Azərbaycanlılara qarşı soyqırımın məqsəd və məramı- “Böyük Ermənistan” üçün hazırlanan ilk ssenari
31 Mart 2020 10:32 Siyasətİşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi deportasiya və soyqırım aktlarının daha birinin ildönümünü yaşayırıq. Söhbət 1918-ci ilin martında bolşevik-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi genişmiqyaslı soyqırım aktından gedir. 102 il əvvəl xalqımıza qarşı həyata keçirilən bu soyqırım zamanı Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində on minlərlə insanımız erməni vəhşiliyinin qurbanına çevrilmişdi. Həmin dövrdə cərəyan edən proseslərə nəzər yetirdikdə belə aydın olur ki, əslində məlum soyqırımı həyata keçirməkdə yeganə məqsəd Azərbaycan dövlətini və xalqını tamamilə məhv etmək və bu günkü Azərbaycanın ərazilərini Ermənistana birləşdirmək idi. Bu mənfur siyasətin əsası isə hələ 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə qoyulmuşdu. Məhz həmin müqavilələrlə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyuldu, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanıldı. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Əslində bu köçürülmə siyasətinin də məqsəd və məramı ərazilərimizdə məskunlaşdırılmış ermənilərin tədricən silahlandırılması və xalqımıza qarşı soyqırım həyata keçirilməsi idi. Beləliklə, tədricən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail olurlar. Azərbaycan ərazilərində məskunlaşdırılaraq silahlandırılan ermənilər xalqımıza qarşı ilk soyqırımı 1905-1907-ci illərdə həyata keçirirlər. azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Beləliklə, ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılır, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilir.
Birinci dünya müharibəsindən sonra Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişləri isə ermənilərin azərbaycanlılara qarşı ikinci bir soyqırım aktı həyata keçirməsinə imkan yaradır. 1918-ci ildə də bolşevik bayrağı altında azərbaycanlılara qarşı soyqırıma başlayan ermənilər həmin ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planını gerçəkləşdirirlər. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilir, yaşayış məntəqələri dağıdılır, yandırılır, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirir, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirirlər. Ümumiyyətlə, 31 mart soyqırımı zamanı ermənilər başda Bakı olmaqla Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəranda böyük soyqırımlar həyata keçiriblər. Təkcə bir gün ərzində Bakıda 12 min türk qətlə yetirilir. Bəzi mənbələrdə isə hətta ermənilərin qətlə yetirdikləri soydaşlarımızın sayı 25 min nəfər qeyd edilir. Çünki ermənilərin mart ayında başladıqları soyqırım sentyabr ayına qədər davam edir və təkcə Şamaxıda 7 min türk qətlə yetirilir.
XX əsrin ən böyük soyqırımı və vəhşiliyi kimi tarixə düşən bu olayın tədqiq edilməsi, onun hüquqi qiymət alması istiqamətində Azərbaycan Xalq Cümhuriyyəti hərəkətə keçsə də, lakin AXC-nin ömrünün çox qısa olması bu prosesi yarımçıq qoyur. Xalq Cümhuriyyətinin süquta uğradılması və Azərbaycanın 70 ildən artıq sovetlərin tərkibində qalması 31 martla bağlı araşdırma və tədqiqatları arxa plana atır. Yalnız ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Fərmanda deyilirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara,100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.
Süleyman