Fransa məhkəməsindən Dağlıq Qarabağla bağlı ədalətli presedent

Fransa məhkəməsindən Dağlıq Qarabağla bağlı ədalətli presedent

Uzun müddətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin ona məxsus olmasını beynəlxalq aləmə sırımaqdan ötrü dəridən-qabıqdan çıxır. Ermənilər qarşılarına qoyduqları bu məqsədlərinə nail olmaqdan ötrü bütün mümkün üsul və vasitələrdən istifadə edirlər. Gah Dağlıq Qarabağa xarici ölkə vətəndaşlarını turist kimi dəvət edir, gah da işğal altındakı rayonlarda müxtəlif tədbirlər təşkil edirlər. Son illərdə ermənilər ən sınanlmış metod kimi "rayonların qardaşlaşması" metoduna üstünlük verirlər. Artıq formal olsa da Azərbaycanın işğal olnunmuş rayonları ilə bir sıra ölkələrin bələdiyyələri arasında guya dostluq münasibətlərini nizamlayan qeyri-rəsmi sənəd imzalanıb. Etiraf edilməlidir ki, bu işdə erməni diasporası və "konyak diplomatiyası" mühüm rol oynayır. Lakin ermənilərin bütün cəhdinə baxmayaraq Azərbaycanın yürütdüyü xarici siyasət öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hücum diplomatiyası artıq Ermənistana ən yaxın müttəfiq olan ölkələrdə belə öz sözünü deməkdədir. Bu dəfə  Fransanın "kiçik bacısı" imicini qazanmış Ermənistanın arzuları elə bu ölkədə paran-parça oldu. Belə ki,  Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında "Dostluq haqqında xartiya"nı ləğv edib. Rəsmi məlumata görə, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya"nı iyunun 4-də ləğv edib.Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət bir sıra xarici ölkələrdə Ermənistanın planlarını darmadağın edib. Erməni diasporasının nə qədər güclü və sarmaşıq kimi kök ataraq yayılmasına baxmayaraq, Azərbaycanın hədəfi düz seçməsi, xüsusən, Dağlıq Qarabağ məsələsində haqq olması ermənilərin çoxsaylı arzularını ürəklərində qoyub. Fransanın isə Ermənistanın himayədarı olması, iki ölkə arasında sıcıq münasibətlərin olması, ən nəhayət bu ölkədə erməni diasporasının siyasi elitaya nüfuz etməsi Azərbaycana qarşı qeyri-məqbul fikrin formalaşmasına səbəb olmuşdu. Elə bu səbədən də Fransa ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq ölkəmizə qarşı ikili standartlardan çəkinmirdi.    

Bu addım isə 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi. Məhz bu baxımdan Fransa məhkməsinin Dağlıq Qarabala bağlı çıxardığı ədalətli qərarı  presedent hesab etmək olar. Siyasi ekspertlər hesab edirlər ki, Fransa Femidasının bu ədalətli qərarı belə bir əminlik yaradır ki, məhkəmələr Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər belə qeyri-qanuni xartiyaları da ləğv edəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31