Tovuz döyüşləri xaricdən necə görünür?

Azərbaycan Ermənistan sərhədinin Tovuz rayonundan keçən hissəsində baş verənlərin səbəbləri haqda istər yerli, istərsə xarici nəşrlərdə kifayət qədər ciddi təhlili yazılar gedib. Əsas vurğunun "Gəncə keçidi" deyilən və   Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Supsa boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi şossesi kimi mühüm beynəlxalq layihələr yerləşdiyi zonaya yaxın olması versiyasıdır.  Bu yazıda   xarici nəşrlərdə, daha çox isə adətən bizim meydançamız adlandırılan Yaxın Şərq ölkələrinin mediasında münaqişənin necə işıqlandırımasına araşdırmağa cəhd edəcəyik.

"Gəncə keçidi "yenidən aktuallaşır

Qərb mediasında şərh və təhlildən daha çox xəbərə rast gəlirik. Bununla yanaşı baş verənləri diplomatiyanın süqutu kimi dəyərləndirən yazılar da verilir.  Xəbər və reportajlarda azərbaycanlı general Polad Həşimovun qətli, itkilər, münaqişənin tarixi haqqında da məlumatlar gedir. 

"Reuters" agentliyi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun ABŞ-ın  "The Caspian Policy Center" adlı analitik mərkəzində çıxışı zamanı Qərb ölkələrinə üz tutaraq onları Azərbaycanın enerji ixracına dəstək verməyə çağırması, Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi baxımdan qorunmasını təmin etmək barədə düşünməyə dəvət etməsi  ciddi mesaj idi və Azərbaycanda müəyyən səbəblərdən geniş yayılmasa da, Qərb auditoriyasına ünvanlanmış  uğurlu PR-gediş sayıla bilər[1].  Xatırladaq ki, buna bənzər fikirlərlə, lakin nisbətən yumşaq və Qərbdən incik notlarla süslənmiş şəkildə vaxtilə Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələlər üzrə sabiq köməkçisi Novruz Məmmədov da hələ 2011-cu il aprelində çıxış etmişdi[2].   

2018-ci il mayında isə ABŞ-ın "Foreign Policy" nəşrində "Gəncə keçidi"nin Qərb üçü əhəmiyyəti və burda törədilə bilinəcək təxribatlar haqda xəbərdarlıq edilmişdi[3]. Gəncə hadisələrini, Keşikçi dağ sərhəd məntəqəsi ilə bağlı insidenti, Gürcüstanın Anaklia dəniz limanı ətrafından səngimək bilməyən siyasi ehtirasları məhz "Gəncə keçidi"nə qarşı təxribatlar kontekstində nəzərdən keçirən yetərincə çoxsaylı rəylər dərc olunub. Bu baxımdan SOCAR vitse- prezidentinin dediklərini məqamında verilmiş və Qərb ictimai rəyinə işləyə biləcək açıqlama saymaq olar.

Diplomatlarımızın, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi əməkdaşlarının və ayrı- ayrı fərdlərin şəxsi təşəbbüslərlə Qərb ictimai rəyinə hesablanmış , münaqişəyə və son toqquşmalara Azərbaycan baxışını təqdim edən yazıları da burda qeyd etmək olar.

Təəssüf ki, eyni fikri Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlının Metsamor AES-in bombalanacağına dair xəbərdarlığı haqda söyləmək çətindir. Müdafiə Nazirliyinə Ramiz Duyğundan miras qalmış emosional poetik üslubla belə bəyanatın səslənməsi həm Qərb, həm rus, həm də ərəb mediasında əleyhimizə istifadə olunduğunu indi sadəcə konstatasiya-iqrar edə bilərik.

Sərsəng su anbarı ilə bağlı Avropa qurumlarının lehimizə qəbul etdiyi sənədlərin bu arada istifadəsi[4] və Mingəçevir SES haqda səslənən təhdidlərlə paralellər aparılması daha çox işə yarayardı. Görünür, erməni tərəfi hücuma əvvəlcədən hazır olduğundan veriləcək reaksiya ətrafında manipulyasiya qurmağa da əvvəlcədən hazırlaşıbmış.

