Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi cəbhə bölgəsində olub

Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi cəbhə bölgəsində olub

26 iyun -  Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi  və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonundakı "N" saylı hərbi hissəsində  olmuş, cəbhə bölgəsində xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, əsgərimizlə söhbətlər aparmış, sonra bayram günü münasibəti ilə böyük tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə  çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinın  Başçısı Asif Əsgərov 26 iyun- Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələri döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi - psixoloji hazırlıq  cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.  Son illər Azərbaycan Silahlı Qüvvələri hərbi potensialını artırıb, ən müasir silah-sursat, texnika ilə təmin olunub. Natiq qeyd etmişdir ki, son dövrdə  bütün cəbhə boyu gedən döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələri və  rayonun orta məktəb şagirdlərinin əsgərlərə ünvanladıqları məktublar  şəxsi heyətə təqdim edilmiş,  xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31