Azərbaycanın milli maraqlarına təsir edən istənilən məsələ dövlət başçısının nəzarətindədir

MVP rəsmisi: "Rusiyadan işğalçı ölkəyə hərbi təyinatlı yüklərin daşınması Moskvanın vasitəçilik missiyasına da ziddir"

"Azərbaycan region, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməklə yanaşı, onun da maraqlarının nəzərə alınmasını, ikitərəfli münasibətlərə qarşı tərəfdən  kölgə salına biləcək addımların atılmamasını istəyir və bu mövqeyini hər zaman ifadə edir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı da bu prinsipial mövqeni aydın şəkildə gördük"

Bu fikirləri Milli Vəhdət Partiyasının (MVP) sədr müavini Süleyman İsmayılbəyli İlham Əliyevlə Vladimir Putin arasında baş tutan son telefon danışıqlarını şərh edərkən səsləndirib. MVP rəsmisi deyib ki, telefon danışığı zamanı dövlət başçısı haqlı olaraq Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfinin narahatçılığını Putinin diqqətinə çatdırıb: "Məlum olduğu kimi telefon danışığı zamanı Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb".

Telefon danışığı zamanı Azərbaycan dövlət başçısı tərəfindən o da diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olub".

MVP rəsmisi qeyd edib ki, iki ölkə prezidentləri arasında gedən telefon danışığı zamanı     Bakı ilə Moskva arasında münasibətlərin inkişafı, onun gələcək perspektivləri və digər məsələlər müzakirə edilsə də, lakin telefon zənginin əsas məqsədi məhz Ermənistana hərbi təyinatlı yüklərin daşlnması ilə bağlı məsələnin aydınlaşdırılması olub: "Göründüyü kimi Azərbaycanın dövlət başçısı İlham Əliyev üçün milli maraqlar, ölkəmizin maraqlarının qorunması hər zaman prioritet təşkil edir. Azərbaycanın milli maraqlarına təsir edən istənilən məsələ dövlət başçısının nəzarətindədir. Hansı dövlətin, qüvvənin milli maraqlarımıza zidd addım atması, qarşılıqlı münasibətlərə xələl gətirmək cəhdi önəm kəsb etmir. Və rəsmi Bakı belə hallara qarşı dərhal öz etirazını ifadə edir. Onu da qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində dövlət sərhədini pozmaq cəhdi ərəfəsində Serbiyanın da anoloji addım atdığı barədə xəbərlər yayılmışdı və bu ölkədən Ermənistana hərbi texnikanın satıldığı bildirilirdi. Eyni ilə Serbiyanın da atmış olduğu bu addım Azərbaycanda ciddi narazılıq yaratdı və rəsmi səviyyələrdə buna etiraz ifadə edildi. Nəticə etibarilə Serbiya prezidenti dövlət başçısı İlham Əliyevə səng edərək yayılan məlumatların araşdırılacağını ifadə etdi. Məhz həmin telefon danışığının nəticəsi olaraq adıçəkilən ölkədən bir qrup nümayəndə heyəti silah məsələsini araşdırmaq üçün Azərbaycana səfər etdi. Bu fakt da bir daha onu deməyə əsas verir ki, Azərbaycanın milli maraqları dövlət başçısı üçün hər şeydən üstündür və milli maraqlarımıza zərbə vurma cəhdi müşahidə etdiyimizdə onun hansı ölkə, böyük və ya kiçik dövlət olduğu nəzərə alınmır. Azərbaycan dövlət başçısının ötən gün rusiyalı həmkarı ilə telefon danışığı zamanı Ermənistana hərbi təyinatlı yüklərin daşınması məsələsinə etiraz ifadə etməsi də deyilənlərin əyani sübutudur"

Süleyman İsmayılbəyli Rusiyadan işğalçı ölkəyə hərbi təyinatlı yüklərin daşınmasının Moskvanın vasitəçilik missiyasına da zidd olduğu qənaətindədir. MVP rəsmisi hesab edir ki, Rusiya  Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olduğu üçün balansı qorumalı, işğalçı ölkəyə hərbi dəstək göstərməməlidir: "Əks təqdirdə bu Rusiyanın vasitəçilik missiyasına kölgə salmış olur. Belə olan halda biz heç bir halda Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllində ədalətli davranış ortaya qoyacağına ümid bəsləyə bilmərik. Rusiyanın Ermənistanı silahlandırmasını davam etməsi  açıq-aşkar həmsədr ölkələrdən birinin işğalçı ölkəyə  dəstəyi anlamını verir.  İşğalçı ölkənin silahlandırılması isə öz növbəsində  münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir.  Əksinə Ermənistanın aqressiv, təcavüzkar siyasətinin davam etməsinə yol açır. Ən son Tovuz hadisələri fonunda bunu aydın gördük ki, Ermənistanın beynəlxalq birlik, münaqişənin həlli ilə məşğul olan Minsk Qrupu tərəfindən cəzalandırılmaması Yerevanın öz işğalçılıq siyasətini davam etdirməsinə şərait yaradır".

Partiya rəsmisi sonda onu da qeyd edib ki, Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınması bird aha onu deməyə əsas verir ki,  ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir: "Əksinə həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalıdır. Hesab edirəm ki, indiki məqamda qardaş Türkiyənin ATƏT Minsk Qrupunda təmsilçiliyinə şərait yaradılmalıdır. Türkiyə həmsədr ölkə qismində  prosesə cəlb edilməlidir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31