Diqqətimizi çəkən yazılardan birini də qeyd etmək istərdik. Fransanın  Causeur.fr nəşri hadisələr fonunda erməni təbliğatına cavab xarakterində yazı dərc edib. Nəşr Azərbaycanda ilk cümhuriyyətin quruculuğundan bəri Türkiyənin dəstəyini xatırlatsa da, baş verənləri Türkiyə ilə Rusiya arasında münaqişənin yeni cəbhəsi kimi səciyyələndirilməsini tələsik qənaət hesab edir. Nəşr qeyd edir ki, 2016-cı ildə atəşkəs qaynar döyüşlərlə keçid Dağlıq Qarabağın cənub hissələrində baş verirdisə indiki toqquşma zonası bütün infrastruktur layihələrin keçdiyi ərazidə baş verir və bunda Azərbaycanın maraqlı olması mümkün deyil. Yazı münaqişənin günahkarı kimi Ermənistan göstərilir, məqalənin  "Cənubi Qafqazdakı insident- hər şey Ermənistana işarə edir" adlanması da təsadüfi deyil.[5] 

Ümumən Qərb mediasında nəzərdən keçirdiyimiz yazılarla tanışlıq  münaqişə ilə bağlı  dözümlü, neytral, balanslı, bəzən də Qərbin öz enerji təhlükəsizliyinə dair xəbərlərə həssas  yanaşmanın olması  qənaətini  formalaşdırır.

A ТАСС уполномочен заявить ?

Toqquşmalar başlayan ilk çağlardan rus mediası da neytral xəbər və reportajlara üstünlük verirdisə də, təhlil və şərhlərdə açıq qərəzlik hiss olunur. Həm də yalnız Azərbaycana qarşı deyil, elə Ermənistana qarşı da. Əsas vurğu onu edilir ki, münaqişə Rusiyanın iştirakı olmadan həll edilə bilməz, Ermənistanın və baş nazir Nikol Paşinyan hakimiyyətinin əsas dayağı da Rusiyadır. Sonuncu mövqe erməni əsilli rus jurnalisti, "Russian Today" İA-nın rəhbəri Marqarita Simonyanın dili ilə kifayət qədər sərt formada səsləndirildi[6].

Rus mediasında Paşinyanın təcili Minskə səfər edərək KTMT-dən  dəstək almağa çalışması da geniş işqılandırıldı. Bu yazılarda Paşinyanın Rusiya əleyhinə atdığı addımlar, builki Qələbə paradında iştirakdan imtina etməsi sadalanırdı.

Lakin sonrakı günlər dərc edilən yazılarda toqquşmalar atəşkəsdən tam imtina ilə nəticələnəcəyi halda Rusiyanın Ermənistana açıq hərbi yardım göstərməsi zərurətinə toxunulur[7], 2016-cı ildə Azərbaycanın hücumu dayandırılması səbəblərindən bəhs edilir, Rusiyanın rolu qabardılır[8]. Münaqişənin tarixi, Azərbaycanın etnik- dini tarixi haqda da yazı və müzakirələrin artdığı sezilməkdədir. Azərbaycanın uğur qazanacağı halda torpaqların, Qafqazın xəritəsinin yenidən silah gücünə dəyişəcəyi ehtimalı olduğu deyilir[9]. Bu arada Vaqif Dərgahlının  bəyanatı rus mediasında da ciddi şəkildə tirajlanaraq ironiya edildi.

Gözləmədiyimiz ən çirkin informasion zərbə isə TASS-dan gəldi.  Agentlik Şimali Suriya (separatçı adı- Rojava) kürdlərinə istinadən Azərbaycanın döyüşmək üçün yüksək muzd müqabilində yaraqlıları gətirəcəyi haqda xəbər  yaydı.[10] Bu, əsl TASS ənənəsində informasiya müharibəsi nümunəsi idi. "Soyuq müharibə"nin qızğın vaxtlarında sovet "propaqanda aparatı" yeni ölkələrin liberal media qanunvericiliyindən istifadə edərək yerli nüfuz agentləri vasitəsilə bir KİV təsis edir, orda ABŞ-ın müstəmləkə siyasətini ifşa edən bir material yerləşdirir, sonra da heç kimin tanımadığı, real və ya mifikliyi də bilinməyən  "Həsən Əbdürrəhman ibn Xəttabın"(qoca Xottabıçın) buraxdığı cin-dezo beynəlxalq münasibətləri müəyyən edəcək fakt kimi tirajlanırdı. Yeri gəlmişkən, 1984-cü ildə Yulian Semyonovun ssenarisi ilə TASS-ın beynəlxalq münasibətlərə belə "töhfə"sini öyən "ТАСС уполномочен заявить..." adlı serial da çəkilmişdi. Görünür, TASS-ın adı dəyişmədiyi kimi ənənəsi də dəyişməyib. Sadəcə. indi daha banal forma və məzmun kəsb edib. Daha pisi odur ki, bu agentliyin rəhbərliyində təmsil olunan şəxslər Azərbaycan maraqlarının Rusiya media məkanında əsas lobbiçiləri sayılırlar, digərlərinin lobbi fəaliyyətinə kifayət qədər qısqanc münasibət bəsləyirlər. Hərçənd bu xəbəri türk mediasının Tovuz hadisələrində Rusiyanı açıq şəkildə ittiham etməsinə cavab  kimi qiymətləndirmək də olar.

