“ERMƏNİSTANIN TƏSLİM AKTI”NA SÖZARDI
13 Avqust 2020 09:13 SiyasətƏkbər QOŞALI
Xüsusi olaraq Olaylar.az saytı üçün
Ötən həftə Ermənistan-Azərbaycan elanolunmamış müharibəsi üzrə bir "AKT" layihəsi hazırlaylıb, paylaşdım. İlk növbədə, olumlu reaksiya verən hər kəsə təşəkkür edirəm. Təqdir edənlərlə yanaşı, bir əlin barmaqlarından da az sayda olsa belə, sosial şəbəkədə idiotcasına rəy yazanlara da rast gəldim; bir qəsbkar erməninin keçirməli olduğu rahatsızlığa yaxın rahatsız tavrlı "azərbaycanlı"ların (bir əlin barmaqlarından az sayda olsa belə), mövcudluğu xoş deyil, təəccüb doğurur. - Əlbəttə, hamını razı salacaq bir yazı yazmaq istəyində olmamışam - daha doğrusu, belə bir imkanım varmı? - bilmirəm. Mən doğru bildiyimi yazmışam; ariflər yazılanın mahiyyətini bilir; Yunus Əmrə demiş: "Bilməyən nə bilsin bizi? Bilənlərə salam olsun"!
Bir daha o fikri təkrarlamaq istərdim ki nə vaxtsa, elanolunmamış müharibə son bulacaq, hansısa sənəd(lər) imzalanacaq. Əlbəttə, biz, imzalanacaq sənədin, tərtib ediləcək aktın ədalətli sülhü təmin etməsini, bölgəyə istiqrar, dayanıqlı təhlükəsizlik, qoruna bilən asayiş gətirməsini və bir an öncə baş tutmasını arzu və təmənna edirik.
Ermənistan öz işğalçılıq siyasətindən, terrorçu xislətindən və hiyləgərlik kursundan əl çəkmir, bununla da, hadisələrin gedişini qeyri-müəyyən vaxtadək uzatmaq, öz ağıllarınca ən maksimum nəticəyə nail olmaq istəyir. Ermənistanın Azərbaycan torpaqlarını işğalı, törətdiyi qanlı əməllər, hərbi cinayətlər qarşılığında, yekunda imzalanacaq sənəd, əslində, necə olmalıdır? Əlbəttə, düşmənin əlinə qələm alıb, bizim diqtə edəcəyimiz sənədi imzalamağa vadar olması üçün biz ciddi hərbi irəliləyişləri təmin etməliyik. Edərik də, inşallah!
Mən bir Azərbaycan vətəndaşı olaraq, hesab edirəm, Ermənistanın haqq etdiyi "Akt"ın məzmunu ən azı bu şəkildə hazırlanınca haqq öz yerini bulmuş olacaq. İndi sizlərə təqdim etdiyim bu layihə bir öncəki sənəd layihəsinin təkmil variantıdır.
Düşmən tərəf, düşmənin havadarları tez-tez qarşılıqlı güzəştlərdən danışır - sizə deyim, əslində, bu "Akt"ın layihəsi belə müəyyən güzəştləri ehtiva edir, Ermənistan bundan da ağır sənədə imza atsa, tarix, insanlıq, gələcək nəsillər, tərəqqipərvər bəşəriyyət bundan heç nə itirməzdi. - Güzəşt odur ki, biz, bizim torpaqlarda qurulmuş, birgəyaşayış qaydalarına uymayan etibarsız Ermənistan Respublikasını tərəf müqabili sayıb, onunla hansısa sənədə imza atırıq - Ermənistanın bir dövlət olaraq tarix səhnəsindən çəkilməsini imzalamırıq. - Bəli, tarix səhnəsindən silinməyi artıqlaması ilə haqq etmiş bir dövlət, özünün buraxılmasına imza et(diril)mirsə, bunu qazanc saymalı, güzəşt kimi qəbullanmalıdır. Bu məzmundan hər hansı ixtisar, Ermənistan tərəfinə sərf edən kiçik düzəliş və ya əlavə olarsa, düşmən bunu da əlavə güzəşt və azərbaycanlı lütfü kimi yüksək sayğı ilə qarşılamalıdır.
