"Əhalinin maddi rifahı ilə bağlı hökumətdə adekvat reaksiya var"

"İki aspektdən sosial müdafiənin təmin olunmasını hökumətdən xahiş etdik. Hökumətdə bununla bağlı adekvat reaksiya mövcuddur. Bu günlərdə Baş nazirin bu barədə qərarı olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Musa Quliyev hazırda ölkədə karantin rejimi ilə bağlı, həmçinin əhalinin bu aspektd maarifləndirilməsi, eyni zamanda iş fəaliyyəti məhdudlaşdırılmış şəxslərin maddi rifahının təmin edilməsi ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, hazırda koronavirusa münasibətdə cəmiyyətdə ikili davranış şəkli müşahidə olunur: "Düşünürəm ki, bu məqamda hökumətin və ictimaiyyətin davranışını və reaksiyasını müqayisə edə bilərik. Hökumətin davranışı və reaksiyası situasiyaya uyğundur, operativdir və adekvatdrı. Eyni zamanda dövlət Ümumdünya Səhiyyə Təşkilatının, beynəlxalq təşkilatların tövsiyyələri və qərarlarına əsasən addımlar atır. Artıq müəyyən qadağalar qoyulub, sərhəd keçid məntəqələrində çox ciddi rejim yaradılıb, karantin şəraiti elan olunub. Ölkəyə gələn şəxslərin demək olar ki, hamısı nəzarət altındadır. İş rejiminin də karantin şəraitinə uyğun olması barədə Baş nazirin qərarı var.

Lakin, cəmiyyətdə ikili münasibət hökm sürür. Bir qismində təşviş, həyacan və panika var. Digər qismində isə biganəlik və hadisəni ciddi qəbul etməmək özünü göstərir. Bu da ilk növbədə cəmiyyətin təbiətindən irəli gəlir. Hadisəyə hər kəs doğru anda reaksiya verə bilmir. Son həftə hökumət tərəfindən çox ciddi informasiya təminatı aparılır. Bununla bağlı sosial roliklər hazırlanıb. Ziyalılar, bu sahədə çalışan həkimlər, alimlər, millət vəkilləri, ictimai-siyasi fəal şəxslər çağırışlar edir, əhalini virusa qarşı səfərbər olmağa, eyni zamanda panikaya düşməməyə səsləyir. Bu addımlar yaxın günlərdə öz effektini verəcək və düşünürəm ki, artıq verir".

Musa Quliyev vurğulayır ki, hazırda cəmiyyət daha adekvat və düzgün addımlar atır, burda maarifləndirilmənin böyük rolu var:

"Bilirsiz ki, məktəblər bağlandığı zaman alışveriş mərkəzləri, oyun salonları, parklar uşaqlarla dolu idi. İnsanlar məktəblərin bağlanmasını istirahət olaraq qəbul etmişdi. Lakin hazırda insanlar ictimai yerlərdə seyrəlib. Bu da onu göstərir ki, cəmiyyətdə maariflənmə prosesi gedir. Məcbur olmadığınız halda evlərinizi tərk etməməyi məsləhət görürəm. Çünki, virusun inkubasiya dövrü 14 gündən 1 aya qədərdir. İnkubasiya dövrü müddətində bir viruslu şəxs 200-dən çox insanı yoluxdura bilər. Bir nəfəri nəzarətsiz buraxmaqla və hamını nəzarət altına almaq praktiki mümkün deyil. İnsanlar özlərini qorumalıdırlar. Buna görə də tövsiyyə olunan bütün tədbirlərə əməl etsinlər".

Hazırda ölkədə müəyyən karantin rejimi elan olunub və izolyasiya tədbirləri həyata keçirilir. Bu dövlət tərəfindən koronavirusun yayılmasının qarşısını almağa yönəlmiş bir addımdır. Bununla yanaşı yaranmış vəziyyətlə əlaqədar iş fəaliyyətini dayandırmış və ya iş fəaliyyəti məhdudlaşdırılmış şəxslərin maddi rifahının stabil tutulması ilə bağlı addımların da atılmasının mümkün olduğunu əlavə edən Musa Quliyev bu məsələnin Milli Məclisdə qaldırıldığını deyir. Məsələ əsasən bu aspektlərdən Milli Məclisdə müzakirəyə qoyulub:

"Məsələ ilə bağlı şəxsən özüm Milli Məclisdə müzakirə qaldırdım. Bu bizim komitəni kifayət qədər narahat edən bir haldır. Biz iki aspektdən sosial müdafiənin təmin olunmasını hökumətdən xahiş etdik. Hökumətdə bununla bağlı adekvat reaksiya mövcuddur. Bu günlərdə Baş nazirin bu barədə qərarı olacaq.

Evdən onlayn şəkildə iş rejimini davam etdirə biləcək şəxslərin evdən işləməsini, həmçinin, yaşlı, xəstə, əlilliyi olan insanların, körpə və azyaşlı uşağı olan anaların yarım ştat iş rejimində çalışmasını və yaxud onlara iki həftəlik ödənişli sosial məzuniyyətin verilməsini təklif etdik. Təbii ki, bu kompensasiya hökumət tərəfindən hər hansı bir şəkildə həmin müəssisələrə ödənilə bilər. Həmçinin insanların müəəssisələrə gediş-gəlişini asan etmək üçün güaşırı iş təmin edilə bilər və ya bununla bağlı müəyyən formalar seçmək olar. Əmək məhsuldarlığının aşağı düşməsi, işin ahənginin pozulması, əlaqələrin qırılması problemləri var. Kiçik və orta sahibkarlarla bağlı dövlətin müəyyən kompensasiya təklifləri mövcuddur".

Deputat qeyd edib ki, koronavirusla aktiv mübarizə aparan tibb işçilərinin əməyinin stimullaşdırılması ilə bağlı da müəyyən təklifləri mövcuddur. Xüsusilə də təcili yardım və infeksion xəstəliklər sahəsində çalışan həkimlər, tibb bacıları, sanitarlardır və s. tibb mütəxəssisləri ilə bağlı təkliflər var:

"Onların praktiki olaraq risk altında işlədiklərini nəzərə alaraq əlavə məzuniyyətlərin verilməsi, maaşlarına əlavələrin edilməsi və ya başqa hər hansı bir şəkildə onlara stimullaşdırıcı maddi dəstəyin olmasını təklif etmişik. Hökumət yəqin ki, bunların hamısını nəzərə alar. Yaxın günlərdə də Baş nazirin bu barədə qərarını oxuyarıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31