Paşinyan-Putin görüşünün baş tutmamasına səbəb nədir?
Paşinyan-Putin görüşünün baş tutmamasına səbəb nədir?
3 İyun 2019 15:11 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün baş tutmamasına müxtəlif səbəblər ola bilər. Lakin ən ağlabatan səbəb odur ki, Putin Paşinyanla görüşməkdən imtina edib".
Bu fikirləri Azadinform-a açıqlamasında beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyib.
Politoloq qeyd edib ki, görüşdən imtina etmək beynəlxalq diplomatik protokolda nəzakətsizlik, qarşı tərəfə saymazlıq jesti kimi qəbul olunur: "Bunun təsadüf olmadığına dəlalət edən amillər çoxdur. Onlardan biri budur ki, Putin ötən ilin sentyabr ayında da Azərbaycan və Ermənistana səfər planlaşdırsa da, sonradan səfərin marşrutu dəyişdi və yalnız Azərbaycana gəldi, Yerevana getməkdən imtina etdi. Bununla yanaşı dekabr ayında keçirilən seçkilərdə Paşinyanın partiyası qələbə qazananda da Putin onu təbrik etmədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərində də Paşinyana qarşı protokol qaydalarının pozulması baş verib. Bütün bunlardan başqa, Moskvaya səfəri zamanı Paşinyan dəfələrlə Putinin audensiyasında gözlədilib".

N.Məmmədova əlavə edib ki, Paşinyana saymazlıq göstərən təkcə Putin deyil: "Keçən ilin sentyabrında BMT Baş Assambleyasının illik iclası zamanı ABŞ prezidenti Tramp da Paşinyanla görüşməkdən imtina edib. Bütün bunlar onu göstərir ki, balanslaşdırılmış siyasət adı altında ikiüzlülük etməyə çalışan Paşinyanın maskası ifşa olunub və o, hər iki ağası tərəfindən fürsət düşən kimi diskreditasiya edilərək, ona həddini bildirir, həmçinin bu jestlə də xəbərdar edilir".
Qeyd edək ki, Avrasiya İttifaqı sammiti çərçivəsində Paşinyan-Putin görüşü əvvəlcədən planlaşdırılsa da, baş tutmayıb. Görüşün baş tutmamasının səbəbi açıqlanmayıb.