Vatan yahut Silistre

Türk mediası Ermənistanın Azərbaycanın tranzit kommunikasiyalarını nəzarət almaq istəməsinə, Türkiyənin enerji təhlükəsizliyini təhdid yaratdığına diqqət çəkir. Hakim AKP -yə yaxın "Yeni Şafak" nəşri qeyd edir ki, "İdlib, Liviya, Şərqi Aralıq Dənizi və İraqının şimalı kimi çətin coğrafiyalarda eyni vaxtda uğurla davam etdiyi vaxt Azərbaycan Ermənistan sərhədindəki böhran regional proseslərdən kənar olmaya bilər". Nəşrə görə, "Türkiyəyə qarşı cəbhəni genişləndirmək üçün Ermənistan kimi yeni böhranlar çıxarırlar, amma türk silahlı qüvvələri bir çox cəbhədə mübarizə apara biləcək keyfiyyətə sahibdir[11]. Nəşrin aparıcı müəlliflərində İbrahim Karagül Vətən anlayışını Azərbaycana qədər genişləndirməyi zəruri sayır, İran, Rusiya və hətta BƏƏ-ni münaqişəni qızışıdıran tərəf kimi ittiham edir[12]. Aşağıda ərəb mediasını araşdırarkən həmin yazıya bir daha qayıdacağıq.

Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğanın, Türkiyə müdafiə nazirinin, Türkiyə parlamentində təmsil oluna partiyaların, media və vətəndaş cəmiyyəti təmsilçilərinin birmənalı dəstək bəyanatları həm türk, həm Qərb, həm ərəb, həm də rus mediasında diqqətlə izlənir, xüsusi şərhlərlə tirajlanırdı. Münaqişə haqda məlumatlar verilrəkən vaxtilə itirilmiş Zəngəzur dəhlizinin xatırlanması da maraqlı idi[13] və Ermənistana edilmiş kifayət qədər sərt xəbərdarlıqlar arasında nəzərdən keçirilə bilər.

Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra Türkiyənin bu səviyyədə açıq dəstək bəyanatları ilk dəfə idi. Bu, olduqca müsbət haldır, cənab Prezidentin dost ölkələrinin diplomatik gücünü birləşdirmək istiqamətində yürütdüyü uğurlu siyasətin verdiyi çox böyük üstünlükdür. Bununla yanaşı Türkiyənin Yaxın Şərqdə yüksəlişini birmənalı qarşılamayan, amma bu günədək  Azərbaycana birmənalı dost münasibət göstərən ölkələrin ehtiyatlanmasını da nəzərə almaq lazımdır. Belə ehtiyatlılıq təəssüf ki, bu günlər ərəbdilli medianın toqquşmalarla bağlı  yanaşmasında və xəbər təqdimatında   özünü göstərdi.

Dost meydançada rəqib oyunçular

Ümumən ərəbdilli media məkanı haqda danışarkən hazırda Rusiyanın "Russian Today" tipli KİV-lərinin, İranın özündə işıq üzü görən, eləcə də Livan, İraq , Suriya və Yəməndə Tehranın bilavasitə və dolayı dəstəyilə nəşr olunan çoxsaylı KİV-lərin təsirini mütləq qeyd etmək lazımdır. Eləcə də Livandakı konstitusion quruluşa uyğun olaraq idarəçilikdə təmsil  olunan erməni konfessiyasına məxsus nəşrlərin, ötən yazımızda qeyd etdiyimiz kimi[14] Erməni İctimai Radiosunun və digər erməni KİV-lərinin ərəb audiroyasına xitab edın əlavələrinin fəaliyyətini də nəzərə almaq lazımdır.

