Qardaşlıq nümayişi-düşmənə göz dağı- RƏYLƏR

Fatma Yıldırım: "Tezliklə türk soyu yenə gücünü göstərəcək və Qarabağ azad ediləcək"

Əlisahib Hüseynov:"  Bizim gücümüz həqiqətən də birliyimizə söykənir"

Son aylar Azərbaycan-Türkiyə münasibətlərində daha da yaxınlaşma, strateji bağların, dostluq-qardaşlıq münasibətlərinin dərinləşməsi kimi müsbət tendensiya müşahidə edirik. Azərbaycanda iki ölkənin hərbiçilərinin iştirakı ilə keçirilən təlimlər, yüksək səviyyəli hərbi rəsmilərin qarşılıqlı səfərləri Bakı və Ankaranı sevən, istəyənləri məmnun etməklə yanaşı, onun düşmənlərini narahata edib, ciddi şəkildə əndişələndirib. Xüsusilə, işğalçı Ermənistan bu günlər Türkiyə-Azərbaycan hərbi təlimləri və qardaş ölkə rəsmilərinin Qarabağla əlaqədar verdikləri bəyanatlardan ciddi təşviş keçirir.

Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətlərinə diqqət çəkən Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, tarix Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının ən gözəl nümunələrinə dəfələrlə şahidlik edib. Onun sözlərinə görə, "Bir millət, iki dövlət" fəlsəfəsini özündə əks etdirən parlaq səhifələr xalqlarımızın birliyi və həmrəyliyi kontekstində də tarixin silinməz yaddaşına əbədi həkk olunub: "XX əsrin əvvəlində Azərbaycanın mərd oğullarının Çanaqqala savaşında göstərdikləri qəhrəmanlıq, 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri ilə birlikdə Bakını işğaldan azad etməsi, Naxçıvanda ermənilərin törətdikləri qətliamlara Kazım Qarabəkir paşanın rəhbərliyi ilə son qoyulması qürurla yad etdiyimiz inkaredilməz tarixi reallıqlar olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu göstərən unudulmaz məqamlardır. Hələ keçən əsrin əvvəllərində xalqımızın Türk ordusuna olan sevgisi ilə bağlı nənəmin mənə danışdıqları xatirimdədir. O vaxt Malbəyli kəndi yandırılan zaman insanlar səbrsizliklə türk ordusunun gəlməyini gözləyirdilər. Bunun üçün dualar edirdilər". Deputat qeyd edib ki, bu gün də Ümummilli Liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" və Mustafa Kamal Atatürkün "Sevincimiz də, kədərimiz də birdir" kəlamları dövlətlərimiz arasındakı münasibətlərinin mahiyyətini dərindən təsvir və izah edir: "Dostluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin inkişafında, heç şübhəsiz, ən mühüm amillərdən biri iki ölkə prezidentlərinin - cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın səmimi şəxsi dostluq və qardaşlıq münasibətləridir. Liderlərin ali siyasi iradəsinin real nəticəsi kimi, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. İki dost və qardaş ölkə daim bir-birinin yanındadır. 2014-cü ildə Türkiyənin təmsil olunmadığı Praqa sammitində Ermənistan prezidenti Serj Sarkisyanın fürsətdən istifadə edərək Türkiyə haqqında tənqidi fikirlər səsləndirməsinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Türkiyədən nümayəndə yoxdur, amma mən burdayam" cavabı əlbəttə ki, bizim münasibətlərin hansı səviyyədə olduğunun sübutudur. Məhz Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətməsi nəticəsində baş verən hadisələrin fonunda Türkiyənin qətiyyətli mövqeyi və dəstəyi də bunu bir daha dünyaya göstərdi. Üstəlik, Türkiyə hərbçilərinin ölkəmizə gəlişi, birgə genişmiqyaslı təlimlərin keçirilməsi iki dövlət arasında sıx mütəffiqlik münasibətlərinin daha bir təzahürüdür. Bu qardaşlıq nümayişi mənfur qonşularımıza bir göz dağı oldu. Qoy düşmən dönüb tarixə baxsın, görsünki onların əməlləri, törətdikləri haqsızlıqlar, tökdükləri qan heç vaxt yerdə qalmır. Tezliklə türk soyu yenə gücünü göstərəcək və Qarabağ azad ediləcək".

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov isə Türkiyə-Azərbaycan münasibətlərində əsas diqqəti hər iki ölkənin yüksək rütbəli rəsmilərinin qarşılıqlı səfərlərinə yönəldib. Partiya sədri deyib ki, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun xaricə ilk rəsmi səfərinə məhz Türkiyə Respublikasından başlaması tamamilə təbii və gözlənilən idi: "Bu iki qardaş ölkə arasında yazılmamış diplomatik-siyasi qaydalardan, normalardan biridir. Türkiyə və Azərbaycan rəhbərlərinin, XİN başçılarının ilk rəsmi səfərlərini bir qayda olaraq Bakı və Ankaradan başlamaları bu iki ölkənin bir-birinə nə dərəcədə yüksək dəyər, öncəlik verməsinin təzahürüdür. Bildiyimiz kimi XİN rəhbərlərinin bu görüşündə iki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edilib. Azərbaycanla Türkiyə bundan sonra da əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməkdə maraqlıdır. Türkiyənin Azərbaycana həm siyasi, həm də hərbi müstəvidə dəstəyi bundan sonra daha da genişlənəcək. Nazir Ceyhun Bayramovun Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi xüsusi olaraq qeyd etməsi tam yerinə düşdü".

Əlisahib Hüseynov bildirib ki, görüşdən sonra keçirilən mətbuat üçün brifinqdə çıxışı zamanı Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupu həmsədrlərini fəaliyyətsizlikdə tənqid etməsi bu görüşün əsas məqamlarından biri oldu: "Nazir bildirdi ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər". Bu haqlı iraddır. Minsk qrupu "status-kvo"nun davam etməsində Ermənistana yardımçı olmaq mövqeyindən əl çəkməlidir. Əks halda, Azərbaycan həmsədrlik institutunun səmərəsiz xidmətindən, vasitəçiliyindən imtina edə və ya onun tərkibinin yenilənməsi təşəbbüsü ilə çıxış edə bilər. Rəsmi Bakı Türkiyənin də həmsədr olmasında maraqlıdır. Türkiyə həmsədr olarsa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi dərhal "dalan" vəziyyətindən çıxacaq və proseslərin dinamikası artacaq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı formatının dəyişdirilməsi və Türkiyənin dövrəyə daxil olması digər həmsədr ölkələrin də Qarabağ məsələsinə münasibətinin kökündən dəyişməsinə təkan verəcək. Mövlud Çavuşoğlu bu mövqeyi ilə demək istəyirdi ki, Qarabağla bağlı səmərəsiz və nəticəsiz danışıqlar dövrü artıq bitmiş sayılır. Bundan sonra sözdən işə keçmək lazımdır. Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə görüşdə "bizim birliyimiz əbədidir" ifadəsini səsləndirməsi isə bu iki ölkənin hər zaman bütün məsələlərdə bir-birinin haqq işini dəstəkləyəcəklərinin təsdiqi və zəmanəti idi. Bizim gücümüz həqiqətən də birliyimizə söykənir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31