Rusiya Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır? EKSPERT

Dağlıq Qarabağ probleminin həlli istiqamətində növbəti dəfə diplomatik fəallıq müşahidə edilməkdədir. Maraqlısı odur ki, bu diplomatik fəallıq əsasən iki istiqamətdə özünü göstərməkdədir. Bir tərəfdən Birləşmiş Ştatlar, digər tərəfdən Rusiya tərəfindən. Rusiya Federasiyasının təşəbbüsü və ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə xarici işlər nazirləri, eləcə də Azərbaycan və Ermənistan rəhbərliyinin keçirilən son bir neçə görüşü nəticəsiz qaldığından, qeyd edilən cəbhədə Birləşmiş Ştatlar fəallıq nümayiş etdirməyə başlayıb. Belə ki, son vaxtlar Vaşinqtonun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eləcə də Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşəcəyi barədə fikirlər gündəmə gəlib. Elə Birləşmiş Ştatlar prezidenti Donald Trampın Azərbaycan və Ermənistan rəhbərliyinə hər iki ölkənin Respublika Günü ilə bağlı göndərdiyi təbrik məktubunda da demək olar ki, buna eyham vurulurdu. Ağ Ev rəhbəri Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə, eləcə də Ermənistan baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda Cənubi Qafqazda sülhün təmin olunmasının vacibliyini ifadə edirdi. Eyni zamanda bunun üçün birgə səylərin vacibliyini qeyd edirdi.

Görünür, Birləşmiş Ştatların Dağlıq Qarabağ probleminin həllində diplomatik fəallığının artmasının göstəricisidir ki, Rusiya Federasiyası da yenidən bu istiqamətdə aktiv hərəkətə keçib və Moskva heç bir halda Vaşinqtonun prosesdə yaxından iştirakını istəmir. Son bir həftə ərzində Kreml rəhbəri Vladimir Putinin Azərbaycan və Ermənistan rəhbərləri ilə keçirdiyi telefon danışığı da onu deməyə əsas verir ki, Rusiya iki ölkə arasında növbəti görüşün məhz onun vasitəçiliyi ilə keçirilməsində maraqlıdır. Elə əksər ekspertlər də bu qənaətdədirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiya bunu daha çox Bakı və İrəvan arasında balans yaratmaqla həyata keçirmək istəyir. Onun sözlərinə görə, rəsmi Moskva hər bir məsələdə iki ölkə arasında demək olar ki, balansı qorumağa çalışır. Elxan Şahinoğlu qeyd edib ki, elə Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin hər iki ölkənin liderləri ilə son telefon danışığı və danışıqlar zamanı ifadə edilən fikirlər də bunu bir daha sübuta yetirir: "Azərbaycan prezidenti İlham Əliyev iyunun 3-də Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib və İlham Əliyev Rusiyanın Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı Putinə təşəkkürünü bildirib. Politoloqun sözlərinə görə, telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olunub: "Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi aparıblar.Maraqlıdır ki, bir neçə gün əvvəl Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib onu ad günü münasibətilə təbrik etmişdi. Vladimir Putin Nikol Paşinyanla telefon danışığında da münasibətlərin inkişafı haqqında oxşar sözləri demişdi. Digər tərəfdən Vladimir Putin hava limanlarına ad qoyması məsələsində də balansı qoruyub.Surqut şəhərinin hava limanına Fərman Salmanovun adı verildi. Azərbaycanlı Fərman Salmanov Sibirdə neft istehsalında vacib rol oynayıb. Vladimir Putin eyni zamanda Simferopol hava limanına İvan Ayvazovskinin adını verib. Ayvazovski milliyətçə erməni rəssam olub. Yəni bu yolla Putin azərbaycanlılarla ermənilər arasında balansı saxlamış oldu".

Elxan Şahinoğlu deyir ki, Vladimir Putinin Nikol Paşinyana zəng etməsinə baxmayaraq, Rusiya prezidenti Paşinyanın rəqiblərinə simpatiya bəsləyir: "Bunu Nikol Paşinyan da bilir, ancaq mövcud reallığı dəyişə bilmir. Dağlıq Qarabağ separatçıları əvvəlki kimi Nikol Paşinyana problem yaradırlar. Misal üçün Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Nikol Paşinyanla görüşəndə onun fikirlərinə etiraz etmir, hətta razılaşdığını bildirir. Ancaq daha sonra Qarabağ separatçıları xəbər yayırlar ki, Nikol Paşinyan guya torpaqları Azərbaycana qaytarmaq istəyir. Paşinyan Bako Saakyanı hətta onda ittiham edir ki, separatçıların lideri müşavirlərinə Ermənistanın baş naziri əleyhinə statuslar yazmağı tapşırır. Ciddi ittihamdır. Nikol Paşinyan etiraf edir ki, bağlı qapılar arasında Qarabağla bağlı aparılan danışıqların bütün təfərrüatlarını Bako Saakyana təqdim edib. Halbuki, Nikol Paşinyanın iddiasına görə Ermənistanın ondan əvvəlki liderləri Bako Saakyana heç bir məlumat vermirmişlər. Başqa sözlə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Qarabağdakı tərəfdarlarına yuxarıdan aşağı baxırmışlar.Qarabağ separatçıları eks-prezidentlər Köçəryan və Sərkisyandan ona görə hesabat istəmirdilər ki, separatçı olan hər ikisi Azərbaycan torpaqlarının işğalına bilavasitə rəhbərlik ediblər, yəni Bako Saakyandan biri idilər. Paşinyan isə onlardan biri deyil. Ona görə də Dağlıq Qarabağ separatçıları ona etibar etmirlər. Paşinyan İlham Əliyevlə qapalı görüşlərdə danışdıqlarını yazılı şəkildə nöqtə-vergülünə qədər Bako Saakyana çatdırsa da, xeyri yoxdur. Çünki separatçılar Paşinyana müvəqqəti fiqur kimi baxırlar və inanırlar ki, Qarabağ klanı Moskvanın dəstəyi ilə onu hakimiyyətdən uzaqlaşdıracaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31