Serbiyanın Ermənistana silah satışı ikitərəfli münasibətlərə xələl gətirə bilər
4 Avqust 2020 11:40 SiyasətAzərbaycan müstəqillik əldə etdikdən sonra istər qonşu, istər region, istərsə də uzaq xarici dövlətlərlə bərabərhüquqlu, ikitərəfli münasibətlərin formalaşmasında maraqlı olub. Müstəqil dövlət olaraq Azərbaycan bu mövqeyini daim qoruyub saxlayıb və əməli fəaliyyətində sübut edib. Ölkəmiz müstəqillik qazandıqdan sonra diplomatik əlaqələr qurduğu dövlətlərdən biri də Serbiya olub. Belə ki, Keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər isə 21 avqust 1997-ci ildə qurulub. 2011-ci ilin 26 may tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi və 8 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasında Səfirliyi açılıb. Məhz bu diplomatik əməkdaşlıqdan sonra Azərbaycanla Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq münasibətləri qurulub. Hətta iki dövlət arasında strateji tərəfdaşlıq bəyənnaməsi mövcuddur. Yeri gəlmişkən xatırldaq ki, hələ 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin iştirakı ilə "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb, həmçinin Bakıda görkəmli serb alimi, fizik Nikola Teslanın abidəsinin rəsmi açılışı olub. Bu əməkdaşlığın inkişaf mərhələsi olaraq 2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı"nı imzalanıb. Azərbaycan imzaladığı sənədə sadiq qalaraq Serbiyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir. Belə bir məqamda isə Serbiya imzaladığı dövlətlərarası sənədlərə xilaf çıxaraq təcavüzkar dövlət olan Ermənistana silah satışını həyata keçirir. Təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursat göndərilib. Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edilib, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqeləri həmin artilleriya və minaatan atəşlərinə məruz qalıb. Nəticədə Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 11 hərbi qulluqçusu, o cümlədən bir nəfər sərhəd kəndinin sakini həlak olub.
Heç şübhəsiz ki, özünü döst kimi qələmə verən, ikitətəfli strateji əməkdaşlığa imza atan bir dövlətin çətin bir məqamda xəyanətkar mövqe tutması ikitərəfli münasibətlərə mənfi təsirsiz ötüşməyə bilməz. Necə deyərlər, dost dediyin bir ölkəyə arxadan zərbə vurmaq ikitətərfli münasibətlərin ruhuna qətiyyən uyğun deyil. Məsələ orasındadır ki, Serbiya rəsmlərinin baş verən hadisə ilə bağlı gətirdikləri arqument heç bir məntiqə sığmır. Belə ki, Serbiya RTV-nin verdiyi məlumata görə, prezident Aleksandr Vuçiç jurnalistlərlə müsahibəsində qeyd edib ki, bu ölkənin hərbi sənaye kompleksində 17 min insan çalışır və silah sataraq onların yaşayışı təmin edilir. Belə məlum olur ki, Serbiya dünyada münaqişə ocaqlarının artmasında maraqlıdır ki, silah satıb pul qazansın. Əks halda bu ölkənin hərbi strukturu aclıq və səfalətdən diz çökəcək. Əslində isə dövlətlər bu kimi addımları atdıqda ilk növbədə qarşılıqlı münasibətləri, ardınca isə beynəlxalq hüququ əsas tutmalıdırlar.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb və öz hərbçilərini birincilər sırasında oradan çıxarıb. Daha dəqiq, Azərbaycan Kosovonun müstəqilliyinə etiraz edən ilk ölkələrdən olub. 2008-ci il fevralın 17-də brifinq keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü dövlətin mövqeyini belə açıqlayıb: "Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur". Bunun ardınca - fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarıyıla geri çağırılıb və aprelin 15-də taqım Azərbaycana qayıdıb. 2009-cu ildə Beynəlxalq Məhkəmədə dinləmələr zamanı Azərbaycan Kosovonun müstəqilliyinin qeyri-qanuni olduğunu bəyan edib. 2010-cu ildə Bakıda Serbiya prezidenti Boris Tadiçlə görüşən Prezident İlham Əliyev Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Cənab İlham Əliyev bildirmişdi ki, birtərəfli qaydada Kosovonun müstəqilliyinin elan olunması qeyri-qanunidir. Dünya ölkələri beynəlxalq qanunvericiliyə hörmətlə yanaşmalıdırlar. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan beynəlxalq aləmdə Serbiyanın mövqeyini birmənalı şəkildə dəstəklədiyi halda, bu ölkə onun müstəqilliyini şübhə altına alan dövlətə silah satır. Xatırladaq ki, hələ 2008-ci il martın 12-də Ermənitanın prezidenti Serj Sarkisyan bildirmişdi ki, onun ölkəsi həmişə xalqların öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir. Elə bu səbəbdən də Ermənistan Kosovonun müstəqilliyini alqışlayır. Bu günə kimi də Ermənistan öz hərbçilərini Kosovoda saxlayır. Bu gün Azərbaycan bütün instansiyalarda Serbiyanın ərazi bütövlyünü dəstəklir. Təəssüf ki, Serbiya qeyri-adekvat davranışı ilə ikitərəfli munasibətlərin ruhuna uyğun davranış nümayiş etdirmir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Serbiya humanitar və iqtisadi sahədə əməkdaşlıq edir. Hazırda iki ölkə arasında "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması haqqında Konvensiya", "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında" Saziş kimi sənədlər mövcuddur. Serbiyanın hazırki mövqeyi isə imzalanan sənədlərin fəlsəfəsinə zidd olmaqla yanaşı, beynəlxalq hüquqa hörmətsizliyin təzahürüdür.
Onu da qeyd edək ki, Azərbaycanın hərbi və hərbi-texniki sahədə sıx əlaqələrə sahib olduğu Serbiyanın Ermənistana silah ötürməsi heç də birinci hadisə deyildir. Buna qədər Serbiya hökumətinin icazəsi ilə yerli və tərəfdaş şirkətlər üzərindən Ermənistana müxtəlif silahların satışı reallaşdırılıb. Bu məlumatların bir çoxu Ermənistanın rəsmi dövlət qurumlarının, eləcə də Dağlıq Qarabağdakı separatçıların yayımladığı video və foto görüntülərlə də təsdiqini tapıb. Hələ 2019-cu ilin avqust ayında Qarabağakı erməni separatçı hərbi birləşmələrinin Serbiya istehsalı olan 20 mm çaplı M55A4B1 zenit qurğusunu silahlanmaya qəbul etməsi barədə məlumat yayılmışdı. Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Azərbaycan ərazilərindəki hərbi hissələrdən birinə səfəri zamanı MT-LB zirehli maşınına yerləşdirimiş M55A4B1 zenit qurğusu ilk dəfə nümayiş etdirilmişdi. Heç şübhəsiz ki, hazırki şəraitdə belə mövqeini sərgilənməsi iki dövlət arasındakı münasibətlərə xələl gətirə bilər.
Alim
Olaylar.az