Beynəlxalq birlik Ermənistanın danışıqlardan yayınmaq cəhdlərinə göz yumur- Geosiyasət
Beynəlxalq birlik Ermənistanın danışıqlardan yayınmaq cəhdlərinə göz yumur
10 İyun 2019 15:08 SiyasətErmənistan ənənəvi siyasətinə sadiqliyini bir daha sübut etdirdi. Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik hərəkətlilik artdığı, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi barədə xəbərlərin yayıldığı ərəfədə İrəvan cəbhə xəttində yenidən gərginliyi artıraraq son bir həftə ərzində iki hərbiçimizi şəhid etdi. Bu azmış kimi işğalçı ölkənin siyasi və hərbi rəhbərliyi törətdiyi təxribatlara bəraət də qazandırdı. Hətta Ermənistanın müdafiə naziri azərbaycanlı hərbiçilərin vurulması əmrinin birbaşa özü tərəfindən verildiyini açıq şəkildə etiraf etdi. Bütün bunlar bir daha onu sübut edir ki, işğalçı ölkə heç bir halda Dağlıq Qarabağ probleminin sülh, diplomatik yolla həllində maraqlı deyil. Paralel olaraq problemin həlli missiyasını öz üzərilərinə götürən beynəılxalq təşkilat və qurumlar, xüsusilə də ATƏT-in Minsk qrupu vəziyyətin nizamlanmasına acizdir. Belə olan halda isə çarə güc yolu ilə torpaqları azad etməkdir. Təsadüfi deyil ki, əksər ekspertlər bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsdərlərinin ölkəmizə son səfəri əsasən demək olar ki, danışıqlara zərbə vurdu. Politoloq hesab edir ki, həmsədrlərin səfəri rəsmi Bakıya danışıqlarda Nikol Paşinyanın təklif etdiyi erməni separtaçılarının tərəf kimi qatılmasını zəruriliyini qəbul etdirmək idi: "Artıq, rəsmi Yerevan danışıqlarda Qarabağdakı separtçıları danışıqlarda tərəf olmasını açıq qabardır və bunsuz problemin həlli olmadığını qeyd edir. Minsk qrupunun həmsdərləri də Nikol Paşinyanın bu təklifi ilə razılaşıb. Əsasən Moskva və Paris bu qərarı dəstəkləyir. Göründüyü kimi, Paşinyan bu planla danışıqları manipulyasiya edir. Və, yaxşı bilir ki, Azərbaycan buna getməyəcək. Qeyd edim ki, separtçıların danışıqlarda iştirakı mümkün deyil". Politoloq deyib ki,
artıq danışıqları Paşinyan iqtidarı sabotaj edir: "Moskva da proseslərdə Ermənistanın yanındadır. Məhz separtçıların danışıqlarda tərəf olması Sergey Lavrovun planıdır. Moskva çalışır ki, Azərbaycana bu yolla təzyiq etsin. Buna baxmayaraq rəsmi Bakı Qərblə, xüsusu ilə Vaşinqtonla intensiv danışıqlar aparmalıdır. Türkiyə ilə Azərbaycan arasında davam edən "Sarsılmaz qardaşlıq" taktiki-döyüş atışlı təliminin keçirilməsi, bundan əlavə mütəmadi hərbi təlimlər münaqişə ətrafında müəyyən dəyişikliyə xidmət etməlidir. Danışıqlarda hərbi ritorika üstünülük təşkil etməlidir. Bir məsələni qeyd edim ki, maraqlı tərəf olaraq Qarabağda yeni formalaşan erməni icması ilə Azərbaycan icması arasında dialoq baş tuta bilər. Hazırkı məqamda isə, Xankəndində Koçaryan və Sarkisyana bağlı terrorçu qrupların icma kimi fəaliyyəti qanunsuzdur. Paşinyan çalışır ki, gələn il qondarma seçkilərdə öz adamını icma başçısı seçdirsin və onun buyuruqları burada keçərli olsun". Mərkəz rəhbəri hesab edir ki, Ermənistanın güzəşt limiti bitir və biz getdikcə aprel uğurunun diplomatiyada təsirini azalda bilərik: "Ona görə də biz müdafiə deyil, hücum taktikası ilə irəliləməliyik"
