Gürcüstanda Qərb-Rusiya qarşıdurması yeni mərhələdə
Gürcüstanda Qərb-Rusiya qarşıdurması yeni mərhələdə
21 İyun 2019 14:35 SiyasətQonşu Gürcüstanda iki gündür ki, ictimai-siyasi vəziyyət arzuedilməz istiqamətdə cərəyan edir. Hər şey Parlamentlərarası Pravoslavlıq Assambleyasının Tiflisdə keçirilən iclasında Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilovun parlamentdə iştirakı, eləcə də onun spiker kürsüsündə oturması və moderatorluq etməsindən sonra başlayıb. Mərkəzi hökumətin belə bir addıma yaşıl işıq yandırmasına kəskin etirazlarını bildirən gürcü millətçilər iki gündür ki, qanunverici orqanın qarşısında öz tələblərini səsləndirirlər. Tələb isə rusiyalı deputatların Gürcüstanı tərk etməsindən ibarətdir. Ötən gün etiraz dalğasının genişlənməsi hüquq-mühafizə orqanlarını gücdən istifadə etmək məcburiyyətində qoyub. Hətta gürcü polisi etirazçılara qarşı gözyaşardıcı qazdan da istifadə edib. Polislə qarşıdurma nəticəsində hər iki tərəfdən xəsarət alanlar olub.
Gürcüstanda baş verən proseslər Rusiyaya etiraz xarakteri daşısa da, lakin ekspertlər hesab edirlər ki, bu ümumilikdə xalqın hakimiyyətə qarşı etirazıdır. Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Gürcüstan parlamenti qarşısında etirazlar hakim partiyaya və Rusiyaya qarşı xalqın etiraz səsidir. Onun sözlərinə görə, etiraza səbəb Parlamentlərarası Pravoslavlıq Assambleyasının Tiflisdə keçirilən iclasında Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilovun parlamentdə iştirakıdır: "Rusiya Gürcüstanın ərazilərini işğal edib, bu ölkənin suverenliyini təhdid edir. Belə bir situasiyada "Boz kardinal" B.Ivanaşvilinin Moskva ilə əlaqələri qurmaq planına uyğun olaraq rus deputatların ölkəyə gəlməsinə şərait yaratması xalqda qəzəb doğurub. Bu gürcü xalqına xəyanət kimi dəyərləndirilir. Bu, öz biznes maraqları naminə İvanaşvili ölkəsinin ərazilərini Rusiyanın işğalına legitimlik yaratması anlamına gəlir". Politoloq deyib ki, gürcü müxalifəti başda Milli Vahid Hərəkat partiyası Mixail Saakaşvilinin təlimatı ilə hərəkətə keçib: "Partiyanın sədri Q. Vaşadze müxalifəti güclü şəkildə koordinasiya edib, etirazı genişləndirə bilsə hakimiyyət istefaya gedə bilər, yaxud növbəti seçkilərdə Saakaşvilin partiyası qalib gələ bilər. B.İvanaşvili ciddi strateji səhvə yol verdi, xalqının milli qüruru ilə oyun oynadı. Gürcü xalqı bunu ona bağışlamayacaq. Artıq gürcü cəmiyyəti Rusiyanı qəbul etmir. İvanaşvilinin süni siyasətinə etiraz edir. Saakaşvili etirazları güclü şəkildə idarə edib, təlimatlandıra bilsə ölkəyə dönə bilər. İvanaşvili xalqı sakitləşdirmək üçün nazirləri dəyişsə də, müxalifət üçün bu şansdı və etirazları sistemli olaraq davam etdirərsə polis nümayişə qarışmayacaq". Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstanda baş verənlər Azərbaycanın milli maraqlarına uyğun olaraq hakim partiyanın getməsinə gətirib çıxarsa, "Keşikçidağ" məsələləri artıq yeni hakimiyyət tərəfindən bağlanar: "B. İvanaşvili strateji tərəfdaş Azərbaycana və öz xalqı üzərində çirkin siyasət aparır. Hesab edirəm ki, artıq İvanaşvilinin Gürcüstan siyasətindəki dövrü yekunlaşmaq üzrədir".
