Əldə edilən hər bir uğurun təməlində 15 iyun gerçəkliyi dayanmaqdadır – Bəhruz Quliyev

“15 iyun  - Milli Qurtuluş Günü ilk növbədə, öz dövlətini, Vətənini sevən azərbaycanlıların şanlı tarixidir və bu tarix Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılmasında çox nəhəng rola malikdir”. Bu fikirləri Olaylar.az -a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

"15 iyun  - Milli Qurtuluş Günü ilk növbədə, öz dövlətini, Vətənini sevən azərbaycanlıların şanlı tarixidir və bu tarix Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılmasında çox nəhəng rola malikdir". Bu fikirləri Olaylar.az -a açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, hər bir xalqın, dövlətin öz milli tarixi günləri olduğu kimi, artıq 15 iyun tarixi də Azərbaycan xalqına və dövlətinə məxsus bir milli qürur səhifəsidir: "Artıq 1993-cü ildə xalqımız açıq-aşkar şəkildə yenicə qazanılmış müstəqilliyi növbəti dəfə itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı və bu baş versəydi, azadlıq uğrunda tökülən şəhid qanları, qurban  verilən canlar hədər olacaqdı. AXC-Müsavat cütlüyünün naşılığı, kreslo davaları, şəxsi və maddi mənfəətlər uğrunda gedən daxili savaşlar eyni zamanda vətəndaş qarşıdurmasına şərait yaradırdı. Azərbaycanın dünya birliyində sıxışdırılması ilə yanaşı, Qarabağ cəbhəsindəki xəyanətlər, satqınçılıqlar üzündən yaranan  məğlubiyyətlər o zamankı iqtidarın dövlət və xalq maraqları barədə əsla düşünməməsi faktını ortaya qoymuşdu. Bütün bunları xatırlayarkən, Azərbaycan dövlətinin nə qədər böyük və dəhşətli məhvə doğru getdiyini gözlərimiz önündə canlandıra bilərik".

"Belə bir çətin, acınacaqlı zamanda - insanların günlərlə çörək növbələrində dayandıqları, hətta həmin növbələrdə həyatlarını itirdikləri vaxtlarda, hakimiyyətin xəyanətləri üzündən cəbhədə  öldürülmüş əsgərlərin tabutlarının ailələrinə axın-axın gəldiyi zamanlarda, küçələrdə, bazar və dükanlarda silahlı reketçiliklərin tüğyan etdiyi dövrlərdə xalqın xilas olmağı üçün çıxış yeganə yolu öz qətiyyətli, xilaskar liderini müəyyənləşdirmək idi", deyə qeyd edən Bəhruz Quliyev həmin Şəxsin Ulu Öndər Heydər Əliyev olduğunu vurğulayıb: "Məhz həmin vaxtlarda Azərbaycan xalqı öz pənahını Onda - Ümummilli Liderdə tapdı, Ona  müraciət etdi, Onun hakimiyyətə gəlməsini birmənalı olaraq istədi, tələb etdi. Belə bir ərəfədə xalqının ağır, böhranlı və çıxılmaz vəziyyətinə biganə qala bilməyən Ulu öndər Heydər Əliyev Azərbaycanı əyilməz iradəsi, müdrikliyi ilə düşdüyü çətin vəziyyətdən çıxardı. O, hər zaman vurğulayırdı ki, yerdə qalan ömrünü Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr edəcək. İqtisadiyyat, neft strategiyası, ordu quruculuğu və s. istiqamətlərdə nəhəng işlərə imza atıldı, Azərbaycan dünya dövlətləri sırasında mötəbər yerini tutmağa başladı. Bütün bunlar 15 iyun - Milli Qurtuluş Gününə xas olan, bu günü tariximizə həkk edən qürur mənbəyimizdir".

"Ümummilli Lider Heydər Əliyev ideologiyası Onun layiqli varisi, Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir və bu gün əldə edilən hər bir mütərəqqi siyasət faktorunun təməlində 15 iyun gerçəkliyi dayanmaqdadır. Əgər nəzərə alsaq ki, müasir müstəqil Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır, ölkəmiz bir sıra mühüm beynəlxalq tribunalarda söz sahibidir və dünyanın ən aparıcı layihələrində təşəbbüskar olaraq çıxış edir, bu zaman Heydər Əliyev ideologiyasının, bu ideologiyaya xas prinsiplərin cənab İlham Əliyev tərəfindən həyata keçirildiyini vurğulaya bilərik. Bütün bunlar bilavasitə Milli Qurtuluş Gününün bariz və məntiqi nəticələridir. Bizlər həmin tarixin əbədi olması üçün daim dövlətimizin, dövlətçilik maraqlarımızın, bu maraqları həyata keçirən Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə Azərbaycanımızın inkişaf və tərəqqisinə davamlı töhfələrimizi veririk, bundan sonra da  bu uğurlu zəfər yolumuzu davam etdirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31