Azərbaycanda siyasi islahatlar yeni mərhələdə -ARAŞDIRMA
Azərbaycanda siyasi islahatlar yeni mərhələdə-ARAŞDIRMA
16 Mart 2020 13:48 SiyasətAzərbaycan hər zaman demokratik cəmiyyətin bir üzvü olaraq onun əsas prinsiplərinə, normalarına əməl edib, bu prinsipləri daha da inkişaf etdirmək istiqamətində müntəzəm olaraq addımlar atıb. İstər fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi, istər insan hüquq və azadlıqlarının qorunması, istərsə də plüralizm prinisplərinə sadiqlik və onların inkişaf etdirilməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlər, islahatlar fonunda bunu aydın şəkildə görmək mümkündür.
Son dövrlərdə Azərbaycanda müxtəlif sahələri əhatə edən islahatlar siyasi sahəyə də sirayət edib desək yanılmarıq. Növbədənkənar parlament seçkilərinin keçirilməsi və seçki prosesində ölkənin mütləq əksəriyyət siyasi qüvvələri və siyasi partiyalarına seçkidə iştirak imkanının yaradılması, ölkədə fəaliyyət göstərən siyasi partiyalarla iş, əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyması həm ölkədə siyasi islahatların yeni bir mərhələyə qədəm qoyduğunun göstəricisidir, həm də siyasi plüralizmin möhkəmləndirilməsi istiqamətində atılan addımlardır.
Götürək cari il fevralın 9-da ölkədə keçirilən növbədənkənar parlament seçkilərini. Bu seçkilərdə iştirak etmək arzusunda olan ölkə vətəndaşları, eləcə də siyasi partiya və birliklər üçün yaradılmış şərait də onu deməyə əsas verirdi ki, Azərbaycanda siyasi plüralizm ənənələri mövcuddur və bu ənənələri daha da inkişaf etdirmək istiqamətində davamlı və sistemli şəkildə addımlar atılır. Diqqət etsək görərik ki, növbədənkənar parlament seçkilərində Azərbaycan hakimiyyətinə qarşı ən radikal siyasi mövqedə dayanan Müsavat Partiyası, REAL Hərəkatı kimi siyasi qüvvələr, eləcə də digər siyasi partiya və birliklərin təmsilçiləri iştirak edirdi. Məsələn, Ümid Partiyası, Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf, həmçinin Milli İstiqlal partiyaları da Azərbaycan hakimiyyətinə qarşı müxalif mövqeyi ilə tanınan partiyalardır ki, adlarını qeyd etdiyim həmin partiyaların nümayəndələri də fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olaraq seçki mübarizəsinə qoşulmuşdular. Yəni, buradan ortaya çıxan nəticə ondan ibarətdir ki, fevralın 9-da ölkədə keçirilən növbədənkənar parlament seçkilərində seçki mübarizəsinə qoşulan siyasi partiya və birliklərin ölkənin demək olar ki, bütün siyasi cameəsini əhatə etməsi Azərbaycanda siyasi plüralizm ənənələrinin mövcud olmasının göstəricisidir. Eyni zamanda bu ənənələrin daha da inkişaf etdirilməsi istiqamətində ortaya qoyulan siyasi iradənin təcəssümüdür. Nəzərə alsaq ki, elə Azərbaycan hakimiyyətinə hətta radikal fonda müxalif olan REAL Hərəkatının təmsilçisi də yeni formalaşmış qanunverici orqanda deputat mandatı əldə edib, eyni zamanda kifayət qədər müxalif əhval-ruhiyyədə olan Razi Nurullayev də VI çağırış Milli Məclisdə təmsil olunur, o zaman Azəbaycanda siyasi plüralizm ənənələrinə hansı dərəcədə sadiqlik nümayiş etdirildiyi göz önündə olar. Yaxud VI çağırış Milli Məclisin rəhbər və komitələrinin tərkibinə diqqət etdikdə də ölkəmizdə siyasi plüralizm ənənələrinin qorunub saxlanıldığını, bu ənənələrin daim inkişaf etdirildiyini söyləyə bilərik. Müstəqil Azərbaycan Respublikasının tarixində ikinci dəfədir ki, Milli