Azay Quliyev: "Azərbaycan parlamentinin təcrübəsi digər ölkələr üçün faydalı ola bilər"

Azay Quliyev: "Azərbaycan parlamentinin təcrübəsi digər ölkələr üçün faydalı ola bilər"

Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və tövsiyələrin tam yerinə yetirilməsi məsələsi həmin təşkilatların gündəliyində olmalıdır. Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyev Tbilisidə keçirilən "Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi" adlı konfransda çıxışı zamanı söyləyib. Azay Quliyev deyib ki, beynəlxalq təşkilatlar demokratik islahatlarla bağlı bir sıra qətnamə və tövsiyələr qəbul edir: "Lakin bu, kifayət deyil. Həmin qətnamə və tövsiyələrin yerinə yetirilməsi məsələsinə diqqət yetirilməlidir. Bu məsələ beynəlxalq təşkilatların gündəliyində olmalıdır". Azay Quliyev Azərbaycan parlamentinin fəaliyyətinə vətəndaş cəmiyyətinin cəlb olunması mexanizmi barədə də danışıb. Bildirib ki, Azərbaycan parlamentində bununla bağlı qanun qəbul olunub. Parlament və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq olduqca əhəmiyyətlidir. Bununla bağlı Azərbaycan ən yaxşı nümunədir. Azərbaycan parlamentinin bu sahədəki təcrübəsi digər ölkələrin qanunverici orqanları üçün də maraqlı və faydalı ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31