Hüququ qiymətini ala bilməyən soyqırım aktı- TƏHLİL

1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Tarixi faktlara əsaən 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirib. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin edib. 9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlib. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilib. General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana gizli teleqram göndərir. Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınırlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlayır. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-də qədər Bakıda davam edib və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalıb. Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi.

Qeyd edək ki,  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini daha yaxşı öyrənmək imkanı əldə edilib, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxıb, təhrif edilmiş hadisələr aşkarlıq müstəvisində daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və heç vaxt tarixi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olub. Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib. Beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir.

1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanıb. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vuraraq, insanları diri-diri yandırıblar. Nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb, xarabalığa çevrilib. Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil alıb, silahlı erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş qətliamların miqyasını bir daha göstərir. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Zəngəzurun 115 kəndi dağıdılıb, dinc müsəlman əhalisinin əmlakı qarət olunub. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetiriblər, 53 nəfər isə yaralanmışdı. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Lənkəran qəzasının Girdəni, Verəvul, Vilvan kəndləri, ümumən 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilib və yandırılıb. Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmayıb, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.

Çox təəssüf ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməyib, dinc insanları qəddar üsullarla kütləvi qırğına məruz qoyaraq cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa, öz xeyirlərinə yazmağa əl atıblar. Lakin bəllidir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan  Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 2008-ci il 14 mart tarixli Qətnamə, AŞPA Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı qətnamə və tövsiyə qəbul etsə də, Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə birmənalı olaraq Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunub. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün bərpasına nail olacağımızı dəfələrlə bəyan edib. Bəyanatda bildirilir ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox müdafiə edir və problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır.  Onu da qeyd edək ki, bütün baş verənlərə baxmayaraq şübhə olunmur ki,  Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə səylər göstərəcəklər. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad ediləcək.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31