Azərbaycanda ailə institutu yol ayrıcında: Ailələr dağılır, yoxsa şüurlu münasibət modelinə keçir?
21:50 SosialAzərbaycanda son illərdə ailə institutunda baş verən dəyişikliklər artıq statistik göstəricilərdə də aydın şəkildə əks olunur. Xüsusilə boşanmaların sayında müşahidə olunan artım cəmiyyətin sosial dinamikasında yeni və düşündürücü mərhələnin başlandığını göstərir. Rəsmi məlumatlara görə, ilin ilk iki ayında təxminən 5 min nikaha qarşı 3 mindən çox boşanmanın qeydə alınması bu sahədə yaranmış disbalansı açıq şəkildə ortaya qoyur. Bu rəqəmlər təkcə statistik fakt kimi deyil, həm də ailə münasibətlərində dərinləşən problemlərin göstəricisi kimi diqqət çəkir. Eyni zamanda, nikah dərəcəsinin 4,7-dən 3,2-yə düşməsi ailə qurmaq meyillərinin də əvvəlki illərlə müqayisədə zəiflədiyini göstərir. Əgər bir müddət öncə boşanmalar daha çox şəhər mühitinə xas hal kimi qiymətləndirilirdisə, artıq bu meylin kənd yerlərinə qədər yayılması məsələnin miqyasını daha da genişləndirir. Bu isə onu deməyə əsas verir ki, söhbət yalnız müəyyən sosial qruplarla bağlı tendensiyadan deyil, bütövlükdə cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən kompleks bir prosesdən gedir. Bütün bunlar göstərir ki, Azərbaycanda boşanmaların artması təsadüfi və ya qısamüddətli bir tendensiya deyil. Əksinə, bu, daha geniş sosial, iqtisadi və mədəni dəyişikliklərin fonunda formalaşan çoxşaxəli bir prosesdir. Mövcud vəziyyət isə bu məsələyə daha dərindən yanaşmağı, səbəblərin kompleks şəkildə araşdırılmasını və adekvat həll yollarının müəyyənləşdirilməsini zəruri edir.

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Olaylar.az-a danışıb. Sosioloq bildirib ki, belə bir dinamikanın artması əslində müəyyən mənada gözlənilən idi. Çünki son altı ildə boşanmaların sayında nəzərəçarpacaq artım müşahidə olunur və bu artım artıq epizodik deyil, davamlı xarakter almağa başlayıb. Dinamikanın sürətlənməsi fonunda boşanmaların il ərzində təxminən 11 faizdən bəzi dövrlərdə - xüsusilə ilin ilk aylarında - 60 faizə qədər yüksəlməsi isə problemin miqyasını daha aydın şəkildə ortaya qoyur. Bu göstəricilər təkcə statistik rəqəm deyil, həm də cəmiyyətin sosial strukturlarında baş verən dəyişikliklərin bir indikatoru kimi çıxış edir. Bununla belə, bu sahədə həm müvafiq dövlət qurumları, həm də digər əlaqədar təşkilatlar tərəfindən daha sistemli, uzunmüddətli və nəticəyönümlü proqram və modellərə ehtiyac olduğu hiss olunur. Müəyyən tədqiqatlar və araşdırmalar aparılsa da, onların bir hissəsi formal xarakter daşıyır, bəziləri isə natamam və ya qeyri-dərin təhlillərlə kifayətlənir. Bu isə praktik nəticələrin əldə olunmasını çətinləşdirir. Əslində isə bu mövzu kompleks yanaşma tələb edir: həm sosioloji, həm psixoloji, həm də iqtisadi aspektlər paralel şəkildə araşdırılmalıdır. Əsas səbəblərdən biri kimi maddi-iqtisadi tələbatların dəyişməsi xüsusi vurğulanmalıdır. İnsanların həyat tərzi, gündəlik yaşam prioritetləri, həyata münasibəti və gözləntiləri son illərdə kəskin şəkildə dəyişib. Daha yüksək rifah gözləntiləri, fərdi azadlıqlara artan önəm və həyat keyfiyyətinə yönəlmiş tələblər ailə münasibətlərinə də birbaşa təsir göstərir.