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, cəbhədə baş verən bütün təxribatların məsuliyyəti Ermənistanın üzərinə düşür və düşmən ölkə ciddi cəhdlə danışıqlar prosesinə mane olmağa çalışır: " Bu günlərdə yenə şəhid verdik. Bu, son 10 gün ərzində ikinci şəhid olayıdır. Özü də fikir verirsinizsə, hər iki hərbçimizin (Aqil Ömərov və Elşən Xəlilov) şəhid edilməsi məhz Azərbaycan və Türkiyə qoşunlarının birgə hərbi təlimi ərəfəsində və gedişində baş verdi. Buna təsadüf kimi baxmaq olmaz. Təmas xəttində baş verən bu olaylar açıq şəkildə təxribatdır. Bu təxribatların arxasında ya Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının güclənməsindən narahat olan rəsmi İrəvanın, yada ki Qarabağ münaqişəsini öz "inhisar"ında saxlamağa çalışan Rusiya HSK-nın (Hərbi-Sənaye Kompleksi və ya müharibə quzğunları) barmağı var. Rəsmi Bakının Qarabağ münaqişəsini dondurulmuş konflikt və ya "status-kvo" vəziyyətindən çıxarmaq və işğala son qoymaq cəhdləri görünür bu münaqişənin uzanmasında maraqlı olan qüvvələrin xoşuna gəlmir".
Müstəqil ekspert Kənan Paşayev isə deyib ki, son 10 gün ərzində Ermənistan tərəfinin atdığı addımlar Qarabağ konfliktinin heç vaxt sülh ilə nəticələnməyəcəyini göstərir: "Əvvəlcə tabor komandirimizin şəhid edilməsi ermənilər üçün ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumların bəyanatının heç bir önəminin olmadığını göstərdi. Ermənilər, ən azından separatçı rejim rəhbərləri Azərbaycanla atəşkəs istəmirlər. Çünki bu, onları himayə edən əsas hegemonun maraqlarına cavab vermir. Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə verdiyi açıqlamada "beynəlxalq sənədlərə əsasən, konfliktin 3 tərəfi var" deyə bildirib. Bu əsassız açıqlama düşmən ölkə rəhbərinin "Qondarma Dağlıq Qarabağ" respublikasınında danışıqlara əlavə edilməsi arzusunun göstəricisidir. Bu isə bizim maraqlarımıza cavab vermir. Var olmayan bir dövlətlə Azərbaycan heç vaxt danışıqlara getməz. Görünən odur ki, bu barədə hər iki tərəf heç vaxt uzlaşa bilməyəcək. Bu isə hərbi yoldan istifadənin vacibliyini gündəmə gətirir". Ekspert bildirib ki, Dağlıq Qarabağda qondarma respublikarın da iştirak etdiyi "Conİfa-2019" geydirmə futbol yarışlarının keçirilməsi münaqişənin sülh yolu ilə həll edilməyəcəyinə əyani sübut idi: "Düşmən ölkə "Qondarma Dağlıq Qarabağ Respublikasının" təhlükəsiz yer olduğunu sübut etmək və onu legitimləşdirmək üçün bu addımı atdı. Onlar Qarabağı qaytarmaq fikirlərinin olmadığını bu hadisə ilə bir daha sübut etdilər. İyun ayının 8-də 19 yaşlı əsgərimiz erməni təxribatı nəticəsində şəhid oldu. Tabor komandirimizin qanına qarşılıq 19 yaşlı erməni hərbçisi gəbərdildikdən sonra ermənilər bunun qisasını alacaqlarını bəyan etmişdilər. Belə də etdilər. Bütün bu baş verənlərin qarşılığı ən ağır şəkildə verilməlidir. Erməni rəhbərliyinin bu təxribat xarakterli davranışları haqqında ATƏT-in Minsk qrupu başda olmaqla bütün beynəlxalq təşkilatlara xəbərdarlıq edilməli və baş verənlər rəhbər tutularaq Separatçı rejimə qarşı hərbi əməliyyatlara başlanmalıdır. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli yoxdur. Çünki beynəlxalq birlik Ermənistanın danışıqlardan yayınmaq cəhdlərinə göz yumur. Müxtəlif illərdə baş verən müxtəlif hadisələr bunu sübut edir".
S.İsmayılbəyli