Dünya işğalçını niyə öz adı ilə çağırmır? PROBLEM
Dünya işğalçını niyə öz adı ilə çağırmır?
7 İyun 2019 13:59 Siyasətİşğal olunmuş torpaqları azad etmək Azərbaycanın haqqıdır
Azərbaycan iqtisadiyyatının inkişafı, ölkəmizin beynəlxalq imicinin artması, dünyada Azərbaycanla müttəfiqlik etmək istəyən ölkələrin sayının çoxalması və ən nəhayət ordumuzun qüdrətinin artması işğalçı Ermənistanı əməlli-başlı təşvişə salıb. Müharibənin yenidən alovlanacağı barədə ehtimallar Ermənistanın qorxuya düşməsinə səbəb olub ki, artıq bunu erməni siyasətçiləri də etiraf etmək zorunda qalıblar. Elə bu səbədən dünyada Azərbaycanın müharibəyə hazırlaşması barədə haray-həşir qoparmağa başlayıblar. Çox təəssüf ki, bu məsələdə Ermənistana dəstək verənlər də tapılmaqdadır. Belə ki, bir müddət öncə Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Milli Məclisdə keçirilən "Azərbaycan Avropa məkanında" adlı konfransda Qarabağ problemini "qarışıq məsələ" adlandırıb. Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq: "Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz..."
Qəribə məntiqdir, deyilmi? Azərbaycanın torpaqlarına Ermənistan nəzrət edir, işğalçı olmur, amma Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə işğalçı olur. Cənab Afanasi Tyudora xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın başına ermənilər tərəfindən gətirilən müsibətlərin sayı-hesabı yoxdur. Son dəfə Qarabağ savaşı altında zorən Ermənistan ilə cəlb olunduğumuz müharibədən on illərdir ki, vaxt keçir. Siyasətçilərin, diplomatların gərgin səyi nəticəsində yekunda ortada həlli görünməyən bu uğursuzluqları yalnız ermənilərin axmaq siyasəti, yəni uydurduqları boşboğazlığın ayağına yazmaqdan başqa adı yoxdur. Xatırladaq ki, Ermənistan adlanan mənfur qonşumuzun Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan-Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəli soxularaq 20 faizədək Azərbaycan torpaqlarını işğal edib, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına alıb. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçib. 1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilib ki, nəticədə 1568 nəfər həlak olmuş, 1808 nəfər yaralanıb. Ermənilər tərəfindən işğal olunmuş ərazilər heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrilib. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün bütün lazımi şərait yaradıb. Məhz bu faktlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapıb. Erməni tərəfinin rəsmi məlumatlarına və qondarma "Dağlıq Qarabağ" hökumətinin hesabatına görə 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər olub. Halbuki 1989-cu ilin siyahıya alınmasına görə həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşayıb. ABŞ-ın Qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini tərk edənlərin qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəməlidirlər. Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. Ermənistanın keçmiş prezidenti Serj SarkisyanAzərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal oluduğunu BMT təsdiq edib. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edib. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirməyiblər. Ermənistan Baş naziri Nikol Paşinyan isə beynəlxalq təşkilatların qətnaməsini icra ütmək əvəzinə, dünyada haray-həşir qaldırır ki, "imkan verməyin Azərbaycan müharibəyə başlasın". Ermənistan qorxur ki, guya Azərbaycan müharibəyə başlasa böyük fəlakət olar. Maraqlıdır, nədən Azərbaycan öz torpaqlarının işğaldan azad etmək üçün müharibə edə bilməz. Belə məlum olur ki, Ermənistan, eləcə də onun havadarları Azərbaycanı müharibəyə sürükləyirlər. Ancaq nəzərə almaq lazımdır ki, bu gün dünya durumu sanki lap nazik bir ipin üstündədir. Hər an müharibə qığılcımı bu nazik ipi yerli-dibli kəsə bilər. Bax onda, Ermənistan Beynəlxalq Məhkəmədə cavab verməli olacaq. Hələ ki, beynəlxalq təşkilatlar etiraf etmək istəmirlər ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutub. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə nəticələnib. Çox təəssüf ki, dünya birliyi bu hadisəni nəinki tanımaq, heç adını belə çəkmək istəmir. Bütün hallarda Ermənistan bilməlidir ki, beynəlxalq hüquq Azərbaycana imkan verir ki, işğal altında olan torpaqlarını hərb yolu ilə azad etsin. Şübhə yoxdur ki, Azərbaycan bayrağı rəşadətli ordunun sayəsində işğal olumuş ərazilərdə dalğalanacaq.
Zəka