Sosioloqun sözlərinə görə, qlobal informasiya mühitində ailə modelinə münasibətdə fərqli yanaşmaların yayılması da diqqətdən kənarda qalmamalıdır. Sosial media, kütləvi mədəniyyət və müxtəlif beynəlxalq trendlər vasitəsilə fərqli ailə modelləri və həyat tərzləri təbliğ olunur. Bu isə xüsusilə gənc nəsildə ənənəvi ailə anlayışına alternativ baxışların formalaşmasına gətirib çıxarır. Belə bir şəraitdə cəmiyyətin, qeyri-hökumət təşkilatlarının və aidiyyəti qurumların daha fəal, məqsədyönlü və maarifləndirici fəaliyyətinə ehtiyac duyulur. Bəzən diqqətin əsas problemlərdən yayındırılması və ikinci dərəcəli məsələlərə yönəlməsi isə ümumi mənzərəni daha da mürəkkəbləşdirir. Faktiki olaraq, qlobal təsirlərə uyğunlaşmaq və adekvat reaksiyalar vermək hər zaman asan olmur. Xüsusilə sürətli dəyişikliklər fonunda cəmiyyətin adaptasiya imkanları müəyyən qədər məhdudlaşa bilir.
"Bütün bu amillər bir araya gəldikdə, ailə institutuna təsirlər daha qabarıq şəkildə hiss olunur. Həm daxili, həm də xarici faktorlar ailə modelində müəyyən gərginliklər və çətinliklər yaradır. Bununla yanaşı, bəzi hallarda zərərli vərdişlərə meylin artması, müxtəlif asılılıqların yayılması, ailə dəyərlərinə münasibətdə dəyişikliklər və nəsillərarası fərqlərin dərinləşməsi kimi məqamlar da əlavə risk faktorları kimi çıxış edir. Xüsusilə nəsillər arasında düşüncə fərqlərinin artması, ünsiyyət problemləri və qarşılıqlı gözləntilərin uzlaşmaması ailədaxili münasibətlərə təsirsiz ötüşmür. Bu baxımdan, boşanmaların artması artıq təəccüb doğurmur və müəyyən mənada sosial dəyişikliklərin təbii nəticəsi kimi də qiymətləndirilə bilər. Əlbəttə, bu o demək deyil ki, vəziyyətlə barışmaq lazımdır. Əksinə, mövcud vəziyyət daha diqqətli yanaşma tələb edir. Müəyyən addımlar atılır və bu istiqamətdə işlər davam edir, lakin bu addımların daha sistemli, koordinasiyalı və uzunmüddətli strategiyaya əsaslanması vacibdir. Problemin yalnız nəticələri ilə deyil, səbəbləri ilə işləmək daha effektiv yanaşma hesab oluna bilər. Bununla yanaşı, mövcud vəziyyətə daha həssas yanaşma, erkən mərhələdə müdaxilə mexanizmlərinin qurulması və ailə institutunun gücləndirilməsinə yönəlmiş maarifləndirici tədbirlərin artırılması mühüm əhəmiyyət kəsb edir. Ailə dəyərlərinin qorunması ilə yanaşı, müasir reallıqlara uyğunlaşma bacarığının formalaşdırılması da vacibdir", - deyə N. Niftəliyev vurğulayıb.
Sosioloq qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın ənənəvi cəmiyyətini və ailə modelini qorumaq və gücləndirmək imkanları hələ də mövcuddur. Bu potensialı reallaşdırmaq üçün isə daha çevik, sistemli və real ehtiyaclara uyğun tədbirlərin həyata keçirilməsi, həmçinin dövlət, cəmiyyət və fərdi səviyyədə birgə səylərin artırılması xüsusi əhəmiyyət daşıyır. Vaxtında atılan düzgün addımlar bu sahədə müsbət dönüş yaratmaq üçün hələ də kifayət edə bilər.
