Millət vəkilləri vətəndaşlara çağırış etdilər -Siyasət
13 Mart 2020 15:49 Siyasət"Azərbaycanın valyuta ehtiyatları əhalini hər cür risklərdən qorumağa imkan verir"
Martın 13-də yeni tərkibli Milli Məclisin ikinci plenar iclası keçirilib. Əvvəlcə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlara vəsiqələrini təqdim edib. Ardınca Milli Məclisin I vitse-spikeri Əli Hüseynli Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkürümü bildirib: "Mənə Milli Məclisin I vitse-spiker vəzifəsini etibar etdiyinə görə, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bütövlükdə xalqımızı, dövlətimizi əmin etmək istıyirəm ki, bundan sonrakı fəaliyyətimizdə Ulu Öndər Heydər Əliyevin siyasətinə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəyik". Sonra millət vəkilləri iclasın gündəliyində əksini tapmış qanun layihələrinin müzakirəsinə başlayıblar. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Əmanətlərin tam sığortanlanması haqqında" qanuna dəyişiklikləri təqdim edib. Bildirib ki, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 9 ay müddətinə uzadılır: "Məlum olduğu kimi, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il yanvarın 19-da "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Daha sonra, 2019-cu il fevralın 19-da Qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (2020-ci il martın 4-dək) uzadılıb. Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib". Komitə sədri əlavə edib ki, təkcə son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb. Bu o deməkdir ki, hazırki neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır". Əhalinin heç bir təlaşa düşməməsini tövsiyə edən komitə sədri söyləyib ki, bu gün Azərbaycanın banklarında kifayət qədər xarici valyuta var: "Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdən qorumağa imkan verir". Deputat həmkarını dəstəkləyən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bu gün Azərbaycanda yalandan ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür. Komitə sədri bildirib ki, müəyyən mətbuat orqanları xüsusilə də xaricdə oturanlar bu ajiotajı qızışdırır: "Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalı, dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub. Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. 5-3 adamın şərhlərinə uymamalıdırlar".
Milli Məclisin plenar iclasında qanunvericilik işlər planının müzakirəsi zamanı millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər. YAP-çı deputat Məlahət Həsənova Seçki Məcəlləsinin dəyişdirilməsini təklif edib: "Seçki Məcəlləsinə yenidən baxılmalıdır. 9 fevral seçkilərində bir sıra namizədlər bütün qanunları pozaraq, hər yerdə videoçəkilişlər etmək istəyirdilər. Seçki günü namizədin heç bir hüquqi olmur. Amma seçkilərdə monoloq söyləyən, seçki qutusunun üstündə oturan namizədlər gördük". M. İbrahimqızı qeyd edib ki, onlara seçicilərlə ayda 2 dəfə görüşlər keçirilməsi tövsiyə edilib: "Təklif edirəm ki, seçicilərlə görüşlərimiz, Milli Məclisin iclasları və komitələrdə keçirilən iclaslarla üst-üstə düşməsin. Deputatlar həm seçicilərlə görüşdə, həm də Milli Məclisin və komitələrin iclaslarında iştirak edə bilsinlər". Deputat Elman Məmmədov Azərbaycanda soyqırım haqqında qanunun qəbul edilməsi təklifi ilə çəxəş edib: "Ermənilər indiyə qədər azərbaycanlılara qarşı soyqırımlar törədib. Soyqırım haqqında qanunun qəbul edilməsi məsələsini Milli Məclisin İş planına daxil edilməsini təklif edirəm". Deputat Qüdrət Həsənquliyev təklif edib ki, işğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunsun: "Azərbaycanın işğal olunmuş ərazilərinin hüquqi statusu ilə bağlı qanun qəbul olunmalıdır". Dünyanın bir sıra ölkələrində bu cür analoji qanun qəbul olunub. Bizim işğal olunmuş ərazilərdə xarici şirkətlər işləyir və orada sponsorluq edirlər. Ona görə də həmin ərazilərin hüquqi statusuna dair qanunun qəbul edilməsinə böyük ehtiyac var". Deputat Fazil Mustafa bildirib ki, koronavirusla bağlı distant təhsil yenidən aktuallaşıb. Bununla bağlı qanunvericilikdə dəyişiklikləri zəruri sayan F. Mustafa deyib ki, İqtisadiyyat Universiteti 20 min tələbəyə distant təhsil veriləcəyini açıqlayıb: "Bu istiqamətdə komitələr öz təkliflərini hazırlasın. Koronavirusla bağlı ən riskli vəziyyətdə olan təbəqə həkimlər, tibb işçiləridir. Onların sosial müdafiəsi istiqamətində müvafiq komitələr təkliflər hazırlanmalıdır". Millət vəkili, MM-in Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, parlamentdə iki yeni şöbə yaradılmalıdır: "Milli Məclisdə ən azı iki şöbə yaradılmalıdır. Həm daxil olan qanun layihələrinin öyrənilməsi, həm də dil baxımından şöbələr yaradılmalıdır. Regional məsələlər şöbəsinin ixtiyarında kəndlərin, küçələrin adının dəyişdirilməsi ilə bağlı çoxlu məsələ var. Mən Nizami Cəfərovla danışmışam ki, ancaq onun adı komitəyə daxil edilməyib". Spiker Sahibə Qafarova Nizami Cəfərovun Regional Məsələlər Komitəsinin üzvü seçilməsinə müsbət yanaşıb. Sonra Milli Məclisin daimi komitələrinin üzvləri müəyyən edilib.
Alim
Olaylar.az