Diaspor təşkilatlarımızın koordinasiyasına ehtiyac var

Əli Zülfüqaroğlu: "Ermənilərin diaspor cəbhəsində də uduzacaqları şübhə doğurmur"

Son illərdə Azərbaycan diasporunun fəaliyyətində güclənmə prosesi müşahidə olunmaqdadır. Baxmayaraq ki, Azərbaycan diasporasının formalaşması tarixi bir o qədər də qədim deyil, ancaq diaspor təşkilatlarının qısa zamandakı fəaliyyəti nəticəsində bir sıra naİliyyətlər əldə edilib. Xatırladaq ki, bu gün "Azərbaycan diasporu" dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışının təfsiri "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, "xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-in və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizin diaspor siyasətinin reallaşması prosesləri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliləyib, soydaşlarımızın təşkilatlanması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin təbliği istiqamətində bir sıra mühüm işlər görülüb. Lakin müasir dövrün çağırışlarına uyğun olaraq diaspor siyasətində də müasir tələblərə cavab verən yeni bir strategiyanın hazırlanması zərurəti yaranıb. Bu zərurətlərdən ən vacibi xaricdə yaşayan soydaşlarımızın daha sıx birliyinə və koordinasiyalı fəaliyyətinə nail olmaqdır. İnsafən qeyd edilməlidir ki, son illərdə bu istiqamətdə bir sıra addımlar atılıb, lakin görüləcək işlər də kifayət qədərdir. Azərbaycan diasporasının gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı suallarımızı araşdırmaçı jurnalist Əli Zülfüqaroğlu cavablandırıb.

-Diaspormuzun mühacirətdə yaşayan həmvətənlərimizin inteqrasiyası sahəsində həyata keçirdiyi işləri qənaətbəxş hesab etmək olarmı?

-Əvvəlcə nəzərinizə çatdırım ki, diaspor üçün inteqrasiya vacib əhəmiyyət daşıyır. Soydaşlarımız  yaşadıqları ölkədə inteqrasiya etməsələr bu sahədə uğur qazanmağımız mümkün deyil. İnterqasiya olmasa yerli xalqların psixologiyasını, nəyi necə qəbul etdiyini anlaya bilmərik. Belə olduğu halda atacağımız addımların effektini hesablamaq mümkün olmaz və bir sıra hallarda əks effekt verər. İndiyə qədər bu cür faktlar çox olub ki, bu problemin yaranma səbəbi həm də inteqrasiya ilə bağlıdır.

-50 milyonluq millətimizin 10 milyonundan çoxu tarixi torpaqlarından kənarda-mühacirətdə yaşayır. Bu böyük qüvvənin  Azərbaycan naminə daha faydalı işlər görə bilməsi üçün hansı addımlar atılmalıdır?

