Fransa məhkəmələrinin qərarları erməni lobbiçilərini böyük etiraflara məcbur etdi...

Məlum olduğu kimi, Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış "dostluq xartiyaları"nın ləğv edilməsi prosesinə start verilib. Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə "Dostluq haqqında xartiya"sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar qəbul olunub. 

Qrenobl məhkəməsinin 4 "dostluq xartiyası"nı ləğv etdiyi bildirilir. Vurğulanır ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib.

Bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir.

Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Ermənilər etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir. Digər tərəfdən ermənilər onu da etiraf etməyə məcburdurlar ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə, ATƏT MQ-nin həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur.

Göründüyü kimi Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, anti-Azərbaycan xarakterli addımların qarşısını almaq gücündədir. Artıq bu acı məğlubiyyət haqda Fransada yaşayan və erməni diasporunun tanınmış nümayəndələri də açıq narahatlıq ifadə etməyə başlayıb. Bunlardan biri erməni əsilli politoloq Gaids Minassiandır. O, "Le Monde" qəzetinin elektron versiyasında rəhbər işçilərdən biridir, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da, tez-tez Ermənistana gedib gəlir, aprel döyüşlərdən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub. Fransada yaşayan erməni jurnalist baş verənlərə görə, həm  Ermənistan, həm də erməni lobbisinin məsuliyyət daşıdığını deyib. Onların fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə, bu prosesin davamlı xarakter daşıyacağını bildirib. Göründüyü kimi, istər Ermənistanda fəaliyyət göstərən KİV-lər, istərsə də Fransa və bütün dünyadakı erməni lobbisi bu məsələ ilə bağlı xüsusi narahatlıq keçirdiklərini açıq şəkildə ifadə edirlər. Bu aşırı narahatlığın səbəbi nə ilə bağlıdır?

Politoloq Yeganə Hacıyeva baki-xeber.com-a bildirdi ki, Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qərarında olduğu kimi, Qrenobl inzibati məhkəməsinin də qəbul etdiyi bu qərar ölkənin yerli özünüidarəetmə orqanlarının Fransa qanunvericiliyi və beynəlxalq öhdəliklərinə zidd olaraq Azərbaycanın işğal edilmiş əraziləri ilə imzaladığı qanunsuz sənədləri ləğv edir:

"Ötən həftə Dağlıq Qarabağ problemi ilə bağlı Fransada Azərbaycanın və onun diplomatiyasının xeyrinə çox mühüm qərarların qəbul edilməsi ilə yadda qaldı: "Fransa məhkəmələri vaxtilə bu ölkənin şəhərləri ilə işğal altında olan Dağlıq Qarabağdakı yaşayış məntəqələri arasında imzalanmış "dostluq memorandum"larını bir-birinin ardınca ləğv etdi. Bu, şübhə yox ki, Azərbaycanın milli maraqlarına cavab verən hadisədir. Çünki söhbət beynəlxalq hüququn aliliyinin əsas götürülərək qanunsuz anlaşmaların ləğv edilməsindən, Dağlıq Qarabağdakı separatçı qurumun beynəlxalq hüququn subyekti olmamasının təsbitindən gedir.

Məsələnin özəlliyi həm də ondadır ki, Fransa ATƏT-in üç həmsədrindən biri və erməni lobbisinin ən güclü olduğu dövlətdir. Ermənilərin ən böyük təlaşı da onunla bağlıdır ki, əgər Azərbaycan diplomatiyası və lobbisi Fransa kimi ermənipərəst, ən böyük erməni etnosunun kök saldığı bir dövlətdə də Qarabağ gerçəyini qəbul etdirə bilirsə, o zaman başqa Avropa dövlətlərində buna daha asan nail ola bilər.  Ermənilərin qorxduğu məhz bu presedentdir. Məlumdur ki, ermənilər bu qanunsuz faktordan istifadə edib, Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu müxtəlif təşkilatlara cəlb edirlər. Nə qədər qeyri-qanuni sayılsa da, onlar Dağlıq Qarabağda kütləvi tədbirlər keçirir, xarici ölkələrdən qonaqlar dəvət edirdilər. Hər keçirilən tədbir və ya görüş də xarici mediada işıqlandırılırdı. Bununla da qanusuz rejimin təbliğinə nail olurdular.

Biz Fransa məhkəmələrinin qəbul etdiyi qərarlarla bağlı sistemli iş aparmalıyıq. Bunu fakt kimi, qondarma qurumla əlaqələr quran və bu amili yerli özünüidarətmə qurumlarının qərarı kimi bizə çatdırmağa çalışan ölkələrin nəzərinə çatdırmalıyıq. Fransa məhkəmələri əslində borclu olduqları ədalətli qərarları veriblər. Amma istənilən halda, buna Azərbaycanın diplomatik səyləri nəticəsində nail olunub. Yəni həmin qərarların hazırlanması üçün möhkəm baza rolunu  Azərbaycanın müəyyənləşdirdiyi düzgün siyasəti olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31