Ölkədə qeyri-formal məşğulluğa qarşı ciddi mübarizə aparılır

İlham Əliyev: “Biz bu işləri elə təşkil etməliyik ki, səmərəlilik əmsalı ən yüksək həddə çatsın” Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin səmərəli məşğulluq imkanlarının artırılmasıdır. Bunun üçün isə qeyri-məşğulluğun qarşısının alınması vacib şərtdir. Məhz bu kimi amilləri nəzərə alan prezident İlham Əliyev 2017-ci il 9 oktyabr tarixili sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair” Tədbirlər Planı təsdiq edilib.

İlham Əliyev: "Biz bu işləri elə təşkil etməliyik ki, səmərəlilik əmsalı ən yüksək həddə çatsın"

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin səmərəli məşğulluq imkanlarının artırılmasıdır. Bunun üçün isə qeyri-məşğulluğun qarşısının alınması vacib şərtdir. Məhz bu kimi amilləri nəzərə alan prezident İlham Əliyev 2017-ci il 9 oktyabr tarixili sərəncamı ilə "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair" Tədbirlər Planı təsdiq edilib. Bu fakt deməyə əsas verir ki, ölkə başçısının sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi əhalinin səmərəli məşğulluq imkanlarının artırılmasıdır. Bunun nəticəsi olaraq Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi xarakter alıb. Təkcə 2003-2018-ci illərdə ölkəmizdə yeni yaradılan iş yerlərinin sayı 2 milyondan çoxdur. Ölkənin demoqrafik inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanan "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir. Məlumdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri əhalinin səmərəli məşğulluğunun təminatında önəmli rolunu oynayır. Eyni zamanda, aztəminatlı ailələrin özünüməşğulluq formasında kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının, işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatına şərait yaratmış "İşsizin DOSTu" proqramının əhəmiyyətini xüsusi qeyd etmək olar.

Sadalanan faktlar deməyə əsas verir ki, qeyri-formal məşğulluqla mübarizə ölkənin müvafiq qurumlarının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Dövlət başçıcının təsdiq etdiyiniz müxtəlif fərman və sərəncamlar çərçivəsində qeyri-formal məşğulluğun azaldılması üçün ən ciddi stimullar yaradılıb. Məsələn, vergi güzəştləri tətbiq olunub, eyni zamanda, inzibati tədbirlər gücləndirilib. Bu tədbirlərin müsbət dinamikası ötən il çox ciddi şəkildə özünü göstərib. Təkcə bir il ərzində özəl sektorda əmək müqavilələrinin sayı 100 min artıb. Həmçinin dövlət sektorunda əlavə olaraq 53 min artım qeydə alınıb.  Bu, həm də iqtisadiyyata, həm pensiya-sosial təminatına, həm də kölgə iqtisadiyyatının azaldılmasına ciddi dəstəkdir. Bu müsbət dinamika davam edir.

***

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən qeyd edib ki, biz bu işləri elə təşkil etməliyik ki, səmərəlilik əmsalı ən yüksək həddə çatsın: "Qeyri-formal məşğulluqla bağlı mənim müvafiq göstərişlərim yerinə yetirilir. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məruzələr edilir. Mənə verilən məlumata görə, son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanmışdır. Yəni, bu işlər rəsmiləşdirilmişdir. Burada, əlbəttə ki, çox ciddi monitorinq tədbirləri keçirilməlidir. Bu, məsələ ilə bağlı sizə müvafiq göstərişlər verilmişdir. Eyni zamanda, sistem xarakterli, institusional tədbirlər də nəzərdə tutulur ki, qeyri-rəsmi məşğulluğun əhatə dairəsi daralsın. Əlbəttə ki, burada maarifləndirmə də xüsusi rol oynayır. Mən də bir neçə dəfə vətəndaşlara müraciət edərək demişdim ki, əgər hansısa sahibkar onlara bu formada işləmək təklif edirsə, buna razı olmasınlar, dərhal müvafiq yerli və mərkəzi icra orqanlarını məlumatlandırsınlar. Çünki əgər qeyri-rəsmi işləyəcəklərsə, sabah onların nə pensiyası, nə də sosial sığortası olacaq, xüsusilə nəzərə alsaq ki, bu ildən başlayaraq ölkə ərazisində icbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq olunur. Mənə verilən məlumata görə, həm pilot şəhərlərdə, həm də bu il başlanmış bu işə əhali tərəfindən çox böyük dəstək, böyük maraq var. Ona görə belə təkliflərdən vətəndaşlar özləri imtina etməlidirlər. Amma bəzi hallarda çarəsiz qalırlar. Bəzi hallarda məcbur olub sahibkarların qanunsuz təkliflərinə razılıq verir, qeyri-formal işləyirlər. Ona görə maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Eyni zamanda, göstəriş vermişəm ki, Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız. Bilirəm ki, bu istiqamətdə işlər aparılır".

Xatırladaq ki,  qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, tikinti və xidmət sektorunda göstərir. Bu, bütün dünya ölkələri üçün xarakterikdir. Dünya Bankının hesablamalarına görə dünyada pərakəndə satış, tikinti və bu kimi bəzi sahələrdə məşğul olanların 80 faiizini qeyri-leqal fəaliyyət göstərənlər təşkil edir. Qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından, konkret olaraq işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək, gələcəkdə pensiya almaq və sair kimihüquqlardan məhrum edir. Həmçinin, qeyri-formal məşğulluq vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur. Ona görə də hər bir işəgötürən və işçi arasında əmək münasibətləri rəsmiləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, bu kimi addımlar ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin aşağı enməsini göstərməklə yanaşı, əhalinin sosial təminatının yaxşılaşdırılması prosesinin də bir göstəricisidir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31