiz davranışlar xəstəliyin kütləvi şəkildə artmasına səbəb olmaqla "ikinci dalğa"nın meydana gəlməsinə gətirib çıxara bilər.

-Bir deputat olaraq vətəndaşlara hansı tövsiyələr edərdiniz. Yenidən virusa yoluxma sayının artmaması üçün hansı addımları atmalıyıq?
 

-Düşünürəm ki, vətəndaşlarımız artıq atılacaq addımlar barədə kifayət qədər məlumatlı və təcrübəlidirlər. İstər mətbuatda, istərsə də digər kütləvi informasiya vasitələrində bu barədə uzunmüddətli və davamlı təbliğat işləri aparılıb.
Bununla belə, yenidən kütləvi artımın baş verməməsi və pandemiyanın daha tez aradan qalxması üçün vətəndaşlarımızı bir daha həmrəylik göstərməyə və qaydalara əməl etməyən şəxslərə nümunə olmağa çağırıram. Biz hər birimiz ilk növbədə fərd olaraq öz məsuliyyətimizi hiss etməli və göstərməliyik. Bu, çox önəmlidir, çünki belə olduqda bizim məsuliyyətimiz digər şəxslərə də sirayət etmiş olur ki, bu da son nəticədə ümumilikdə sosial məsuliyyətin genişlənməsinə gətirib çıxarır. Qeyd oluananları nəzərə alaraq, qaydalara əməl edən vətəndaşlarımıza xüsusilə təşəkkürümü bildirirəm.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31