Ola bilər, kimlərsə, məni xəyalpərvər sansın, kimlərsə, beynəlxalq konyukturanı bilməməkdə suçlasın, daha kimlərsə, həvəskar adlandırsın - belə yoldaşlara cansağlığı diləyirəm - qoy, onlar daha ölçülü-biçili sənəd layihəsi ilə çıxış etsin; amma qoca tarix necə olmazları olar edib, nə mümknüsüzlər mümkün olub... Gün doğmadan nələr doğar... Tanrı yar olsun!
Beləliklə, mənim təsəvvürümdəki sənəd layihəsini təqdim edirəm:
Ermənistan Respublikası Silahlı Qüvvələrinin
qeyd-şərtsiz təslim olması haqqında
AKT
Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı elanolunmamış müharibə etmişdir. Bu müharibə, sovet vaxtı - gizli hazırlıqlar içində sürdürülmüş, 1988-ci ildə açıq müstəviyə keçirilmiş, hər iki respublika dövlət müstəqilliyini elan etdikdən sonra bilavasitə başlamış - aktiv fazaya keçmişdir. Sonrakı illərdə bir çox qanlı hadisələrlə müşayiət olunmuş, 1994-cü ildə "Atəşkəs" haqqında "Bişkek Razılaşması" imzalansa da, arakəsmələrlə davam etmiş və Azərbaycanın uzun illər boyu sülpərvər, dözümlü davranışlarına baxmayaraq, ən müxtəlif səviyyələrdə aparılmış danışıqlar bəhrə verməmişdir. Danışıqlar Ermənistan Respublikasının təqsiri üzündən ədalətli sülhə gətirib çıxarmamışdır.
Biz, Ermənistanın Respublikssının və Azərbaycan Respublikasının Ali Baş Komandanlıqları adından çıxış edən yetkili nümayəndələr, bu, elanolunmamış müharibə üzrə mövcud AKTı aşağıdakı müddəalar üzrə imzalayırıq:
1. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı adından çıxış edən erməni tərəfi, Azərbaycan Respublikasının hüdudları daxilində - quruda və havada olan silahlı qüvvələrinə aid bütün şəxsi heyətin, onların sərəncamında olan hərbi texnikanın, bütün çapdan (növdən) olan silahların Azərbaycan Silahlı Qüvvələrinə qeyd-şərtsiz təslim edilməsinə razıdır.
2. Ermənistan Respublikası Ali Baş Komandanlığı quru və hava qüvvələrinin bütün komandirlərinə (komandanlıq altında olan bütün qüvvələrə) "___" _____ 2020-ci il tarixində, saat 18.00-dan hərbi əməliyyatları dayandırmaq barədə əmrlər verəcək. Onlar göstərilən tarix və saatdan etibarən Azərbaycan Respublikası hüdudları içindəki bütün silahlarını, hərbi obyektləri (bütün hərbi-texniki vasitələri) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yetkili nümayəndələrinə təhvil verərək, hərbi texnikalara (o cümlədən uçaq, helikopter, tank, artilleriya qurğuları, PUA və d.-nin mühərriklərinə, gövdələrinə, avadanlıqlarına, habelə hərbi məqsədlərçün istifadə edilən zirehsiz maşınlara, silahlara, aparatlara, cihazlara) heç bir zərər vurmamaq, korlamamaq şərti ilə təhvil verməyi öhdəsinə götürür.
3. Ermənistan silahlı qüvvələri dünya birliyinin tanıdığı Azərbaycan-Ermənistan dövlət sərhəddindən Ermənistan Respublikası ərazisinin 20 km.-dək dərinliklərində hərbi qüvvələr, hərbi texnika saxlamamağı, həmin zolaqda yalnız ictimai asayişin təmini üçün (yüngül silahlanmış) polis qüvvələrinin mövcudluğuna razıdır. - Bununçün dərhal yetkili komandirlər təyin edərək, yerdəyişmələri təmin edəcək (maksimum 1 ayı keçməmək şərti ilə).
4. Bu Akt, Ermənistan Silahlı Qüvvələrinin təslim edilməsi ilə bağlı, gələcəkdə BMT tərəfindən (və ya onun mandatı ilə hazırlanan) başqa bir ümumi sənədlə əvəz edilməsi halında da, əsas rolunu oynayacaq. - Ermənistan tərəfi yeni sənədin, sərhədlərin toxunulmazlığını, dövlətlərin suverenliyini ifadə edən və ədalətli sülhə xidmət edən sənəd olması üçün bütün imkanlarla çalışacağına söz verir, beynəlxalq erməni diaspor və lobbi güclərinin hər hansı pozuculuq hərəkətlərində iştirak etməyəcəyinə, onları belə hərəkətlərdən çəkindirəcəyinə dair öhdəliyini etiraf edir.
