Koronavirus pandemiyası payıza qədər davam edərsə - RƏY

 Yay mövsümünün Paşinyan hökuməti üçün həddindən artıq "isti" olacaq

İşğalçı dövlət olan Ermənistanda hakmiyyət idarəolunmaz həddə çatıb. Erməni mətbuatının yazdığına görə, Ermənistanda heç zaman Paşinyan hakimiyyəti dövründəki qədər insan hüquqları pozulmayıb, özbaşnalıq hökm sürməyib. Artıq yerli və beynəlxalq ekspertlər də bu ölkədə vəziyyətin həddən artıq ağır olduğu qənaətindədirlər.  "Rodina" partiyasının üzvü, hüquq müdafiəçisi Arsen Babayan "Koronavirus böhranı, onun humanitar və sosial-iqtisadi nəticələri" mövzusunda müzakirələr zamanı deyib ki, Ermənistanda bu hakimiyyət dövründə hüquq, qanun, qanunvericilik tamamilə pozulub: "Epidemiya zamanı qanunlara hörmət ediləcəyini zənn edirdik. Gözləyirdik ki, az və ya çox normativ aktlar qəbul edilə bilər. Ancaq hadisələrin savadsızlıq səbəbindən eyni şəkildə davam etdiyini görürük".  Hüquq müdafiəçisi Avetik İşxanyan, insan hüquqları məhdudiyyətlərindən genuş şəkildə danışıb. Bildirib ki, dinc toplaşmaq azadlığı hüququ yaşamaq hüququndan sonra ən vacib hesab olunur, çünki bu həm söz azadlığını, həm də etiraz etmək hüququnu özündə cəmləşdirir:  "Fövqəladə vəziyyət zamanı dinc mitinqlər azadlığı hüququnu qadağan edərək, siyasi repressiyalara başladılar. Yəni belə çıxır ki, bir şəxsə qarşı cinayət işi qaldıra bilərik, həbs edə bilərik, amma etiraz etmək hüququnuz yoxdur". Avetik İşxanyan qeyd edib ki, yığıncaq birdən çox insanın qatıldığı bir tədbirdir və tək bir hərəkət toplantı hesab edilə bilməz. Bu vaxt, onun hesablamalarına görə, bu müddət ərzində vahid piket keçirən üç vətəndaş tutulub."Bütün normalar pozuldu", deyə hüquq müdafiəçisi bəyan edib. Hüquq müdafiəçilərinin yekdil qənaəti ondan ibarətdir ki, kənardan müdaxilə, xaricdən idarəetmə Ermənistan hakimiyyətini çökdürüb.  

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, başqa ölkənin forpostu imicindən qurtula bilməyən, xarici yardımlardan, diaspor qurumlarından, erməni kilsəsindən, başqa ünvanlardan asılı olan Ermənistan hakimiyyəti xarici müdaxilə mövzusunu kiçik görə bilməz: "Ermənistanın ictimai-siyasi həyatında Paşinyan iqtidarının qarşılaşdığı problemlər müzakirə edilərkən, bir çox hallarda, Rusiyanın adı çəkilir. Bu planda, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyini "sərt güc"lə deyil, "yumşaq güc"dən istifadə edərək dəyişdirməyə qərar verdiyi haqqında mülahizələr irəli sürülür. Keçmiş prezident Levon Ter-Petrosyanın Paşinyana dəstəyi də özünə diqqət tələb edir. Levon Ter-Petrosyan son günlərdə müxalifətin Paşinyana qarşı artan təzyiqlərini dəyərləndirərkən, "pandemiya dövründə sosial-iqtisadi, siyasi cəhətdən ciddi problemlərə qarşı mübarizə aparan hökuməti tənqid etməyi vətənə xəyanət kimi" dəyərləndirdiyini bildirib. Xatırladaq ki, Paşinyan özü Petrosyanın lideri olduğu Erməni Milli Hərəkatının "şineli"ndən çıxıb və Petrosyana yaxınlığı ilə tanınıb. Burada diqqətçəkən xüsusi bir məqam var: Petrosyanın bəyanatından dərhal sonra müxalifət cinahı Petrosyanı 1990-ci illərin ikinci yarısında Dağlıq Qarabağ münaqişəsində Azərbaycana "güzəştə getmək planı"nın yarımçıq qalması və bu işə Paşinyanın davam etməsi haqqında ittihamlar səsləndirir. Doğrudur, əslində, durum müxalifətin iddia etdiyi kimi deyil. Erməni ictimai rəyində Dağlıq Qarabağ mövzusu siyasi təzyiq vasitəsi kimi istifadə edilir və münaqişəni dinc yolla nizama salmaq istəyən dərhal "gizli əllə" sıradan çıxarılır: Petrosyan istefa verməyə məcbur edilmişdi, Karen Dəmirçiyan terrorçuların parlamentə hücumu zamanı öldürülmüşdü. Paşinyan da, müxalifət də bu gerçəkliyi bilir. Paşinyan Dağlıq Qarabağ məsələsində bütün beynəlxalq normalara qarşı çıxaraq, işğalı davam etdirmək niyyətində olduğunu dəfələrlə dilə gətirsə də, müxalifət də israrla Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana "güzəştə getməkdə" ittiham edir".

