Bu gün Milli Məclisin iclası bir saat tez başlayacaq
30 Mart 2020 09:44 SiyasətBu gün 6-cı çağırış Milli Məclisin (MM) 4-cü plenar iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrlik edəcəyi iclasın gündəliyinə ilkin olaraq, 16 məsələ daxil edilib. Qeyd edək ki, bu iclas əvvəlki iclaslardan xeyli fərqlənəcək. Belə ki, ilk dəfə olaraq, iclas saat 12:00-da deyil, 11:00-da başlayacaq. Bundan sonra plenar iclaslar-səhər iclası 11:00-13:00, axşam iclası 15:00-17:00 radələrində baş tutacaq.
İkincisi, iclasda millət vəkilləri yan-yana əyləşməyəcəklər. Dünyada və ölkədə yaşanan koronavirus təhlükəsinə görə, millət vəkilləri bir-birindən ən azı iki metr aralıda əyləşəcəklər. Bununla bağlı spikerin qərarı-tapşırığı var.
Üçüncüsü, yaşlı, yaşı 65-dən yuxarı olan deputatlar (təxminən 25 nəfər) iclasa qatılmayacaqlar, xüsusi karantin rejiminin tələblərinə əməl edəcəklər. Onu da qeyd edək ki, iclasla bağlı millət vəkilləri 3 gün ərzində testdən-müayinədən keçirilib, onların hər birindən analizlər götürülüb və deputatların heç birində koronavirus aşkarlanmayıb.
Həmçinin, qeyd edək ki, iclasda deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməsi bir vəzifə kimi müəyyənləşəcək. Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik ediləcək. Məsələ barəsində Birinci vitse-spiker, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verəcək.
Qanun layihəsi parlamentdə qəbul ediləcəyi təqdirdə, mövcud qanunun 7-ci maddəsinin adı "Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti" "Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi" ilə əvəzlənəcək. Qüvvədə olan qanuna əsasən, deputatın MM-in və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardırsa, dəyişikliyə əsasən, artıq bu, bir tələb kimi müəyyənləşir. Layihədə qeyd edilir ki, deputat MM-in və onun orqanlarının iclaslarında iştirak etməlidir. Eyni zamanda, bu tələbin üzürsüz səbəbdən pozulması parlamentdaxili məsuliyyətə səbəb olacaq.
Bununla yanaşı, parlament jurnalistləri də MM-in iclasını izləyə biləcəklər. Ancaq parlament müxbirləri bu dəfə jurnalistlər otağından və iclas zalından (yuxarıdan) yox, ikinci mərtəbədən iclasını gedişatını izləyəcəklər. Jurnalistlər üçün MM-in ikinci mərtəbəsində monitor quraşdırlacaq və onlar oradan iclası izləməli olacaqlar. Jurnalistlərin onlar üçün ayrılmış otağa və iclaz zalına buraxılmaması (müvəqqəti olaraq) isə koronavirus təhlükəsinin önlənməsi yönündə görülən təbdirlərlə bağlıdır.