5. Ermənistan tərəfi üzərinə götürür ki Azərbaycan Respublikasına elanolunmamış müharibə açdığı və Azərbaycan torpaqlarının bir hissəsini işğal altında tutduğu illər üzrə dəymiş maddi və mənəvi ziyanın qarşılınmasını öz hökuməti qarşısında qəti şəkildə qaldıracaq və neytral qiymətləndiricilərin də daxil olduğu, Azərbaycan tərəfinin yaradacağı xüsusi komissiyanın müəyyənləşdirdiyi miqdarda təzminat ödənilməsini təmin edəcək.
6. Ermənistan tərəfi işğal illəri ərzində Azərbaycan torpaqlarına köçürülmüş ermənilərin adlı siyahısını mümkün olan ən qısa zaman içində (max. 25 günü aşmamaq şərti ilə) Azərbaycanın yetkili şəxslərinə təhvil verəcək.
7. Ermənistan tərəfi etiraf edir ki, onilliklər boyu Ermənistan ərazisində və işğal altında tutulmuş Azərbaycan torpaqlaırnda bir çox toponimlər dəyişdirilmişdir və mümkün olan ən qısa zaman içində (maksimum 2 ayı keçməmək şərti ilə) toponimlərin bərpasını Ermənistan hüdudları içində təmin edəcək, Azərbaycan hüdudları içində Azərbaycan Respublikası yetkili orqanlarının qəbul edəcəyi qərarları qəbullanaraq, bundan sonra müvafiq yerlərin adını məhz bərpaedilmiş yaxud Azərbaycan tərəfindən verilmiş yeni adlarla tanıyacaq.
8. Ermənistan tərəfi öz üzərinə götürür ki, Xocalı soyqırımını, Qaradağlı, Ağdaban və digər soyqırım aktlarını, hərbi cinayətləri törədənləri, o cümlədən əsirlərə, girovlara işgəncə verənləri- yaşayan iştirakçıları bilavasitə, ölmüş cinayətkarların isə adlı siyahısını Azərbaycan tərəfə təhvil verəcək və müvafiq məhkəmə qərarlarının çıxarılmasına maraq göstərəcək, zəruri materiallar, şahid ifadələri üçün imkanlarını əsirgəməyəcək.
9. Ermənistan Silahlı Qüvvələri Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycana qarşı törədilmiş bütün hərbi cinayətlərə görə Azərbaycan dövlətindən və xalqından üzr istəyir və söz verir ki, İrəvanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmasını təmin edəcək.
Ermənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı Ermənistan Respublikası ərazisində Xocalı soyqırımını inkar etmənin suç sayılması barəsində Qanun qəbulu üçün bütün imkanlardan istifadə edəcək.
Ermənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı söz verir ki qondarma "erməni soyqırımı" abidəsini ziyarətin dövlət protokolundan çıxarılmasını təmin edəcək və həm bu abidənin, həm də Azərbaycan Respublikasının etirazına səbəb olan digər abidələrin sökülməsini qarşıdakı 6 ay içində təmin edəcək.
10. Ermənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı öz üzərinə götürür ki Azərbaycanlı əsir və girovların mümkün adlı siyahısının dəqiqləşdirilməsində zəruri dəstəyi verəcək - hələ sağ olanların dərhal təhvil verilməsini, öldürülmüş, həlak olmuş əsir və girovların dəfn yerlərini göstərməyi təmin edəcək.
11. Ermənistan tərəfi, Ermənistan Respublikası ərazisindəki bütün təhsil müəssisələrində, dərslik proqramlarında, Azərbaycanla bağlı təhrif olunmuş, saxta məlumatların yayılmasının, öyrənilməsinin, öyrədilməsinin məqsəduyğun olmadığını qəbul edir və bu istiqamətdə Azərbaycan tərəfini təmin edən şəkildə davranacaq; o cümlədən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı tarixi həqiqətlərin öz dərsliklərində olduğu kimi əks etdirilməsini təmin edəcək.
