ARZULARIMIZ GERÇƏK OLACAQ, ETMƏDİKLƏRİMİZİ EDƏCƏYİK

Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı bu günlərdə keçirdiyi onlayn müşavirədəki çıxışına diqqətlə qulaq asdım. İstər-istəməz ulu öndərin onun haqqında dediyi bu fikirlər yadıma düşdü: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Və dahi öndərimizin söylədiyi bu fikirlərin doğruluğunu görmək üçün uzun zaman lazım olmadı.
Artıq, hətta bizi istəməyənlər belə müstəqil Azərbaycanın regionda böyük nüfuz və keçərli söz sahibinə çevrildiyini təsdiq edirlər. Bunu hifz etmək, görmək hər birimiz üçün qürur doğuran bir haldır.
Cənab Prezident ilk növbədə diqqəti pandemiyaya qarşı mübarizədə əldə olunan nəticələrə yönəltdi. Qeyd etdi ki, artıq müsbət dinamika özünü göstərir, vəziyyət hələ ki, nəzarət altındadır. Xeyli vaxtdır ki, yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır.
Həmişə olduğu kimi bu dəfə də cənab Prezident həkimlərin çox böyük əməyindən, onların əvəzsiz fəaliyyətindən söhbət açdı: "Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.
Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir".
Ölkə başçısı sosial dəstək layihələrinin uğurla irca edilməsi hədəfi, 2020-ci ildə bu layihələrin həcminin rekord həddə çatdırılmasından söz açaraq dedi ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq.  Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. 
Onu da qeyd edək ki, pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib. Bəlkə də sadaladığım bu rəqəmlər çox statistik və quru görünə bilər. Ancaq söylədiklərimizdə ölkə başçısının böyük iradəsi, hər bir sakinə olan məhəbbəti, qayğısı dayanır. Elə bunun nəticəsidir ki, xalqımız gələcəyimizin daha işıqlı olacağına inanırlar. 
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır və bu videomüşavirədə qeyd edildi. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır.
Videomüşavirədə Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli sərəncamından da danışıldı. Və bu sərəncamın ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. 
İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunur. Bəli, heç kim, heç nə yaddan çıxmır. Qlobal işlərlə əhatə olunmuş cənab Prezidentimizin böyüklüyü də elə bundadır.
Yeri gəlmişkən Yevlaxın bir sakini kimi qeyd etməyi özümə borc bilirəm ki, əslində şəhərimizdə cənab Prezidentin tələb etdiyi şəkildə qabaqlayıcı tədbirlər görülmüşdü. Pandemiya başlanan gündən, nəinki bu sahəyə cavabdeh olan qurumlar, o cümlədən,  Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, polis rəisi,  prokuror, asayişimizin keşiyində dayanan siravi polislərimiz, gənc könüllülərimiz demək olar ki, hər gün şəhərin küçə və meydanlarında, insanların sıx məskunlaşdığı məkanlarda olur, sanitar-gigienik tələblərə ciddi əməl olunması üçün hər an nəzarəti artırırdılar. Ancaq çox təəssüf ki, "qaraçılar məhəlləsi" deyilən ərazidə yaşayanlar  ilk günlərdə, necə deyərlər, ipə-sapa yatmır tələblərə əməl etmirdilər. Bu isə yoluxanların sayının  artmasına gətirib çıxarmışdı. Təcili həmin küçə bağlandı, burada hətta səyyar mağaza, aptek, bankomat və sair işə başladı. Polislərimiz, həkimlərimiz, sanitar-epidemioloji stansiyanın əməkdaşlarının fədakarlığı nəticəsində indi ümumi yoluxmanın sayı aşağı düşmüş, bu sahədə sabitlik yaranmış, həyat öz əvvəlki məcrasına qayıtmışdır. 
Elə cənab Prezidentimiz də videoyığıncaqda dedi ki, hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək.
Cənab Prezident videomüşavirədə çox məsələlərə toxundu. Kəskin tənqid etdiyi sahələr də oldu. Heç şübhəsiz onun iradları adı çəkilən qurumların daha fəal işləməsinə, yol verdikləri nöqsan və çatışmazlıqları tezliklə aradan qaldırmağa səfərbər edəcəkdir.
Ölkə başçısı fikirlərini bu sözlərlə yekunlaşdırdı: "Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir.
Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər".
Bəli, ölkəmizin başçısı hamımız üçün çox gərəkli məsələlərdən danışdı, nə etmək lazım olduğunu tam aydınlığı ilə göstərdi. Heç şübhəsiz hər birimiz bu sahədə üzərimizə düşən işləri yerinə yetirəcək, arzularımız gerçək olacaq, etmədiklərimizi edəcək və pandemiyaya qalib gələcəyik. 

Əminə YUSİFQIZI,
Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru,
Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31