Əlbəttə, Türkiyənin nüfuzlu KİV-lərinin az qala hamısı ərəbdilli auditoriyaya xitab edir, AZƏRTAC başda olmaqla bir neçə agentliyimiz də bu auditoriyaya xitab edir, xəbər mübadiləsi haqqında müvafiq analaşmalar da var. Lakin Google aramasında bu günlər rastımıza çıxan Azərbaycan xəbərləri daha çox rəsmi xronikanın tərcüməsi( çox zaman maşinal tərcüməni andıracaq qədər quru) idi. Türkiyənin ərəbdilli nəşrlərində azərbaycanlı imzaları ilə gedən yazılar isə daha çox Türkiyənin mövqeyini əks etdirirdi.

Həm də bilmək lazımdır ki, İran, Türkiyə, Rusiya, Ermənistan, Azərbaycan nəşrləri hər nə qədər ərəbdilli auditoriyaya xitab etsələr də, ərəblərin öz media quruluşları səviyyəsində effektiv ola bilmirlər. Birbaşa ərəb ölkələrində KİV-lər yaratmış İranla müqayisədə hələlik Türkiyə mediası da yetərli dərəcədə effektiv deyil, Azərbaycan nəşrlərinin effektivliyi haqqında danışmaqsa ümumən çətindir.

Livanın "Hizbullah"a(oxu -İrana) yaxın www.al-binaa.com saytı münaqişə ilə bağlı bir neçə yazı ilə çıxışı edərək baş verənləri NATO-nun Azərbaycana və Orta Asiyaya doğru genişlənmə planı daxilində şərh edir,  "Hizbullah" lideri Həsən Nəsrullahın diliylə Ərdoğanı yeni Osmanlı xilafəti qurmaqda ittiham edir, onu Adolf Hitlerlə müqayisədən də çəkinmir.[15]

Hazırda ərəb dünyasında "Əlcəzirə" və "Əl Arabiyyə"dən sonra üçüncü  böyük xəbər  telekanalı sayılan "Əl Məyadin"(Qərb mənbələrinə görə, bu kanal, İran və "Hizbullah" yönlüdür) öz xəbər siyasətinə sadiq qalaraq nisbətən neytral təqdimatlar etsə də, şərhlərində əsas aksent baş verənlərin Türkiyə- Rusiya münaqişəsi istiqamətində olması haqqında idi. Kanalın saytında yerləşdirilmiş materiallarda da Türkiyənin eyni vaxtda həm Liviya, həm Suriya, həm də ... Azərbaycanda Rusiyaya qarşı cəbhə açdığı iddia olunurdu[16].

BƏƏ-nin  www.24.ae, İraqın  www.alhurra.com, Misirin www.misr-alan, almasryalyoum.com[17]  nəşrlərində də xəbərlərin təqdimatında balans Azərbaycanın əleyhinə pozulur. www.misr-alan faktiki olaraq indi bizim mediada "Fırat Haber Ajansı"na və TASS-a aid edilən dezionformasyanı da öz məlumatı kimi tirajlamışdı.

Yuxarıda adını çəkdiyimiz "Əl Məyadin" digər bir şərhində qəfildən Azərbaycan -İsrail əlaqələrinə toxunur, İsrailin Qafqaz ölkələri ilə əlaqələr vasitəsilə İranı mühasirəyə almaq cəhdlərindən, Qarabağ münaqişəsində Azərbaycana kömək etməsindən bəhs edir, İranın "şiə Azərbaycanın" gözləntilərinin əleyhinə Mahmud Əhmədinejadın hakimiyyəti dövründə Ermənistanla bağladığı sövdələşmələrə bu kontekstdə haqq qazandırılır.[18]

Suriyanın hakimiyyətyönlü www.arabitoday.com nəşri isə hələ ki geniş tirajlanmamış başqa bir dezonun mənbəyi kimi çıxış edir. Nəşr iddia edir ki, münaqişə Türkiyənin Moskvadan Bombeyədək  uzanan Şimal Cənub dəhlizinə maneə olmaq istəyən Türkiyənin təhrikilə qızışıb[19].

Etiraf edim ki, ərəb mediasını təxminən 25- 30 il müddətində  izləyən şəxs kimi Tovuz hadisələrindən sonra gedən xəbər, reportaj və şərhlərin məzmunu, təqdimat forması mənim üçün gözlənilməz və bir az da məyusedici idi. Son illər "Həşd əş Şəbi"nin İraqdakı bazasının Azərbaycandan qalxan İsrail qırıcıları tərəfindən bombalanması haqda yazılan feyk kimi kiçik istisnalar xaric bu media demək olar ki azərbaycanpərəst mövqeyi ilə  seçilib. Azərbaycanın haqlı mövqeyi, turist , ixrac potensialı, siyasi əlaqələri haqda əsasən pozitivi vurğulayan  yüzlərlə yazı, reoprtaj, xəbər dərc edilib. "Əlcəzirə" kimi telekanalların neytral təqdimatı da adətən Azərbaycanın nəfinə pozulub.