12. Tərəflər razılaşır ki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpa edilib-edilməməsi Azərbaycan Respublikasının müstəsna hüququdur və status mövzusunda Ermənistan Respublikası tərəfindən hər hansı iddia, təhrikedici, qızışdırıcı, beynəlxalq ictimaiyyəti çaşdırıcı addımlar atılmayacaq. Azərbaycan Respublikası bu məsələyə yalnız Ermənistan Respublikasının Göyçə, Zəngəzur, İrəvan və digər tarixi Azərbaycan torpaqlarından zor, qorxu və hədə ilə didərgin salınmış azərbaycanlılar üçün də eyni muxtariyyət təsis ediləcəyi təqdirdə baxa bilər. Azərbaycan tərəfi həmin müxtariyyətin mərkəzi kimi Basarkeçər (Vardenis) şəhərini nəzərdə tutur.
13. Ermənistan tərəfi qəbul edir ki, 1918-ci ildə İrəvan şəhəri tarixdəki ilk erməni dövlətinə paytaxt olaraq güzəşt edilərkən, öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Ermənistan Respublikası tarixi öhdəliyini bir daha təzələyərək, heç bir zaman, heç kəsin təhriki və heç bir şərt daxilində Azərbaycan Respublikasına torpaq iddiasında bulunmayacağını bəyan edir. Bu öhdəlik, Azərbaycan Respublikasının vətəndaşı olan erməniləri separatçılığa həvəsləndirməməyi, bununla bağlı hər hansı forma və məzmunda ziyanlı dəstək göstərməməyi də ehtiva edir.
14. Ermənistan tərəfi qəbul edir ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının, digər Azərbaycan əraziləri ilə birbaşa quru əlaqəsinin kəsilməsi tarixi ədalətsizlikdir, Naxçıvanın dinc əhalisi uzun illərdir bundan əziyyət çəkir. Ermənistan Ali Baş Komandanlığı materik Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasını öhdəsinə götürür.
Azərbaycana tam hüquq tanınan dəhlizin eni, relyefə uyğun 150-250 m. təşkil edəcək.
Tərəflər razılaşır ki, Azərbaycanın ərazisi sayılacaq dəhliz yalnız Ermənistan Respublikası ilə İran İslam Respublikasını birləşdirən magistralın kəsişməsində (yalnız bir kəsişmədən söhbət gedir) neytral ərazi sayılacaq. Kəsişmə yerində hərəkətin davamlılığnı təmin etməkçün Azərbaycan tərəfi xoşməram nümayiş etdirərək, öz dəhlizinin körpü vasitəsi ilə davamına etiraz etmir. Kəsişmə yerinin genişliyi eninə-uzununa 200-250 m. ərazini aşmayacaq.
Əgər Azərbaycanın sərəncamında olacaq dəhlizin keçdiyi yerdə mülki yaşayış evləri, fərdi təsərrüfatlar varsa, onların köçürülməsi xərcləri Azərbaycana ödəniləcək təzminatdan çıxılacaq, ərazidəki dövlət (o cümlədən hərbi) obyektlərinin köçürülməsi Ermənistan Respublikasının daxili imkanları hesabına təmin ediləcək.
15. Ermənistan Silahlı Qüvvələri Azərbaycan hüdudları içində erməni hərbçilərinin basdırdığı və hələ müəyyənləşdirilməmiş minaların yerini dəqiq demək və minaları Ermənistan hərbçiləri tərəfindən (Azərbaycan hərbçilərinin nəzarəti ilə) mümkün olan ən qısa vaxt içində (maksimum 15 günü keçməmək şərti ilə) təmizləməyi öhdəsinə götürür.
16. Ermənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının və ya onun rəhbərliyindəki hər hansı bir hərbi qüvvənin bu Təslim Aktına uyğun hərəkət etmədiyi təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələri cəza tədbirləri görəcək və ya digər zəruri hesab etdiyi addımları atacaq.
17. Bu Akt Azərbaycan, erməni, ingilis, fransız və rus dillərində tərtib edilmişdir. (Yalnız Azərbaycan, erməni və ingilis dilində olan mətnlər orijinaldır).
AKT "____" ________ 2020-ci ildə Şuşada, Topxanada imzalanıb.
Ermənistan Respublikası Silahlı Qüvvələri adından: ______________________
Azərbaycan Respublikası Silahlı Qüvvələri adından: ___________________
İmzalanma zamanı
Türkiyə, ABŞ, Rusiya, Fransa, Pakistan, Almaniya və Ukraynanın Azərbaycandakı hərbi atteşeləri şahid qismində iştirak etmişdir
(İmzalar).