Fransa nümayəndə heyəti Milli Məclisdə olub

Fransa nümayəndə heyəti Milli Məclisdə olub

"Azərbaycanı tanıyaq" layihəsi çərçivəsində ölkəmizə səfər edən Fransa nümayəndə heyətinin üzvləri Milli Məclisə gələrək,  əvvəlcə parlamentin iclas zalında deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar. MM-dən "Olaylar"a verilən məlumata görə,

sonra nümayəndə heyətinin Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü keçirilib. İşçi qrupunun  rəhbəri Cavanşir Feyziyev qonaqları parlamentdə səmimi salamlayaraq, Azərbaycanla Fransa arasında əlaqələrin dinamik inkişaf etdiyini söylədi. Nümayəndə heyətinin Azərbaycanı tanımaq məqsədi ilə ölkəmizə səfər etdiyini yüksək qiymətləndirdi. O, münasibətlərimizin qədim tarixə malik olduğunu, Azərbaycanın müstəqillik əldə etdikdən sonra isə iki ölkə arasında daha sıx əməkdaşlığın qurulduğunu söylədi.

Deputatımız  qonaqlara Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı prosesi barədə ətraflı məlumat verdi. Bildirildi ki, Azərbaycanın qanunverici orqanında dünyanın müxtəlif ölkələrinin parlamentləri, o cümlədən Fransa parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir.  O, Azərbaycanda tolerant və multikultural dəyərlərə böyük diqqət göstərildiyini, burada son zamanlar beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini, ölkəmizin dünya miqyasında nüfuzunun artdığını  söylədi. 

Diqqətə çatdırıldı ki, əldə etdiyimiz nailiyyətlərlə yanaşı, bizim Dağlıq Qarabağ münaqişəsi kimi ən ağrılı problemimiz hələ də qalmaqdadır. Münaqişənin tarixi, bu bölgədə son zamanlar baş verən hadisələr, problemin həlli yolunda atılan addımlar barədə qonaqlara ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır və bu istiqamətdə səylərini əsirgəmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31