Türkiyənin regionda aktivliyi Azərbaycanın təhlükəsizliyinin təminatı deməkdir
13 Avqust 2020 13:18 SiyasətMəhəmməd Əsədullazadə: "Ölkəmizin işğal olunmuş ərazilərin azad edilməsi üçün aparacağı hərbi əməliyyatlarda Ankara faktoru üçüncü ölkənin təzyiqlərinin qarşısının alınmasında mühüm amildir"
Artıq bir neçə aydır ki, strateji tərəfdaşlıq, dostluq-qardaşlıq münasibətləri baxımından yeni bir mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə əməkdaşlığı regionda yeni situasiyanın formalaşmasına gətirib çıxarıb. Xüsusilə Ermənistanın Tovuz istiqamətində dövlət sərhədini pozmaq cəhdindən sonra Ankara ilə Bakı arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi həm işğalçı Ermənistan, həm də onun havadarlarında ciddi narahatçılıq yaradıb. Ötən günlərdə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi, Azərbaycanın yüksək səviyyəli rəsmiləri, xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovun qardaş ölkəyə səfəri və orada keçirilən yüksək səviyyəli görüşlər, eləcə də ötən gün Türkiyənin müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə qardaş ölkənin yüksək rütbəli hərbi rəsmilərinin Azərbaycana səfəri antiAzərbaycan və antiTürkiyə dairələrinin yuxusuna haram qatıb. İndi həm Ermənistan, həm də onun havadarları hesab edirlər ki, Türkiyənin yüksək rütbəli hərbi rəsmilərinin Azərbaycana səfəri qısa zamanda Dağlıq Qarabağda antiterror əməliyyatlarının başlaması və işğal altında olan Azərbaycan əraziərinin erməni işğalçılarından təmizlənməsi ilə nəticələnə bilər. Təbii ki, bu olayın baş verməsi kifayət qədər real görünür və bu reallıq istər-istəməz şimal qonşumuz Rusiya üçün də müəyyən mənada narahatçılıq yaradır.
Baş verən proseslərə diqqət çəkən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandemi Rusiya-Ermənistan müttəfiqliyini sual altına qoyacaq. Onun sözlərinə görə, artıq Ermənistanda Türkiyənin Azərbaycana hərbi dəstəyindən dolayı ciddi narahatlıq yaşanır: "İşğalçı ölkədə Rusiyanın mümkün Qarabağ məsələsində Ermənistanı dəstəkləməyəcəyi fikirləri hakimdir. Bunu da Nikol Paşinyanın antiRusiya siyasətində görürlər. Bakı-Ankara müttəfiqliyi Yerevan-Moskva əlaqələrində ciddi konfrontrasiya ilə yanaşı, Ermənistanda daxili siyasi vəziyyətin böhrana yuvarlanmasına gətirəcək. Rusiyaya bağlı olan Qarabağ klanı Ermənistanın təhlükəsizliyini qabardıb, Paşinyana qarşı kampaniya apra bilərlər. Bu da ölkədə daxili siyasi vəziyyəti mürəkkəbləşdirəcək. Amma, Rusiyanın tezliklə Ermənistandan çıxacağı yaxın perspektivdə mümkün görünmür".
Politoloq qeyd edib ki, Azərbaycanın Türkiyə ilə əməkdaşlığını inkişaf etdirməsi, əsasən öz torpaqlarının işğaldan azad edilməsinə hesablansa da, son illərdə Rusiyanın qonşularına qarşı arta biləcək müəyyən təzyiqlərindən sığortalanmaqdır: "Həmçinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə geostrateji yerdəyişmələr gedir və burada nüfuz toqquşmasında Ankara daha da irəli çıxıb, mövqelərini gücləndirir. Azərbaycan da Ankaranın region siyasətində onun yanındadır. Rəsmi Bakının kardinal şəkildə Türkiyə ilə hərbi əlaqələrini inkişaf etdirməsi, hərbi müttəfiqlik müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Azərbayacan Müdafiə nazirinin Türkiyəyə səfəri, ardınca Türkiyənin Müdafiə naziri və Baş Qərargahın rəsinin hərbi heyətlə ölkəmizə səfəri ciddi geopoltik bir platformanın qurulmasına hesablanıb. Türkiyə ilə Azərbaycan arasında ikinci hərbi təlimlər başlayacaq və bu təlimlərin növbəti mərhələdə davam etdirilməsi üçün Türk ordusunun Azərbaycanda qalması üçün ilkin razılaşma əldə oluna bilər".
Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik müqaviləsi bağlanarsa, Xəzər dənizində birgə təlimlərin keçirilməsi də reallaşa bilər: "Bu, həmçinin Xəzər regionunda enerji daşıyıcılarının Qərbə istiqamətlənməsində baryeri aradan qaldıra bilər. Xüsusilə Türkmənistan qazının Azərbaycan üzərindən daşınması üçün dənizin dibi ilə çəkilməsi nəzərdə tutaln "TransXəzər" qaz boru kəmərinin çəkilməsində iştirak edə bilər. Ümumiyyətlə Türkiyənin regonda aktivliyi Azərbaycanın təhlükəsizliyinin təminatı deməkdir".
Politoloq bildirib ki, ölkəmizin işğal olunmuş ərazilərin azad edilməsi üçün aparacağı hərbi əməliyyatlarda Ankara faktoru üçüncü ölkənin təzyiqlərinin qarşısının alınmasında mühüm amildir: "Türkiyə ilə Azərbaycan arasında hərbi müqavilələrin bağlanamsı, əsasən NATO ilə razılaşdırılıb. Qərb də Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada mövqeyinin güclənməsində maraqlıdır. Xüsusilə ABŞ, bu istiqamətdə Türkiyəyə dəstək verəcək. Bu Azərbaycan üçün də strateji önəm daşıyır. Rusiyanın mövqeyinə gəldikdə isə, Türkiyə Suriya, Liviyada Rusiya ilə necə davranırsa, Cənubi Qafqazda da elə davranacaq".
S.İsmayılbəyli