Azərbaycan bütün müstəqillik tarixi boyunca Urubənin (ərəb dünyasının) ən fərqli ölkələri ilə münasibətləri yüksək səviyyədə saxlamağa  cəhd edib. İstər Əbülfəz Elçibəy, istər Heydər Əliyev, istərsə də İlham Əliyev hakimiyyətləri dövründə bu istiqamətə həssas yanaşılıb. Ümummilli liderin Səudiyyə Ərəbistanına ilk səfərini izləmiş müxtəlif şəxslərin(Elmira Axundova, Rizvan Cəbiyev, Arif Məlikov və b.) öz xatirələrində onun bütün diplomatik, siyasi məharətini istifadə edərək səudiyyəliləri Azərbaycana yatırım qoymağa, humanitar yardım göstərməyə inandıra bilməsini  də heyranlıqla oxumuş və ya dinləmişəm. Belə gərgin cəhdlər səmərəsini də verib. Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla heç bir diplomatik əlaqə qurmayan iki dövlətdən biri Səudiyyədir, Ermənistanın təcavüzünü pisləyən ilk beynəlxalq təşkilatda-  İƏT-də həlledici səsin ərəb ölkələrinə məxsus olduğunu xatırlatmaqla yeni nəsə demiş olmayacağıq.

Mənhus 1990-cı illərdə Azərbaycana ən böyük humanitar yardımların bu ölkələrdən gəldiyi kimsəyə sirr deyil. Hərçənd onlar bu yardımı o qədər də reklamda maraqlı olmayıblar. Son illər xüsusən körfəz ölkələri və Səudiyyə ilə Azərbaycanın yüksələn xətlə inkişaf edən əlaqələri yaxın -uzaq bir çox paytaxtlarda ciddi qısqanclıqla izlənib. Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun və Prezidentin ictimai -siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun Səudiyyə və körfəz ölkələrinə uğurlu səfərləri , siyasi-iqtisadi və hərbi əməkdaşlığın geniləndirilməsi istiqamətində atılan addımlara kölgə salmaq üçün "Pars Today" kimi rəsmi və yarım rəsmi nəşrlərin, bütün erməni mediasının fəaliyyətini, "Russian Today"ın 2009-cu ilə aid video təxribatı yaymaq cəhdlərinə dair cavab materialların hazırlanmasına çalışmışıq və müəyyən qədər səmərəli də olub.

İranın, təəssüf ki, bəzən Türkiyənin də  İnsan və sosial araşdırmalar mərkəzi  kimi bəzi klerikal dairələrinin Azərbaycan -İsrail əlaqələrini hədəfə fəaliyyəti də cavablandırılıb həmişə[20].

"Bəs indi nə baş verir?" sualının cavabını tanınmış ərəb bloqqer , uzun müddət Azərbaycanda çalışmış Əhməd Salehi öz bloqunda cavablandırır. Bloqer yazır ki, "İran Rusiya və Abu Dabi ilə birlikdə şiə Azərbaycanına qarşı pravoslav Ermənistanı  dəstəkləyir! Hamının ortaq məqsədi Azərbaycandan və Orta Asiya respublikalarından Türkiyəyə neft və qaz tədarükünü kəsməkdir ki, enerji ehtiyaclarını təmin etmək üçün Rusiya və İrandan asılı olsun!" Bloqer xatırladır ki, İranın şimalında Azərbaycan Respublikası əhalisi eyni identifikasiyanın daşıyıcısı olan 30 milyon insan yaşayır".    O, dünya azərbaycanlıların  Ermənistanın təcavüzünə qarşı etiraz aksiyalarına Əbu Dabidə(BƏƏ-nin paytaxtı) polisin mane olması, amma Qətərin paytaxtı Dohada bu aksiyaların keçilməsinə heç bir maneə göstərilməməsini məhz bu kontekstdə şərh edərək, hər iki aksiyanın videotəsvirlərini də təqdim edir[21].

Misirin alestiklal.net saytı isə daha çox "Yeni Şafak"a istinad edərək BƏƏ-nin münaqişədə enerji maraqları olduğunu iddia edir[22].

