"Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması özündə bir sıra mühüm məqamları ehtiva edir" - Bəhruz Quliyev

"COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradlması haqqında Fərman özündə bir sıra əhəmiyyətli məqamları ehtiva etməkdədir". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən verilən qərar ilk növbədə vətəndaşların sağlamlıqlarını bu təhlükədən qorumaq məqsədini daşıyır:" Söz yox ki, Azərbaycan dövlətinin bu məqsədlər üçün zəruri resursları səfərbər etməsi də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Fond öz fəaliyyəti ilə həm də virusla mübarizədə müvafiq maliyyə dəstəyi göstərəcək. Ümumiyyətlə, burada demək olar ki, bütün tələb olunan kriteriyalar mövcud olacaq. Həm səhiyyə işçilərinin diqqətə alınması, həm də maddi-texniki bazanın ən yüksək səviyyəyə çatdırılması, monitorinqlərin aparılması və s. bu kimi digər faktorlar Fondun səlahiyyətində olan məsələlərdir".

"Xüsusilə həmin istiqamətdə çalışacaq tibbi personalın hazırlanması üçün başladılan işlər belə bir nəticə hasil edir ki, Azərbaycan səhiyyəsi qısa zamanda çox önəmli işlərə imza atacaq", deyən siyasi ekspert əlavə edib ki, həmin məsələdə Fondun rolu çox əhəmiyyətlidir:"Cənab İlham Əliyevin bu fəaliyyət üçün 20 milyon manat ayırmaqla, qarşıda görüləcək işlərin nə qədər ciddi və mühüm olmasından xəbər verir. Bütün bunlar isə, bayaq da qeyd etdiyim kimi - xalqın, əhalinin sağlamlığının qorunması yönündə atılan real addımlardır".

"Xatırlatmalıyıq ki, cənab Prezidentin siyasi strategiyası digər sahələrlə yanaşı, əsasən sosial siyasətə istiqamətləndirilib və bu amil göstərir ki, insan faktoru bilavasitə dövlətin daimi diqqətindədir", deyən baş redaktor bildirib ki, bu baxımdan, bir neçə gün öncə Azərbaycan Prezidentinin "Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi bu strategiyanın tərkib hissəsidir:"Lakin bu da əlbəttə son deyil. Belə ki, Azərbaycan hakimiyyətinin insan amilinə göstərdiyi diqqəti ölkə hüdudlarını da aşır. Məsələn, onu da xatırlaya bilərik ki, Nazirlər Kabinetinin qərarı ilə Ümumdünya Səhiyyə Təşkilatına və İran İslam Respublikasına ayrı-ayrılıqda 5 milyon dollar ayırıb. Bu, sözsüz ki, eyni zamanda Azərbaycanın dünyada koronavirusla mübarizəyə layiqli töhfəsidir".

"Ümumiyyətlə, əhalinin sağlamlığının, ölkənin təhlükəsizliyinin təmin edilməsinin prioritet vəzifə olaraq önə çıxarılması bir daha belə bir nəticəyə gəlməyə əsas verir ki, belə bir məqədyönlü siyasət Azərbaycan vətəndaşını istənilən təhlükədən mühafizə edəcək, qoruyacaq", Bəhruz Quliyev sonda vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31