Uşaqlar üçün sosial xidmətlərin əhatə dairəsi genişlənəcək- Təhlil
Uşaqlar üçün sosial xidmətlərin əhatə dairəsi genişlənəcək
3 İyun 2019 15:50 SiyasətÖlkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı ən yüksək səviyyədədir
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial siyasət davam etdirilmkdədir. Məlumat üçün qeyd edək ki, dövlət başçısının yürütdüyü sosial siyasət demək olar ki, cəmiyyətin bütün təbəqələrini əhatə etməkdədir. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Prezident İlham Əliyevdən xüsusi qayğıya ehtiyacı olan uşaqlara daha bir qayğının bariz nümunəsini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" Sərəncam qeyd olunan kateqoriyadan olan uşaqlara, həmçinin reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qruplara dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Ölkəmizdə sosial xidmətlər sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə şərait yaradan bu Sərəncam həmçinin ayrı-ayrı əhali qruplarının da ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir. Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. ölkəmizdə uğurla həyata keçirilən sosial müdafiə siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların və qeyd olunan digər şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Belə ki, ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.
Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla "Sosial xidmət haqqında" Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması nəzərdə tutulur. Bu isə cari ildə günərzi qayğı mərkəzlərinin sayının 58-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayının 58-ə çatdırılmasına imkan verir. Həmçinin Sərəncam autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayının 15-ə, məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin sayının 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmətlər mərkəzlərinin sayının 10-a çatdırılmasına şərait yaradır. Sərəncamın yaratdığı imkanlar nəticəsində, eyni zamanda, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 3-ə, sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi mərkəzlərinin sayı 10-a çatdırılacaq.
Digər tərəfdən, dövlət başçısının yeni Sərəncamı ahıllar üçün də 5 günərzi mərkəzin, əlilliyi olan şəxslərə 10 peşə-sosial reabilitasiya mərkəzinin, insan alveri qurbanları üçün 3 reabilitasiya mərkəzinin yaradılmasına imkan verir. Eləcə də, Sərəncam sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili və sosial reabilitasiyası tədbirlərinin gücləndirilməsinə, bu tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə şərait yaradır. "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" Sərəncam bir daha göstərir ki, xüsusi qayğıya ehtiyac duyan uşaqlara, ümumən reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyacı olan vətəndaşlara qayğının ildən-ilə artırılması, onların sosial müdafiəsi və qeyd olunan xidmətlərlə təminatının gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, uşaqların sağlam və firavan böyüməsi, onların rifah halının daha da yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib. Prezidenti İlham Əliyevin bu günlərdə "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" Sərəncamı buna əyani sübutdur. Sərəncama əsasən, "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beş milyon manat ayrıldığını xatırladan deputat söyləyib ki, bu addım bir daha göstərdi ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı yüksək səviyyədədir. K. Əliyeva qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir: "Məhz bunun nəticəsidir ki, Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının qorunması, sağlam və vətənpərvər ruhda yetişməsi üçün bir sıra addımlar atılır, mühüm qərarlar verilir". Azərbaycanda uşaqların, xüsusilə də qayğıya ehtiyacı olanlar Heydər Əliyev Fondu tərəfindən hər zaman diqqətdə saxlaıldığını xüsusi vurğulayan deputat bildirib ki, Fond tərəfindən bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbüsü ilə əvəzsiz işlər görülüb: "Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Fondun qarşıya qoyduğu əsas məqsədlərdəndir".
Nurlan