“Təcavüzkarlar dinc əhalimizə, hərbçilərimizə açdıqları hər snayper atəşləri ilə öz vəziyyətlərini qəlizləşdirmiş olurlar” – Bəhruz Quliyev
“İşğalçı Ermənistanın siyasi hakimiyyəti dəyişsə belə, mövcud rəhbərliyin Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktivlik maraqlarının olmadığı göz qarşısındadır”. Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a ATƏT MQ həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, erməni təcavüzkarlarının işğalçılıq siyasəti dəyişilməz qalmaqla yanaşı, onların əsas məqsədləri hazırkı status kvonu saxlamaq cəhdləridir:
3 İyun 2019 15:47 Siyasət"İşğalçı Ermənistanın siyasi hakimiyyəti dəyişsə belə, mövcud rəhbərliyin Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktivlik maraqlarının olmadığı göz qarşısındadır". Bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a ATƏT MQ həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, erməni təcavüzkarlarının işğalçılıq siyasəti dəyişilməz qalmaqla yanaşı, onların əsas məqsədləri hazırkı status kvonu saxlamaq cəhdləridir: "Biz düz 25 ildir ki, münaqişənin həlli istiqamətində heç bir irəliləyişin olmadığının şahidləriyik və Ermənistan əsasən danışıqlar prosesinə hər vəchlə maneə olmağa çalışırlar. Yəni onlar işğalçılıq siyasətlərini nəinki saxlamaq, hətta zaman-zaman inkişaf etdirmək məqsədlərini belə gizlətmirlər. İşğalçılar müxtəlif beynəlxalq siyasi kuluarlarda səsləndirdikləri dırnaqarası sülhpərvərlik çağırışları ilə deyərdim ki, müvafiq qurumları ələ salırlar. Onların bu "iddiaları" yalnız və yalnız öz işğalçılıq maraqlarının qorunub-saxlanmasına hesablanıb".
Siyasi ekspert hesab edir ki, Ermənistanın Serj Sarkisyan hakimiyyəti Nikol Paşinyan hökuməti ilə əvəzlənsə də, ortada heç bir mənzərə dəyişməyib və bu, son anda həmin ölkə və xalq üçün çox ağır nəticələrə gətirib-çıxara bilər: "Artıq Paşinyan anlamağa məhkumdur ki, son anda hər şey onun və ölkəsinin əleyhinə çevrilə bilər. Çünki qarşılarında öz ərazi bütövlüyünü haqq-ədalətlə bərpa etməyə qadir olan güclü Azərbaycan dövləti dayanıb. Yəni təcavüzkarlar dinc əhalimizə, hərbçilərimizə açdıqları hər snayper atəşləri ilə öz vəziyyətlərini qəlizləşdirmiş olurlar. Onlar birlməlidirlər ki, bu cinayətlər nə hüquqi, nə də digər baxımdan cavabsız qalmayacaq. Azərbaycanın riayət etdiyi beynəlxalq qanunlar və konvensiyalarla yanaşı, onlara ağır zərbə vuracaq adekvat hərbi güc reallığı da nəzərə alınmalıdır. Təəssüf ki, onlar hələ də bu məsələlərə barmaqarası baxırlar, lakin bir gün nə qədər səhvə yol verdiklərini anlasalar, onda da çox gec olacaq".
"Təəssüf ki, hərbçimizin qətlə yetirilməsindən sonra nə həmsədr ölkələr, nə də beynəlxalq qurumlar sözügedən təxribatı qəti şəkildə pisləyən bəyanatlarla çıxış etmədilər, Ermənistanı qınayaraq, ondan bu qanlı əməlinə görə izahat istəmədilər", deyə qeyd edən Bəhruz Quliyev əlavə edib ki, məhz müvafiq qurumlar substantiv danışıqların başladılması üçün addımlar atmalıdırlar: "Bunun üçün isə, işğalçı Ermənistana qarşı ardıcıl təzyiq göstərmək gərəklidir. Bu təzyiqlər təcavüzkarların sülh danışıqları masasına əyləşmələrinə səbəb ola bilər. Lakin hələlik biz bunu müşahidə etmirik və unutmamalıyıq ki, torpaqlarımızın işğaldan azad olunması məsələsində nəticə, söz, uğur və qələbə məhz Azərbaycanın tərəfindədir. Baxmayaraq ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır, ancaq Ermənistanın cığallığı və heç nəyə məhəl qoymaması bu ölkənin siyasi məhvini sürətləndirə bilər. Ona görə də, dünya tərəfindən qəbul olunmayan statis-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dayişməli, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yolu açmalıdır. Yəni Ermənistan acı aqibətini indidən nəzərə almalı və bundan qurtulma yollarını axtarmalıdır".