Müstəqil ekspert Kamran Sultanlı isə Gürcüstanda baş verənləri Qərb və Şimal rəqabəti kimi dəyərləndirir: "Gürcüstanda parlament qarşısında etirazlar davam edir. Etirazlara səbəb Gürcüstan parlamentində Provaslav Parlament Assambleyasının Sədri Gavrilovun spiker kürsüsündə oturması və moderatorluq etməsidir. Müxalifətin sərt reaksiya verməsindən sonra insanlar küçələrə axışıb. Gürcü toplumunda son dövrlər rusiyayönümlü qüvvələr artmışdı. Bir-neçə gün öncə Gürcüstanda NATO-ya yox, rədd olsun NATO mitinqləri təşkil edilmişdi. Bu mitinqlər Rusiyaya ideoloji və dini bağlılığı ilə seçilən, Qərbə inteqrasiyaya qarşı çıxan və katolik-protestant cərayanlarını özünə təhlükə hesab edən, Gürcü Marşı və Vətənpərvərlər Alyansı tərəfindən həyata keçirilmişdi. Moskva milliyətçilər və kanonik ərazisi olan kilsə vasitəsilə Cənubi Qafqazın Qərbə çıxış qapısı olan Qoblun təbirincə desək yol olan Gürcüstanı qapatmaq və Cənubi Qafqazı blokadaya salmaq siyasətini davam etdirirdi. Bu işdə onlara kilsə yardım edirdi. Bu işdə Gürcü Arzusunun da bir-çox üzvləri kuratorluq edirdilər". Ekspert deyib ki, Gürcüstanla Rusiya arasında iqtisadi əlaqələr daha da artmışdı və son hadisələr Gürcüstanda Avrointeqrasiya tərafdarları ilə Rusiyayönümlülər arasında mübarizənin nəticəsidir: "Gürcü müxalifəti sərt reaksiya verməklə, İvanaşvili administrasiyasının Rusiya ilə əlaqələrini ifşa etdi. Həmçinin Gürcüstan üçün prioritetin əvvəlki tək Avro-Atlantik inteqrasiya olduğunu mesaj verdi. Parlament qarşısındakı etirazlar həmdə Gürcü Marşı və Vətənpərvərlər Alyansına və digər üzü şimala baxan qruplara mesaj idi. Saakaşvilinin də Gürcüstan sərhədlərinə yaxınlaşması, İvanaşvili hakimiyyəti üçün əlavə təhdiddir. Saakaşvili baş verən proseslərə çağırış etdi bundan sonra gərginlik daha da artdı. Hazırda İvanaşvilinin əsas rəqibi, Saakaşvilinin toplum arasında qalan reytinqidir. Bu 2020-ci il parlament seçkiləri öncəsi müxalifətin əlini gücləndirəcək. Müxalifət etirazı ilə sübut etdi ki, Gürcüstanda siyasi proseslərdə öz təsirini hələ də saxlayır. Həmçinin Rəsmi Tbilisinin geriyə yolu yoxdur". Kamran Sultanlı bildirib ki, məsələnin ciddiliyini anlayan boz kardinal da sərt reaksiya verdi və bununla bağlı Parlament sədri ilə danışacağını qeyd etdi: "Zənnimcə bundan əlavə Kirikilaşvilini qurban verən boz kardinal, bu dəfəki prosesləri yumşaltmaq üçün parlament sədri Kabaxidze və DİN rəhbəri Gaxarianın istefaya göndərə bilər. Artıq DİN rəhbəri bununla bağlı müsahibə verərək, istefaya hazır olduğunu vurğulayıb. Gürcüstanda Rusiyanın zəifləməsi və şimal-qərb qonşumuzun üzü Qərbə tərəf baxması, bizimdə maraqlarımıza uyğundur. Çünki Qərb üçün Azərbaycan və Gürcüstan birlikdə önəmlidir. Bu baxımdan Rəsmi Bakı blokadaya düşməmək üçün, həmçinin Rusiyanın gücünü neytrallaşdırması baxımından Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasına dəstək olmağa davam edəcək".
Süleyman