Məclisin rəhbərliyində, yəni qanunverici orqanın sədr müavini vəzifəsində müxalifəti təmsil edən millət vəkili təmsil olunur. Eləcə də Milli Məclisin sədrinin digər müavinlərini dəö müstəqil və bitərəf deputatlar təmsil edir. Baxmayaraq ki, hakim Yeni Azərbaycan Partiyası qanunverici orqanda çoxluq təşkil edir və Milli Məclis rəhbərliyini tam təmsil etmək səlahiyyətindədir, lakin buna baxmayaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyi siyasi plüralizm nümayiş etdirərək, ortaya qoyaraq qanunverici orqanın rəhbərliyində müxalifət nümayəndələrinin də təmsil olunmasından yanadır. Bu da qeyd etdiyimiz kimi Azərbaycan hakimiyyəti, mövcud iqtidarın ölkədə siyasi plüralizmin daha da inkişaf etdirilməsinə nə dərəcədə ciddi yanaşdığının göstəricisidir. Bir məqamı da qeyd edək ki, bu kimi müsbət tendensiya birbaşa ölkənin siyasi rəhbərliyindən gəlir və dövlət başçısı özü açıq şəkildə bunu ifadə edir, Azərbaycanda siyasi plüralizmin, ümumiyyətlə bütün demokratik prinsiplərin daha da inkişaf etdirilməsinə çalışır, bu istiqamətdə davamlı fəaliyətlər ortaya qoyur. Elə VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı da Cənab Prezident İlham Əliyev bunu açıq şəkildə ifadə etdi. Dövlət başçısı fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə qiymət verərkən bildirib ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb: "Hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır".
Azərbaycanda digər demokratik prinsiplər kimi siyasi plüralizmin də daim inkişaf etdirildiyini, bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atıldığını deyə bilərik. Elə Azərbaycan Respublikası Prezident Administrasiyasının yeni tərkibdə formalaşdırılması və qurumda siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da məhz bu məqsədə xidmət edirdi. Adıçəkilən şöbənin ötən müddət ərzində ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələr, partiyalar, ictimai birliklərlə görüşlər keçirməsi, onlarla ölkənin ictimai-siyasi həyatını müzakirə etməsi, birgə fikir mübadiləsinin aparılması Azərbaycan dövlətinin, hakimiyyətinin ölkədə siyasi plüralizmin daha da inkişaf etdirilməsi istiqamətində atmış olduğu məqsədyönlü addımlardandır. Burada bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, keçirilən həmin görüşlərdə sözügedən şöbə siyasi partiya və ictimai birliklər arasında heç bir fərq qoymur, hətta Azərbaycan hakimiyyətinə qarşı barışmaz, radikal mövqedə dayanan siyasi partiyalara də görüşüb fikir mübadiləsi aparmaq təklif edilir. Ancaq təəssüflər olsun ki, bəzi hallarda siyasi plüralizmin inkiişaf etdirilməsi, siyasi partiyalarla dialoq aparılmasının vacibliyini önə çəkən bəzi siyasi qüvvələr, partiyalar hakimiyyətin bu təklifinə normal münasibət bəsləmir, dialoqdan, fikir mübadiləsi aparmaqdan imtina edirlər. Ancaq bütün bunlara rəğmən Azərbaycan hakimiyyəti yenə də siyasi sahədə islahatları davam etdirir, ölkədə siyasi plüralizmin, ümumiyyətlə bütün demokratik prinsiplərin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsinə çalışır, bu istiqamətdə ortaya real fəaliyyət, siyasi iradə qoyur. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin VI çağırış Milli Məclisdə çıxışı zamanı söylədiyi fikirlərdən də bu aydın şəkildə görünür: "Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır".
S.İsmayılbəyli
Olaylar.az