Əli Kərimli Elçibəyin ruhu qarşısında "ən murdar siyasətçi"dir -ANALIZ
Əli Kərimli Elçibəyin ruhu qarşısında "ən murdar siyasətçi"dir -ANALIZ
28 İyun 2019 18:04 SiyasətAXCP sədri Əli Kərimlinin özünü Əbülfəz Elçibəyin ruhu qarşısında "ən təmiz siyasətçi" elan etməsi vaxtilə onunla olmuş şəxslərin hiddətinə səbəb olub. Daha dəqiq desək, AXCP sədri sabiq cəbhəçilər tərəfindən təmiz deyil, ən murdar şəxs kimi xatırlanır. Belə ki, Kərimlinin "liderim" dediyi şəxsə qarşı zamanında atdığı addımlarını yada salan insanlar əslində Elçibəyin ölümünə səbəb olan birinin bu qədər həyasızlıq nümayiş etdirməsi ilə barışmadıqlarını bildirirlər. Misal üçün, KXCP sədri Mirmahmud Mirəlioğlu Elçibəyin doğum günü ilə bağlı Ə.Kərimlinin sosial şəbəkədə yazdığı statusuna etiraz edib və AXCP sədrini xəyanətdə suçlayıb.
Rəfail Becanov: "İndi o, hansı haqla özünü alnıaçıq, üzüağ siyasətçi hesab edə bilər ki?"
Bu arada AXCP-nin fəallarından olmuş daha bir nəfər - Rəfail Becanov da mətbuata açıqlamasında deyib ki, Ə.Kərimli bu iddiası ilə özünü daha çox ifşa etmiş olub. "Elçibəy AXCP lideri olduğu zaman Əli Kərimlinin etdikləri ancaq bəyin əleyhinə yönəlmişdi", deyə qeyd edən R.Becanov xatırladıb ki, qruplaşma, tərəfdar toplama, yalandan şantaj etdirmək və s. kimi məsələləri yaradan məhz Kərimli olub: "O, bəyi daim şantaj etdirirdi. İndi o, hansı haqla özünü alnıaçıq, üzüağ siyasətçi hesab edə bilər ki?"
KXCP sədri M.Mirəlioğlunun da Ə.Kərimlini Elçibəyə xəyanətdə ittiham etməsi məsələsinə toxunan R.Becanov bu xəyanətlərin nədən ibarət olduğunu xatırladıb: "Elçibəyə qarşı olan xəyanətlər barədə ayrı-ayrı adamlar danışıb həmişə, bu barədə mediada da məlumatlar yayımlanıb. Ona qarşı hazırlanan xəyanət kampaniyalarının başında hər zaman birbaşa Ə.Kərimli olub. Hətta 1998-ci il qurultayında belə onlar xüsusi təxribat hazırlamışdılar. Sadəcə həmin təxribatı reallaşdırmağa gücləri çatmadı, imkanları yetmədi. Ona görə indi Ə.Kərimlinin o sözü deməyə heç bir haqqı yoxdur. O, həmişə Elçibəy haqqında bitmiş siyasətçi, tükənmiş siyasətçi obrazı yaratmağa cəhd edib. O cümlədən, partiyanın ali məclisində, rəyasət heyətində bəzi adamlara yalançı vədlər verərək, müəyyən mənada, hətta qarşılıq ödəyərək onları Elçibəyin əleyhinə çıxış etməyə məcbur edib. Bundan böyük nə xəyanət ola bilər?"
"Həmin dövrdə Ə.Kərimlinin jurnalistlərdən ibarət şəbəkəsi var idi"
Beləliklə, Kərimlinin Elçibəyə qarşı mübarizə apardığını, hətta bu yöndə təhqiredici fikirlər səsləndirdiyini, hətta şantaj və şər-böhtan kampaniyası apardığını deyən Becanov digər faktları da önə çıxarıb: "Vaxtilə "Məkan" qəzetində Elçibəy haqda təhqiramiz yazılar dərc edilirdi. "Azadlıq" qəzetində Elçibəyin vəfat etdiyi gündə onun əleyhinə məqalələr çap olunmuşdu. Bu məqalələri yayımlamaqda Ə.Kərimlinin məqsədi nə idi? Ə. Kərimli həmin dövrdə müxtəlif dairələrdən aldığı sifarişləri yerinə yetirirdi. O, Elçibəyin əleyhinə fəaliyyət göstərmək üçün müxtəlif dairələrdən sifarişlər alırdı. Həmin dövrdə Ə.Kərimlinin jurnalistlərdən ibarət şəbəkəsi var idi. Bu, həmin şəbəkənin fəaliyyətinin təzahürü idi..."
"Bu adamlar anladılar ki, artıq Əli Kərimli ilə bir ola bilməzlər"
R.Becanov Elçibəyin yaxın silahdaşlarından Ə.Kərimlinin yanında bəzi sıravi adamlar qaldığını da deyərək, təəssüflə bildirib ki, onlar hələ də bəzi həqiqətləri dərk edə bilməyiblər: "Amma Elçibəyin əsas silahdaşlarından heç biri bu gün Əli Kərimli ilə deyil. Heç Ə.Kərimlinin o vaxt yanında olanda da bu gün onunla birgə deyillər. Çünki onlardan Elçibəyə qarşı istifadə edib, sonradan həmin adamların özlərinə qarşı kampaniyalar təşkil edib. Bu adamlar anladılar ki, artıq Ə.Kərimli ilə bir ola bilməzlər. Ona görə də indi mən Elçibəyin keçmiş silahdaşlarından Ə. Kərimli ilə olan heç kimi xatırlaya bilmirəm. Ümumiyyətlə, Elçibəyə birbaşa bağlığı olan adamlar var ki, onlar heç vaxt Ə.Kərimli ilə eyni mövqedə olmayıblar".
Xatırlatmaq yerinə düşərdi ki, hazırda Elçibəyin həyatına sui-qəsd iddiası məsələsi bu gün də istintaqdadır və onun zəhərləndirilməsi ilə bağlı bir sıra faktlar mövcuddur. Məhz bu faktlarda yalnız Ə.Kərimlinin deyil, habelə Qənimət Zahidin və s. şəxslərin adları hallandırılmaqdadır.