Özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ilə çıxış etmək vaxtıdır -Təhlil

Sahibkarların həmrəylik nümayiş etdirəcəkləri şübhəsizdir

Koronavirus infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi davam etməkdədir. Dünya ölkələrinin koronavisusa qarşı ciddi cəhdlə mübarizə aparmalarına baxmayaraq hələlik onu lokallaşdırmaq mümkün olmayıb. Sözügedən virusun yayılması insan tələfatı ilə yanaşı, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri ilə müşahidə olunur. Hazırda beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlər koronavirusla mübarizədə səylərini birləşdirsələr də hələ ki, onun sosial və iqtisadi təhlükəsizliyini təmin etmək mümkün olmayıb. Bu kimi amilləri nəzərə alan Azərbaycan dövləti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, xüsüusən əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirməkdədir. Azərbaycan Respublikası Prezidentinin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı buna bariz nümunədir.

Əvvala onu qeyd edək ki, Azərbaycan dövləti koronavirusun yayıldığı ilk andan ona qarşı mübarizədə bütün imkanları səfərbər edib. Xüsusən, sözügedən virusdan ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün mümkün variantlar nəzərdən keçirilib. Lakin bütün görülən tədbirlərə baxmayaraq hazırda qarşıda iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması, iqtisadi inkişafın davamlılığının təmin edilməısi kimi mühüm vəzifələr durur. O da etiraf edilməlidir ki, Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Dövlətimiz dəfələrlə baş verən fors-major hallarda xalqın yanında olduğunu sübut edib, xalqın rifahının qorunması və özəl sektorun inkişafına öz dəstəyini əsirgəməyib. Azərbaycan Prezidentinin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı da ölkə iqtisadiyyatının sabitliyinin davamlığını və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədi daşıyır. Məhz bu səbədən koronavirusun yayıldığına və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalar baş verdiyinə görə, Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.

Ekspertlərin qənaətinə görə, dövlət başçısının məlum sərəncamı koronavirusun ölkə iqtisadiyyatına, eləcə də insanların sosial rifahına vura biləcək mənfi təsirin minimuma endirilməsinə əhəmiyyətli təsir göstərəcək. Belə ki, ayrılan vəsait sahibkarların dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə əhalisinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldilməsi müsbət qərar kimi dəyərləndirilir. Bununla yanaşı, ölkədə əhalinin sağlamlığını mühafizə etmək və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. Hazırda Azərbaycanda sosial təcrid tədbirləri həyata keçirilməkdədir ki, bu da  ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər. Belə hallar nəzərə alınaraq özəl sektor, xüsusən transmilli şirkətlər dövlət başçısının təşəbbüsünə dəstək verməlidirlər. Nəzərə almaq lazımdır ki, bu sahədə özəl sektorun sosial məsuliyyət təşəbbüsləri də ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövləti daim sahibkarlara dəstək olub, ölkədə kiçik və orta sahibkarlığın inkişafına maksimum şərait yaradıb. Heç şübhəsiz ki, sahibkarlar da həmrəylik nümayiş etdirərək, sosial məsuliyyətlərini dərk etməklə dövlətin çağırışına adekvat cavab verəcəklər.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31