Əhalinin sağlamlığı, rifahı və məşğulluğu Prezidentin prioritet tədbirləri sırasında ilk yer tutur

Hələ də davam edən koronavirus pandemiyası və onun həyatımızın müxtəlif sahələrinə mənfi təsirlərinə rəğmən Azərbaycan iqtisadiyyatı qismən də olsa inkişaf edir, bu və ya digər sahələrdə müsbət dinamika müşahidə edilir. Məhz bu dinamika imkan verir ki, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində sistemli və davamlı addımlar atılsın.

Ümumiyyətlə, Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman prioritet olub və bu günümüzdə də belədir. Hazırda pandemiya həyatımızın bütün sahələrinə təsir etdiyindən əksər vətəndaşlarımızın sosial durumu ağırlaşıb. Məhz buna görə də Azərbaycan hökuməti cari ilin əvvəllindən etibarən pandemiya səbəbindən sosial durumu pisləşən vətəndaşlara yardımlar edir, onlara birdəfəlik maddi dəstək göstərir. Hazırda pandemiya davam etdiyindən hökumət qarşıdakı müddətdə də vətəndaşlarına yardımları davam etdirmək niyyətindədir. Hər şeydən əvvəl isə bu Azərbaycan dövləti, onun Prezidenti üçün vətəndaşların sosial durumunun yaxşılaşdırılmasının nə qədər prioritet təşkil etdiyini ortaya qoyur. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu qənaətdədir. O, bildirib ki, hazırda dünya ölkələri, xalqları koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Onun sözlərinə görə, hətta inkişaf etmiş dövlətlər belə bu çətinliklər qarşısında aciz qalıblar: "Lakin Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür. Altı aydır ki, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Əlbəttə ki, çətin bir zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar bir daha Prezident İlham Əliyev bütün addımlarla hər bir azərbaycanlının Prezidenti olduğunu, dövlətin hər zaman öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Eyni zamanda, görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir".

Sədaqət Vəliyeva bildirib ki, pandemiya başlanandan Prezident İlham Əliyevin prioritet tədbirləri sırasında ilk olaraq əhalinin sağlamlığı, rifahı və məşğulluğu dayanır: "Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb və məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib, bununla yanaşı özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir. Bununla da 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb".

Deputat deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir və  vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır: "Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramının icra edilməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatların qurulması işlərinin aparılması, 85 min ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işlərinin aparılması koronavirus pandemiyası şəraitində reallaşdırılan mühüm sosial müdafiə tədbirləridir. Bu gün cənab Prezidentin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31