Azərbaycan Avropa İttifaqı münasibətləri müzakirə edilib
27 İyun 2019 16:23 Siyasətİyunun 27-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Avropa Ittifaqı-Azərbaycan əlaqələrinə həsr olunmuş görüş keçirilib. Qafqaz Siyasi Analiz Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Akademiyanın rəhbərliyi, müəllim, tələbə və məzunları iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov "Dəyişən regional mühitdə Avropa Ittifaqı-Azərbaycan münasibətləri" mövzusunda keçirilən görüşü giriş sözü ilə açaraq rəhbərlik etdiyi təhsil ocağında Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirləri və beynəlxalq təşkilatların nümayəndəliklərini rəhbərləri ilə görüşlərin keçirilməsinin artıq ənənə halını aldığını deyib. Azərbaycanın bu günkü inkişaf səviyyəsi, əldə etdiyi nailiyyətlərdən danışan Urxan Ələkbərov bu inkişafın təməlində uğurlu siyasət dayandığını söyləyib. Rektor deyib ki, bu siyasət də hazırda Azərbaycan Respublikası Prezidenti Cənab Ilham Əliyev tərəfindən uğurla həyata keçirilir. Urxan Ələkbərov Azərbaycanın dünya birliyi, beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etdiyini vurğulayıb. Rektor deyib ki, bu mənada Azərbaycanın Avropa Ittifaqı ilə əlaqələri də uğurla inkişaf edir. Rektor Cənab Prezident İlham Əliyevin Brüsselə son səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşlər və danışıqların da ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. Sonra söz Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa verilib. O, əvvəlcə diplomat kimi fəaliyyətindən bəhs edib. Bildirib ki, Azərbaycanda diplomat kimi fəaliyyətə başlamazdan əvvəl bir sıra ölkələrdə fəaliyyət göstərib. Artıq iki ildir ki, Azərbaycanda Avropa Ittifaqının nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərdiyini deyən Kestutis Yankauskas təmsil etdiyi qurumla rəsmi Bakı arasındakı münasibətlərdən də bəhs edib. Bildirib ki, Avropa Ittifaqı ilə Azərbaycan arasında bütün sahələrdə, siyasi, iqtisadi, enerji sahəsində çoxşaxəli və uğurlu əməkdaşlıq edilir. Azərbaycanın regionda tutduğu mövqe və rolu da yüksək qiymətləndirən diplomat ölkəmizi Avropa ilə Asiya arasında körpü kimi xarakterizə edib. Kestutis Yankauskas onu da deyib ki, həm rəsmi Bakı, həm də Avropa Ittifaqı ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Səfir ikitərəfli əlaqələrin inkişafı kimi bu günlərdə keçirilən Azərbaycan Avropa İttifaqı biznes forumunu göstərib. Qeyd edib ki, biznes forumda Azərbaycandan çoxsayl nazirlər iştirak edirdi ki, bu da iki tərəf arasında əlaqələrin yüksək səviyyədə olduğunu deməyə əsas verir. Kestutis Yankauskas Azərbaycanın regionda tolerant bir ölkə olduğunu da diqqətə çatdırıb və bunu müsbət tendensiya kimi qeyd edib. Kestutis Yankauskas deyib ki, Azərbaycan Cənubi Qafqazda Avropa Ittifaqının strateji tərəfdaşıdır. Səfir çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın Avropa Ittifaqı institutları ilə birlikdə fəaliyyəti, Avropa Ittifaqı ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin dinamikası, tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərinə də toxunub. Çıxışdan sonra səfir Kestutis Yankauskas qeyd etdiyi mövzularla maraqlanan akademik dairələrin təmsilçiləri, tədqiqatçılar və tələbələrin suallarını cavablandırıb.
Süleyman Ismayılbəyli