Mais Səfərli: “Ekstrimal şəraitlərdə də Azərbaycan prezidenti öz vətəndaşının yanındadır”
1 Aprel 2020 14:54 SiyasətMəlum olduğu kimi koronavirus təkcə sağlamlığımızı deyil, eləcə də iqtisadiyyatımızı, iş fəaliyyətimizi təhdid edir. Bu gün ölkəmizdə 40 mindən çox sahibkarlıq subyekti fəaliyyətini ya tamam dayandırıb, ya da məhdud rejimdə işləyir. Başqa sözlə, yüz minlərlə insanımız qazanc mənbəyini itirmişdir. Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, bu minlərlə ailənin çörəksiz, qidasız qalmağı deməkdir: "Lakin prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, atdığı mühüm addımlar bu ciddi problemi aradan qaldırmışdır. Dövlət başçısının göstərişinə əsasən, artıq bu həftədən sahibkarlıq subyektlərinə ödəmələr həyata keçiriləcək. Bu vəsaitlər təkcə sahibkarlara verilmir, həmin subyektlərdə çalışan insanlar da bu ödəmələrdən yararlanacaq. Onların hamısının sosial təminatları da bu vəsaitlər hesabına həyata keçiriləcək. Bundan əlavə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan minlərlə vətəndaşımız da yaddan çıxarılmamışdır. Onlar da bu proqramdan faydalanacaqlar. Bütövlükdə 300 mindən çox muzdlu işçinin əmək haqqı dövlət tərəfindən ödəniləcək". Onun sözlərinə görə, Azərbaycan bu sahədə ilk addım atan dövlətdir: "Hər zaman olduğu kimi bütün ekstrimal şəraitlərdə də Azərbaycan prezidenti, Azərbaycan dövləti öz xalqının, öz vətəndaşının yanındadır. Bu gün insanlarımızdan tələb olunan bir şey var. Tətbiq olunan qaydalara əməl etsinlər. Necə deyərlər, Evdə qal, Sağlam ol!"