Müstəqil Azərbaycan Ordusunun tarixinə qızıl hərflərlə yazılan zəfər səlnaməsi

Azərbaycan müstəqillik tarixinin zəfərli, qələbəli günlərindən birini yaşayır. Söhbət 2016-cı ilin 2-4 aprel tarixlərində Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbə və uzun illər işğal altında qalan ərazilərimizin, ən əsası strateji əhəmiyyətə malik Lələtəpə yüksəklıyinin azad edilməsindən gedir. 2-4 aprel zəfəri Azərbaycan Ordusunun erməni hərbi xunta rejiminə verdiyi dərs olmaqla yanaşı, eyni zamanda Silahlı Qüvvələrimizin real gücü, potensialını ortaya qoymuş oldu. Həmçinin Azərbaycan cəmiyyəti, eyni zamanda beynəlxalq aləmdə qəti bir fikir formalaşdırdı ki, Azərbaycan Ordusu istənilən anda öz torpaqlarını güc yolu ilə geri qaytarmağa qadirdir və Aprel döyüşləri bu prosesin başlanğıcıdır. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Millət vəkili Fatma Yıldırım hesab edir ki, Aprel döyüşləri müstəqil Azərbaycan Ordusunun tarixinə qızıl hərflərlə yazılan zəfər səlnaməsidir. Onun sözlərinə görə,  qalibiyyət bayrağını başı üzərində dalğalandıran Vətənimizin mərd oğulları xalqımızın qəhrəmanlıq, sərkərdəlik tarixini keçən zamanlardan üzü bəri belə şərəflə yaşadıb, bu gün də yaşadır, sabah da yaşadacaqlar: "Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığıdır. Bütün bunların tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə bağlılığın, sədaqətin nəticəsi olduğu dəfələrlə təsdiqlənib. Bu gün düşmənlə təmas xəttində döyüş növbəsi çəkən Azərbaycan Ordusunun əsgər və zabitlərinin ruhunda milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır".
Millət vəkili deyib ki, tariximizdə yeni zəfər səhifəsi açan Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi: "Aprel döyüşləri xalqımızın qəhrəmanlıq səhifəsinə qürurla yazılacaq və qürurla xatırlanacaq tarixdir. Bu tarixi Azərbaycan xalqı böyük iftixar hissi ilə yaşadı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi "Aprel döyüşləri ordumuzun şanlı tarixi qələbəsidir". Fatma Yıldırımın sözlərinə görə, Aprel döyüşlərinin qalibiyyət rəmzi kimi ən parlaq nümunələrindən biri də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsidir: "Bu gün Lələtəpə yüksəkliyində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Lələtəpə yüksəkliyi düşmən əsarətində hələ də qalan torpaqlarımızın azad ediləcəyi günün müjdəçisi olacaq. Azərbaycan xalqı inanır ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində işğal olunmuş torpaqlarımız azad olunacaq və qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar. Bu inamla da torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən, millət vəkili olduğum Bərdə rayonun igid oğulları Ziya Niyazi oğlu Həsənov və Səbuhi Rəfayıl oğlu Musayevin əziz xatirəsini böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm".

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, dörd günlük müharibədə Azərbaycan əks hücuma keçərək strateji nöqtələri nəzarətə götürdü. Böyük bir ərazidə işğalçı ordunun hərkət trayektoreyasına nəzarəti ələ aldı: "Həmçinin Ermənistan ordusu barədə mifləri yox etdi. Bu döyüşlərdən sonra erməni ordusu artıq qarşısında güclü və döyüş qabiliyyətinə malik ordu ilə üz-üzə qaldığının fərqində oldu. Dörd günlük müharibə Ermənistanın siyasi-hərbi sistemini laxlatdı və Qarabağ klanı bununla da siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Aprel döyüşləri Ermənistan ordusu arasında koordinasiyanın, onun maddi-texniki bazasının çox acınacaqlı olduğunu üzə çıxardı. Azərbaycan Ermənistan üzərində siyasi-hərbi qələbə edərək, erməni ictimaiyyətində qalib obrazı kimi xarakterizə olundu.

Ermənistan siyasiləri və ictimaiyyəti çox yaxşı başa düşdü ki, Rusiya faktoru olmasaydı, bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda və Laçında dalğalanacaqdı". Məhəmməd Əsədullazadə qeyd edib ki,  Aprel döyüşlərində ordunun əks-hücumu Cəbrayıl, Füzulini götürməklə, Araz boyunu işğaldan azad etmək idi: "Bəli, Azərbaycan ordusu qarşısına qoyulan tələbi uğurla yerinə yetirdi və planda olan ərazilərdə nəzarət təmin edilmişdi. Amma, Rusiyanın israrları ilə danışıqlar prosesi ilə bu ərazilərin qaytarılması razılşadı. Həmin ilin yayında Sankt-Peterburqda əldə olunan razılaşma ilə Sarskiyan da bu plan üzrə hərəkət edəcəyini vurğuladı. Amma zaman keçdikcə , Azərbaycan tərəfini Moskva-Yerevan tandemi manipulyasiya etdi və danışıqlarda vaxt itkisi əleyhimizə işlədi. Həmin vaxt ABŞ və Avropa Azərbaycanın ərazilərini işğaldan azad etməsində maraqlı idi. Çünki, bununla da Rusiyanın regionda mövqeləri zəifləyəcəyi və Qərbin maraqları regionda güclənəcəkdi. Qeyd edim ki, Azərbaycan bu əks-hücumda Qərbin neytral qalacağından əmin idi. Yoxsa, bu hücuma keçməzdi".

Politoloq hesab edir ki, Moskva təşəbbüsü əldən verməyərək Azərbaycan və Ermənistan Baş Qərargah rəsilərini Moskvaya dəvət edərək atəşkəsə imza atdırdı. Bununla da Bişkek protokolu qüvvədən düşmüş sayılmalı və Moskvada atəşkəs müqaviləsi sadəcə bir öhdəlik kimi qəbul edilməməli idi: "Aprel döyüşlərindən sonra Ermənistan ordusu heç də səhvlərini 180 dərəcə düzəltməyib, ordunun döyüş qabiliyyəti və maddi -texniki bazası zəif olaraq qalır. Sadəcə cəbhə xəttində mühəndis istehkam işləri görərək müdafiə səddini qurub. Azərbaycan ordusu dörd il ərzində daha da güclənib, arsenalını yeni 5-ci nəsil silahlarla təchiz edib. Demək olar ki, dünyanın reytinq cədvəlində güclü ordu kimi sıralanmaya daxil olub. Ermənistan ordusu isə, yenədə Rusiyanın işlənmiş silahları ilə öz mövcudiyyətini qorumağa çalışır. Azərbaycan növbəti dəfə əks-hücuma keçərsə işğaldan azad etdiyi ərazilərdə möhkəmlənəcək və Moskvanın danışıqlar aparmaq cavabı qarşılığında Ankara ilə birgə hərəkət edə bilər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31