-Bu böyük qüvvə ilk öncə inteqrasya prosesi keçməlidir. Dil bilməli, öz üzərində işləməli və daha çox intellektual sahələrdə çalışmalıdırlar. Ermənilərdən fərqli olaraq azərbaycanlıların çox az hissəsi intellektual sahələrdə fəaliyyət göstərir. Təbii ki, bunu xaricdə yaşayan ikinci nəsil azərbaycanlılar daha çox həyata keçirə bilərlər. Amma ikinci nəsil soydaşlarımızla bağlı da assimilyasiya problemi var. Orada doğulan yerli dildə təhsil alan, dostları, əhatəsi başqa millətlərdən olan azərbaycanlı uşaq və yeniyetmələrin düşüncəsinin necə formalaşması ciddi əhəmiyyət daşıyır. Məsələn, Türkiyə türkləri, yəhudilər və erməni diasporunun nümayəndələri bu problemin yaranmaması üçün bütün tədbirləri görürlər. Məlumdur ki, xaricdə yaşayan azərbaycanlı ailələr arasında da bununla bağlı narahat olan və vaxtında tədbirlər görən soydaşlarımız az deyil. Amma, problemin yaranmaması, orada doğulan soydaşlarımızın assimilyasiyaya uğramaması üçün bir mexanizm olmalıdır. Təkcə Azərbaycan dil məktəbləri açmaqla bu problemi həll etmək mümkün deyil. Soydaşlarımız təşkilatlanaraq yeni ideyalar düşünməlidir. Bundan başqa xaricdə Azərbaycan musiqisi, mədəniyyət nümunələri gənclərimizə təbliğ olunmalı, xaricdə Azərbaycan teatrlarının, mədəniyyət mərkəzlərinin sayı çox olmalı və işlək vəziyyətə gətirilməldidir. Təəssüf ki, bu gün Avropada bir Azərbaycan teatrı fəaliyyət göstərir ki, bu da İsveçdə yerləşir. Bu çox acınacaqlı mənzərədir. Avropada digər millətlərə məxsus yüzlərlə teatr fəaliyyət göstərir. Biz bu gün bu problemə ciddi yanaşmasaq sabah bunun ciddi fəsadlarını yaşayacağıq. Ola bilər ki, xaricdə yaşayan incəsənət adamlarımız az olduğundan kadr problemi olsun, amma bunun bir yolunu tapmaq mümkündür. Bu gün dünyada elm adamları ilə yanaşı incəsənət adamlarımız da var. Onların Avropada başını qaşımağa vaxtı olmamaldır. Mütəmadi olaraq müxtəlif tədbirlər keçirilməli və xüsusilə ikinci nəsil azərbaycanlılar bu tədbirlərə qatılmalıdrlar. Təbii ki, orada yaşayan azərbaycanlı ailələrin müxtəlif qayğları, problemləri var. Amma bu o anlama gəlmir ki, bu məsələ ilə bağlı müxtəlif layihələr işlənməsin.

Qaldı ki, 10 milyon soydaşımıza, onların böyük hissəsi İrandan dünyanın müxtəlif ölkələrinə köçənlərdir. Güneyli soydaşlarımızla birgə tədbirlərin keçirilməsi, birlikdə fəaliyyət göstərilməsi ilə əlaqədar indiyə qədər müxtəlif addmlar atılıb. Amma kütləvi olaraq biz bunu reallaşdıra bilməmişik. Hələ də fikir ayrılığı var və bu bizim daha mütəşəkkil formada fəaliyyət göstərməyimizə mane olur. Hesab edirəm ki, güneyli soydalarımızla birgə fəaliyyət ciddi əhəmiyyət daşıyır və biz bunun mexanizmini işləyib hazırlamalıyıq. Bundan başqa Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyəti yaxşı təşəbbüsdür. Bunun praktiki olaraq həyata keçirilməsi vacib amildir. Düzdür, bu istiqamətdə addımlar atılır. Azərbaycan və Türkiyə diasporu müxtəlif tədbirlərdə bir araya gəlirlər. Hesab edirəm ki, bu ideyanı daha da irəliyə daşımağa ehtiyac var.

-Bir sıra ölkələrdə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Lakin etiraf edək ki, onlar arasında əməkdaşlıq  zəifdir. Diasporamızın koordinasiyası üçün nələri təklif edərdiniz?