Mövzunu psixoloq Dilruba Həsənova da şərh edib.
Psixoloq bildirib ki, statistikaya baxanda ilk baxışda adam deyir ki, "ailə dağılır". Amma məsələ o qədər sadə deyil. Burda daha çox bir dəyişmə var, sanki köhnə ilə yeninin toqquşması. Geniş ailə modeli yeni modern ailəyə keçir...
Əvvəllər ailə bir az qalmaq məcburiyyəti üzərində qurulurdu ,hansı ki valideyinlər övladlarına gəlin köçdüyü evə "gəlinliklə get kəfənlə çıx" deyə xeyir dua verirdilər. Bu gün həmin deyimlər demek olar tarixə qovuşub. Əvvələr ailələrdə insan xoşbəxtdir ya yox - o qədər də önəmli deyildi, əsas məsələ davam etdirmək idi. İndi isə vəziyyət dəyişib. İnsan artıq sadəcə qalmaq istəmir, yaxşı hiss etmək istəyir. Yəni ailə artıq təkcə sosial status yox, emosional ehtiyacdır. O ehtiyac ödənməyəndə də insanlar çıxmağı seçir, yəni ailəni dağıdıb öz hüzuruna qovuşmağı daha üstün bilir. Bu baxımdan boşanma bəzən dağılmaq yox, insanın özünə qayıtmasıdır kimi fikir yaranır.
"Kəndlərdə artım isə məncə daha dərin məsələdir. Çünki əvvəllər orda "el nə deyər" daha güclü idi, insanlar problemləri içində saxlayırdı. İndi isə həm informasiya artıb, həm də insan özünü daha çox hiss edir. Müqayisə edir, sorğulayır və birdən anlayır ki, illərlə yaşadığı münasibətdə əslində yoxdur. Bu da artıq gizlədilmir. Psixoloji tərəfdən baxanda isə problem çox vaxt sevgisizlik deyil, ünsiyyətsizlikdir. İnsanlar danışa bilmir, eşitmir, hissini ifadə etməyi bacarmır. Hamı sevməyi bilir, amma münasibəti necə qorumağı bilmir. Sevgi ilə başlayır, amma davamı üçün lazım olan bacarıqlar çatmır. Üst-üstə gələndə isə yorğunluq yaranır. Birdə məncə burada eqo məsələsi var. Müasir insan daha çox özünü qoruyur, bu yaxşıdır, amma bəzən münasibət üçün lazım olan səbr azalır. Tez inciyir, tez vaz keçir. Hansıki bəzi şeylər işlənməlidir, qaçmaqla yox. Ən maraqlı tərəfi isə odur ki, əvvəllər də problemlər var idi, sadəcə üstü örtülü idi. İndi o "gizli boşanmalar" açıq boşanmaya çevrilir. Əvvəllər də bu hallar olub ama evin içində, yəni ailədə yataqlar ayrılıb. Bu gün artıq insanlar rəsmi ayrılığı ümumiyyətlə kənar şəxslər kimi yaşamağı seçirlər deyə rəqəmlər artıb, amma bəlkə də reallıq sadəcə görünən olub.
Psixoloqun fikrincə, çıxış yolu kimisə məcbur saxlamaq deyil. İnsanlar evlənməzdən əvvəl özünü tanımalıdır, münasibət qurmağı öyrənməlidir. Ailə içində də danışmaq, dinləmək, anlamaq mədəniyyəti formalaşmalıdır. Qısası, bu vəziyyət mənə görə təkcə böhran deyil. Bu, bir keçid dövrüdür. Ailə modeli dağılmır, sadəcə dəyişir - daha şüurlu olur, amma eyni zamanda daha həssas və kövrək. Bu o deməkdir ki ailə qurmaq üçün tələsmək yox, çox düşünüb doğru qərar vermək lazımdır.
Səidə Ramazanova