"Qarabağ"a qayıdış ictimai-siyasi hadisədir
11 Avqust 2020 09:27 Siyasət"Avqustun 10-da Prezident Ilham Əliyev Bakı dərin özüllər zavodunda "Qarabağ yatağının dayaq blokunun dənizə yola salınması mərasimində Azərbaycan televiziyasına verdiyi müsahibə geniş ictimai marağa səbəb olmuşdur". Yurddaş Partiyasının sədri Mayis Səfərli "Olaylar" a bildirib ki, əvvəla, bu nəhəng qurğunun məhz yerli mütəxəssislər tərəfindən hazırlandığını qeyd edən dövlət başçısı bildirdi ki, belə mürəkkəb konstruksiyaya malik blokları hazırlamaq heç də asan məsələ deyil. Əvvəllər onlar xaricdən dəvət edilmiş mütəxəssislər tərəfindən inşa edilər və quraşdırılardı. Sevindirici haldır ki, bu gün yerli mütəxəssislərimiz özləri bu işin öhdəsindən bacarıqla gəlirlər. Ümumiyyətlə, neft sənayesinin inkişafı bizdə bir çox yeni fəaliyyət sahələrinin və peşələrin yaranmasına, inkişafına təkan vermişdir. Bildiyiniz kimi, Azərbaycan neftçiləri keçən əsrin 90-cı illərinin əvvəllərində "Qarabağ" yatağını tərk etmişdilər. Səbəb xarici mütəxəssislərin yatağın potensialını düzgün dəyərləndiməməsi olmuşdur. Milli mütəxəssislərimizin apardığı tədqiqatlar neftçilətimizin yenidən oraya dönməsini şərtləndirmişdir. "Qarabağa" qayıdış təkcə iqtisadi hadisə deyil. Bu, ölkəmiz üçün həm də önəmli ictimai, hətta, siyasi hadisədir. Belə ki, yatağın bölgələrinin əhəmiyyətli hissəsi düşmən işğalında olan Qarabağımızın adını daşıyır. Ilham Əliyevin "Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtı ilə tərk edilmiş "Qsrabağ" yatağına qayıdırıq, eyni qaydada da doğma Qarabağ torpaqlarımıza da qayıdacağıq."- deməsi ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaratmışdır. Vətəndaşlarımız səbirsizliklə o günü gözləyir. Əsgərimiz barmağı tətikdə hücum əmrini yerinə yetirməyə hazırdır: "Bəli, heç kəsə sirr deyil ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün var gücü ilə çalışır, bütün istiqamətlərdə hazırlıqlarını görür. Neft - qaz hasilatının artırılması,yeni yataqların kəşfi,mövcud qaynaqların səmərəliliyinin yüksəldilməsi,karbohidrat ehtiyatlarımızın dünya bazarına çıxarılması marşrutlarının diversifikasiyası ölkəmizin güclənməsinə, vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına, Ordumuzun qüdrətinin artırılmasına hədəflənib.Prezidentin dediyi kimi, əgər 1994-cü ildə "Əsrin kontraktı " imzalanmasaydı,biz bu gün nəinki başqa ölkələrə neft məhsulları sata bilməzdik, heç öz tələbatımızı ödəmək iqtidarında olmazdıq. Biz bu işi görməklə, həm regionun, həm də Avrasiyanın yeni xəritəsini tərtib etdik. Dövlət başçısı Cənub Qaz Dəhlizi ilə bağlı danışarkən bildirdi ki, layihə uğurla icra edilir. Onun 4-cü və sonuncu mərhələsi olan TAP artıq başa çatmaq üzrədir. Sözsüz ki, bu bizim tarixi uğurumuzdur. Nəhəng enerji dəhlizi tam gücü ilə işə düşdükdən sonra ölkəmizin Avropadakı və dünyadakı iqtisadi və siyasi mövqeyi daha da güclənəcəkdir. Şübhəsiz ki, bu da öz növbəsində ən ağrılı problemimiz olan Qarabağ məsələsinin həllində bizə daha böyük imkanlar açacaqdır. Ümidvarıq ki, neftçilətimizin uzun illərdən sonra yenidən üz tutduqları "Qarabağ " yatağından tezliklə " qara qızıl" fontan vuracaq, onun gətirdiyi dividentlər yaxın zamanlarda azad edəcəyimiz torpaqlarımızın abadlaşmasına, şəhər və kəndlərimizin bərpasına yönələcəkdir".