Millət vəkilinin bildirdiyinə görə, heç şübhəsiz ki, Azərbaycan siyasətini Ermənistan daxilindəki bu siyasi təzyiq vasitələri üzərində qurmur: "Bizimçün öz strategiyamız önəm daşıyır. Amma erməni cəmiyyətində proseslərin üzlənməsi bizim üçün önəmlidir. Bizim işimiz haqq işidir, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bu bərpa prosesi sülh, yoxsa müharibə yolu ilə baş tutacaq, bax, Ermənistan dövlətinin öz varlığını sürdürə bilib-bilməyəcəyi məsələsi də müəyyən dərəcədə, bu yollardan hansının seçilməsindən asılı ola bilər". Qənirə Paşayeva bildirib ki, işğalçı ölkənin daxili ictimai-siyasi həyatının gərginləşməsi, iqtidar-müxalifət münasibətlərinin neqativ formada inkişaf etməsi, koronavirus pandemiyası zamanı hökumətin qarşılaşdığı problemlər, sosial-iqtisadi qayğıları həll edə bilməməsi bizim maraqlarımıza uyğundur - bu, sirr deyil: "Azərbaycan Ermənistandakı mövcud duruma biganə qalmamaqda, yararlanmaqda həm mənəvi, həm hərbi-siyasi, tarixi-ideoloji, psixoloji haqq-hüquq sahibidir. Söhbət, işğalçı dövlətdən gedir; söhbət Xocalı soyqırımını törətmiş zehniyyətdən gedir; söhbət Qarabağda qanunsuz məskunlaşma aparan hökumətdən gedir; söhbət bütün qanunsuzluqlardan, haqsızlıqlardan sonra bir də bizi ittiham edən, öz qeyri-insani hərəkətlərini davam və inkişaf etdirmə istəyində olan dövlətdən gedir... Belə bir "qarşı tərəf"ə münasibətdə hər hansı başqa bir ölkə necə davranardı? Nəhayət, sonda! Bütün deyilənləri ümumiləşdirərək, deməliyəm ki, Paşinyan hökuməti gərgin duruma nəzarəti önəmli ölçüdə itirib və ölkə, məntiqi şəkildə, xaosa sürüklənir. Ümumiyyətlə, yay mövsümünün Paşinyan hökuməti üçün həddindən artıq "isti" olacağı ehtimalı olduqca yüksəkdir. Əgər koronavirus pandemiyası payıza qədər davam edərsə, iqtisadi problemləri də bura əlavə etsək, Paşinyan hökumətinin durumu olduqca çətin olacaq. Bu çətinlik yalnız Paşinyan və hökuməti üçün deyil, onlar qarışıq, bütün Ermənistana keçərlidir. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatını xatırlatmaq istərdim. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Bu bəyanatın qəbulu Nikol Paşinyanın, onunla birgə Ermənistan dövlətinin ağır məğlubiyyətidir. Avropa Parlamenti rəsmilərinin ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı belə bir birgə sənədi qəbul etməsi fonunda Ermənistanda yaşanan gərginliklərin daha da artması heç təəccüblü deyil. Buna bənzər hadisələr fonunda, 2018-ci ilin mayındakı Günnüt (Naxçıvan) əməlliyatını, ondan daha öncə - 2016-cı ilin aprelində Lələtəpə istiqamətindəki zəfər yürüşümüzü yada salqmaqla, növbəti hərbi-siyasi uğurlar üçün zəmin yarandığına əminliyimi bildirmək istərdim. Dövlətimiz, ordumuz, vətənimiz zaval görməsin!".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31