Belarusda siyasi vəziyyətin stabil olması Azərbaycan üçün də önəmlidir- MÜNASİBƏT

"Belarusda keçirilən seçkilərin ilkin nəticələri hazırkı prezident A.Lukaşenkonun qalib elan edilməsi ilə nəticələndi. Müxalif namizəd Svetlana Tixanoviskaya nəticələrlə razılaşmadığını elan edir. Siyasətçi olmayan və Qərb tərəfindən heç də ciddi dəstəklənməyən S.Tixanoviskayanın hakimiyyəti ələ almaq şansı yoxdur".

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qərb ölkələrinin bəziləri A.Lukaşenkonun qələbəsini tanımasa da bu həlledici olmayacaq: "Amma bundan sonra, siyasiləşmiş Belarus cəmiyyəti Lukaşenko üçün bir başağrısı olacaq və onun əvvəlki kimi sərt siyasət aparmasına imkan verməyəcək. Qeyd edim ki, bu seçkilərdən sonra Belarusda yeni siyasi mərhələ başlayır və bu prezident üçün çox çətin bir dönəm olacaq. Daxildə siyasi situasiyanın gərgin olacağı qaçılmazdı".

Politoloq deyib ki, xarici siyasətdə Belarusun Rusiya ilə əlaqələrində soyuqluq müşahidə ediləcək: "Əvəzində Lukaşenko daha çox Qərblə əlaqələrin yumşalmasına çalışacaq. ABŞ-da Lukaşenkonun Rusiya siyasətinə diqqət edəcək. Əgər, Minsk Moskva ilə məsafəli davranacaqsa, Vaşinqton A.Lukaşenkoya dəstək verəcək. Belarusda siyasi vəziyyətin mürəkkəbləşməsi qaçılmazdı və bu uzaq perspektivdə gözlənilmir".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan baxımından Belarusda A.Lukaşenkonun hakimiyyətdə qalması, ölkəmizin maraqlarına cavab verir: "Ermənistanın KTMT müttəfiqi olan Belarus Azərbaycanla əlaqələrə daha çox önəm verir. Əgər, Belarusda müxalifət meydanlara böyük insan kütləsi çıxara bilərsə, bu ölkədə inqilaba gətirə bilər. İnqilabın baş verməsi, ölkə üçün ağır nəticələrə gətirib çıxaracaq. Bundan istifadə edən Rusiya Belarusa qoşun yeridə bilər. Ona görə də Qərb də Belarusda siyasi vəziyyətin böhrana doğru getməsində maraqlı deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31