Prezident vətəndaşları məsuliyyətli olmağa çağırdı
29 Mart 2020 15:20 Siyasətİlham Əliyev: "Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar"
Dünyanın əksər ölkələri kimi Azərbaycan da koronavirus təhlükəsi ilə baş-başadır. Artıq ölkəmizdə də yayılmağa başlayan bu virus nə qədər təəssüf hissi ilə qeyd etsək də, artıq bir neçə can alıb. Həmçinin 100-dən artıq insan bu virusa yoluxaraq karantin rejiminə alınıb. Ölkədə həyata keçirilən antivirus əleyhinə tədbirlər, karantin rejimi, eləcə də Hokumətin aldığı bir çox mühüm qərarlar bu öldürücü virusun Azərbaycanda daha geniş yayılmasının qarşısını almağa hesablansa da, lakin bir çox vətəndaşlarımızın məsuliyyətsiz davranışları, karantin qaydalarını kobud şəkildə pozmaları Azərbaycanın da risk qrupuna düşməsi təhlükəsini artırır. Elə bu səbəbdəndir ki, artıq bir neçə gündür ölkə polisi tərəfindən karantin rejimini pozan vətəndaşlarımıza qarşı müvafiq tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydaları pozan şəxslər ciddi şəkildə cəzalandırılır. Düzdür, əslində Azərbaycan dövləti, hökumət, eləcə də hüquq-mühafizə orqanları heç bir halda öz vətəndaşını hansısa formada cəzalandırmağı düşünmür və buna maraqlı da deyil. Ancaq qeyd etdiyimiz kimi, bir çox vətəndaşlarımızın məsuliyyətsiz davranışları adlarını çəkdiyimiz qurumları daha sərt tədbirlər görmək məcburiyyətində qoyur. Baxmayaraq ki, hər gün Azərbaycanda daxil olmaqla koronavirusa yoluxanların sayında qat-qat artım qeydə alınır, bu virusdan ölüm halları çoxalır. Burada bir məqamı qeyd etmək yerinə düşər ki, bu gün dünyanın əksər ölkələrində koronavirus qurbanlarının sayının artmasının başlıca səbəbi məhz məsuliyyətsizılikdən irəli gəlir. Bunu həm həmin ölkələrdə yaşayan və ya təhsil alan azərbaycanlıları, həm də elə o ölkələrin rəsmi dairələri, parlamentariləri açıq şəkildə etiraf edirlər. Zamanında qabaqlayıcı tədbirlərin həyata keçirilməməsi, risk qrupuna daxil olan sahələrdə dərs prosesi, yaxud iş rejiminin təxirə salınmamasının nəticəsidir ki, bu gün koronavirusu ilə baş-başa qalan bir çox ölkələrdə bu virusa yoluxma, yaxud ölüm halları artır. Ancaq qeyd etdiyimiz kimi, hələlik Azərbaycanda mövcud vəziyyət nisbətən normaldır. İstər virusa yoluxma, istər bu virusdan ölüm hallarının qeydə alınmasına görə, Azərbaycan digər ölkələrdən fərlənir ki, təbii ki, bu da hökumətin, dövlətin zamanında həyata keçirdiyi qabaqlayıcı tədbirlərdən irəli gəlir.
Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, virusun əhatə dairəsi və yayılma arealı gün keçdikcə genişlənir və dünya dövlətlərini ciddi təhdid etdiyi üçün daha sərt tədbirlərin görülməsi zərurəti yaradır. Artıq məlumdur ki, bir neçə gündür ölkədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin tədbirləri bir qədər də gücləndirilib. Təkcə son iki gün ərzində onlarla vətəndaş karantin tədbirlərinə əməl etmədyi üçün İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq qaydada cərimə edilib. Ancaq görünən odur ki, həyata keçirilən ciddi karantin tədbirləri də vətəndaşları topluma ziyan vura biləcək hərəkətlərdən yayındıra bilmir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, təkcə gənc nəsil deyil, hətta gənclərə örnək ola biləcək yaşlı, nisbətən ahıl insanlar da koronavirusa qarşı həyata keçirilən karantin təbdirlərinə əməl etmir, heç bir zərurət, ehtiyac olmadığı təqdirdə küçələrə, parklara çıxaraq xəstəliyin daha geniş şəkildə yayılmasına sanki şərait yaradırlar. Bu qaydalara əməl etmək istəməyən bəzi vətəndaşlarımız heç bir halda başa düşmək istəmirlər ki, həyata keçirilən karantin tədbirləri sırf onlarınm təhlükəsizliyi, Azərbaycan insanının, cəmiyyətinin qorunması, onun sözügedən xəstəlikdən yan keçməsi üçün icra edilir. Hətta vəziyyət elə bir həddə çatıb ki, bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi dövlət başçısı Cənab İlham Əliyevi də ciddi narahat edib və Cənab Prezident ötən gün paytaxtda "Yeni klinika" tibb mərkəzinin istifadəyə verilməsi zamanə etdiyi çıxışda açıq şəkildə ifadə edib. Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir: "Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, "mən qorxmuram, mənə bir şey olmaz". Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir". Cənab Prezident onu da qeyd edib ki, dövlət belə bir vəziyyətdə maksimum çalışır ki, insanların narahatlığını anlasın və kömək göstərsin. Ancaq buna baxmayaraq insanlar, vətəndaşlar da məsuliyyətli olmalıdırlar: "Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək".
Süleyman