-Diaspor təşkilatlarımızın güclənməsi təbii bir prosesdir. Azərbaycan diasporunun problemlərinin həlli, yaxud onun güclənməsi xaricdə yaşayan soydaşlarımızdan asılıdır. Koordinasiya problemini müəyyən qədər həll etmək, yaxud təşkilatlar arasında yaxşı koordinasiya qurmaq olar. Təbii ki, burada əsas yük yenə də xaricdə yaşayan həmvətənlərimizin və onların qurduğu təşkilatların üzərinə düşəcək. Əsas iş koordinasiyanı həyata keçirəcək şəxslər üçün doğru seçimin olmasıdır. Bu olduqca ciddi və həlledici əhəmiyyət daşıyır. Belə şəxslər ilk öncə vətənpərvər, loyal olmayan, yaşadığı ölkədə əlaqələlərə malik, pafosdan uzaq, nəyi necə etməyi bacaran soydaşlarımız olmalıdır. Eyni zamanda, sözü eşidiləcək səviyyədə nüfuzlu və bu işə daha çox vaxt sərf etməyə imkanlara sahib insanlar olmaldırlar. Əgər xaricdə yaşayan hər hansı bir şəxsin intellektual potensialı varsa, yerli dili bilirsə, amma bununla yanaşı istəksizdisə, bu işlərə ikinci dərəcəli fəaliyyət kimi baxırsa, burada yenə də uğursuzluq olacaq. Ona görə də ortaq yolun tapılması vacib şərtdir.

-Sizcə, bu gün Azərbaycan diasporunun problemləri arasında daha çox nələri vurğulamaq olar?  Onların aradan qaldırılması yollarını necə görürsünüz?

-İndiyə qədər Azərbaycan diasporunun problemləri ilə bağlı müxtəlif araşdırmalar aparmışıq, müxtəlif yazılar yazmışıq. Bu problemlərin başında inteqrasiya dayanır. İnteqrasiya problemimiz var və bu bəzən görülən fəaliyyətdə əks effekt verə bilər. Bununla bağlı kifayət qədər faktlar sadalamaq olar. Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan diasporu inkişaf yolu keçsə də, müxtəlif uğurlu fəaliyyətlərə imza atsa da, yenə də güclənməyə və daha böyük gücə çevrilməyə ehtiyac var. Nəzərinizə çatdırım ki, müstəqillik illərindən sonra xaricə köç başlayıb və bizim diasporumuzun əsas hissəsi hazırda həmin insanlardan formalaşır. Ona görə də xaricdəki ikinci nəsil azərbaycanlıların gələcəkdə daha böyük gücə çevriləcəyinə ümid böyükdür. Belə olan halda da assimilyasiya problemi ön plana çıxır. Hazırda bu məsələ ilə bağlı narahatedici məqamlar mövcuddur və bu problemin aradan qaldırılması çox çətin məsələdir. Təşkilatlanma ilə bağlı irəliləyişlər var, amma daha da irəliyə getməliyik. Son aksiyalar, soydaşlarımızın erməni lobbisinin təxribatlarına qarşı mütəşəkkil və ağıllı formada ortaya güc qoyması sevindirici haldır. Bu, gələcəkdə daha mütəşəkkil və ciddi təsirlərə malik olan güc kimi formalaşacağımıza böyük ümid verir. Biz və Türkiyə türkləri ermənilərdən fərqli olaraq intellektual sahələrdə az təmsil olunuruq. Bu da bizim onlardan daha sonra xaricə köç etməyimizlə bağlıdır. Məsələn, təkcə Fransada Türkiyə türklərinin sayı 500 min, qeyri- rəsmi məlumatlara görə azərbaycanlıların sayı 70 mindir. Ermənilərin sayı isə 400 mindir. Amma ermənilər burada müxtəlif hüquq şirkətlərində, mediada, bələdiyyələr, dövlət strukturları və digər sahələrdə daha çox təmsil olunurlar. Buna görə də bəzən dezinformasiyalarını rahat formada yaya bilirlər. Amma inanırıq ki, bu həmişə belə olmayacaq. Artıq işğalçı Ermənistan bütün cəbhələrdə Azərbaycana uduzur. Eyni zamanda xaricdə diaspor cəbhəsində də uduzacaqlar. İşğalçı ölkənin baş naziri Paşinyanın diaspor komissarlığının əməkdaşlarını kütləvi işdən çıxarması  onların bu sahədə də ciddi problemlərlə üz-üzə qaldığını göstərir.

Alim  Hüseynli

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31