Hərçənd, güman etmək olar  ki,  təxribata əvvəlcədən hazırlaşmış erməni tərəfi bizim öz meydançamız saydığımız Şərq ölkələrinin ictimai rəyini də dəyişmək üçün əvvəldən planlı davranmış, bu zaman Rusiya və  İrana, eləcə də Suriya və İraqın kürdlərinə yaxın media resurslarından, nəhayət, Türkiyənin Liviyada fəallaşmasının Misir, BƏƏ və Səudiyyədə yaratdığı qıcıqdan istifadə etməyə çalışmışlar. Monitorniqimizin bütün Yaxın Şərqin əhatə etdiyini iddia etməkdən uzaq olsaq da, verdiyimiz nümunələr bütün 30 illik münaqişə dövründə ərəb mediasında balansın erməni təbliğatına doğru əyildiyini təsbit etməyə imkan verir. Bunda ənənəvi İsrail-Azərbaycan dostluğunun qabardılması (İrana yaxın nəşrlər), Türkiyənin fəallaşmasının yaratdığı narahatlıqlar və hər halda enerji maraqları da rol oynamamış deyil.

Lakin unutmayaq ki, ərəb mediası yekcins deyil, bir dirijor çubuğu ilə idarə olunmur, xeyli dərəcədə manipulyasiyalara açıqdır, eyni zamanda bəzi dezinformasiyaların həm mənbəyi, həm də ötürücüsü kimi çıxış edə bilir. Kifayət qədər böyük auditoriyanı(təxminən 450 milyonluq), Azərbaycanla siyasi maraqları əksər hallarda üst- üstə düşən dövlətləri(Ərəb Ölkələri Liqası 22 dövləti birləşdirir) göz ardı etməmək lazımdır. Vaxtilə ümummilli liderin dövründə başladılmış, İƏT-in , sonralar İSESKO-nun lehimizə qərarlarında, Xocalı soyqırımının tanıdılmasında, müxtəlif beynəlxalq platformalarda ifadə edilən birmənalı dəstək bizi arxayın salmamalı, yaxın gələcəkdə ərəb kapitalının ölkəmizdən yan keçməməsi, əsası, Azərbaycanın regionda manevr imkanlarının qorunması üçün Tovuz hadisələri zamanı müşahidə edilmiş yadlaşma meyillərinin qarşısı alınmalıdır.

Azərbaycan-urubə, azəri-ərəb əlaqələrinin hər hansı üçüncü tərəfin münasibətlərinin girovuna çevrilməsinə yol verməmək lazımdır. Burda İsraillə münasibəti normal olmayan ölkələrlə yanaşı İsraillə əlaqələri normallaşdırmaq üçün Azərbaycanın nümunəsini öyrənənlər də var, Türkiyənin fəallaşmasından rahatsız olanlarla yanaşı öz ərazisini Türkiyəyə hərbi baza kimi təklif edənlər də var. Ərəb ictimai rəyi ilə işlərkən qeyd etdiyimiz və etmədiyimiz bütün bu xırdalıqlar nəzərə alınmalıdır. Bizim bəzi ekspertlərin və tanınmış jurnalist imzaların etdiyi kimi davranaraq bütün ərəb dünyasını bir rəfə yığıb arzuolunmaz yarlıkı yapışdırmaqsa təhlükəlidir. Biz onların mediasını izlədiyimiz kimi onlar da bizim həm ənənəvi, həm də sosial medianı izləyir, sistemləşdirir, təsbitlərini müəyyənləşdirir, sonda qərarlar verirlər.  Dost olanları zorla düşmən etmək şakərimizdən əl çəkməyə indi çox ciddi ehtiyac var.

Yekunda xüsusi qeyd edim ki, dünya boyunca azərbaycanlıların Vətənlə dəstək aksiyaları çox möhtəşəm idi, 1990-cı ilin yanvarından sonra bir ilk idi də deyə bilərik. O aksiyaların xarici mediada işıqlandırlması lehimizə rəyin dəyişməsi üçün olduqca mühüm idi. Nəhayət, bu yazıda bütün xarici medianın monitoriniqini verməyin mümkünsüzlüyünü xatırlatmağı da zəruri bilirəm.

Cəmaləddin Quliyev

[1] https://www.mbs.news/en/2020/07/azerbaijan-warns-of-risks-to-caspian-energy-exports-from-armenia-asia-conflict.html, https://www.thechronicleherald.ca/business/reuters/azerbaijan-warns-of-risks-to-caspian-energy-exports-from-conflict-with-armenia-474946/

[9] https://www.rbc.ru/politics/15/07/2020/5f0d9a2e9a794710bed2f0c9

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31