Yeni parlamentdən yalnız uğurlar gözləyirik- Arzu BAĞIROVA
14 Mart 2020 09:06 SiyasətÖtən il ciddi sosial layihələrin həyata keçirilməsi, əhalinin bütün təbəqələrini əhatə edən proqramların reallaşdırılması və 4,2 milyon vətəndaşı əhatə edən paketin icrası xalq tərəfindən yüksək dəyərləndirildi. İslahatlara meyillilik əmsalına görə Azərbaycan dünyada ilk onluqdadır. Təkcə ötən ildə və cari ilin arxada qalan dövründə atılan addımlara, imzalanan fərman və sərəncamlara diqqət yetirmək kifayətdir ki, bu gün ölkəmizdə hansı sahəyə baxsaq, yalnız böyük inkişafın, tərəqqinin şahidi olursan.
İlin əvvəlindən pensiyaların 16,6 faiz artırılması vətəndaşlarımızı məmnun etdi. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq bu günümüzün reallıqları sırasındadır. Ötən ilin sonunda parlamentin buraxılması, ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan qanunlarımızın zamanın tələbinə uyğun təkmilləşməsi zəruriliyi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqaməti oldu. Fevralın 9-da keçirilən demokratik, şəffaf və azad parlament seçkiləri arxada qalıb. Bu seçkidə xalqımız sərbəst şəkildə, heç bir təsirə və təzyiqə məruz qalmadan istədiyi namizədə, onun problemlərini Milli Məclisdə səsləndirə biləcək şəxslərə səs verdi.
Martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində parlamentin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Qeyd edildi ki, altıncı çağırış Milli Məclisə seçkilər bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olmasında maraqlı olduğunu ortaya qoydu. Parlament seçkilərində 20-yə yaxın siyasi partiya iştirak etdiyinə görə, Milli Məclis çoxpartiyalı parlament kimi formalaşdı. Siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrinin rəhbərliyində təmsil olundular.
Mən yeni parlamentdə qadınlarımızın yüksək vəzifələrə irəli çəkilməsindən qürur duyuram. Milli Məclisin ilk iclasında seçilən sədrin və iki komitə sədrinin qadın olmasını alqışlayıram. Milli Məclisin Sədri Sahibə Qafarovanın, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın öz öhdələrinə düşən işə bacarıq və fəaliyyətləri ilə cavab verəcəklərinə inanıram. Hər üç xanımı təbrik edirəm.
Sədarətin yenilənməsi uğurlu işlərin başlanğıcından xəbər verir. İnanıram ki, dövlət başçısının parlamenti yeniləmək istəyi uğurla nəticələnəcək. Dünyanın diqqətini ölkəmizə yönəldən uğurlarımız bundan sonra da davamlı olacaq, Azərbaycan yeniliklərə imza atan ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək. Yeni fəaliyyətə başlayan parlament bütün sahələrin inkişafına xidmət edən yeni, təkmil qanunların qəbulu ilə ölkəmizin davamlı inkişafına öz dəstəyini verəcək. Tək Milli Məclisdə deyil, bütün sahələrdə dövlət başçısının qarşıya qoyduğu məqsədlərə çatmaq və tələblərinə əməl etmək üçün, şübhəsiz, hər kəs vicdanla çalışacaq, dövlətçilik və milli ənənələrimizə fəaliyyətləri ilə layiqli cavab verəcəklər.
Arzu BAĞIROVA,
"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri
"Xalq qəzeti"