Los Ancelesdə Azərbaycan və Türkiyə Baş Konsulluqları tərəfindən ilk dəfə iftar mərasimi keçirildi
ABŞ-ın Los Anceles şəhərində Azərbaycan və Türkiyə Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə mayın 29-da Müqəddəs Ramazan ayı çərçivəsində multikulturalizmə və tolerantlığa həsr olunmuş geniş iftar mərasimi keçirilib. Olaylar.az bildirir ki, 170-ə yaxın qonağın qatıldığı tədbirdə ABŞ Dövlət Departamentinin rəsmiləri, müxtəlif ölkələrin diplomatları, müsəlman, xristian, yəhudi, bəhai, zərdüşt və digər dini icmaların rəhbərləri, həmçinin Azərbaycan, türk, yəhudi, Pakistan, İran və digər icmaların nümayəndələri və jurnalistlər iştirak ediblər.
3 İyun 2019 10:40 SiyasətABŞ-ın Los Anceles şəhərində Azərbaycan və Türkiyə Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə mayın 29-da Müqəddəs Ramazan ayı çərçivəsində multikulturalizmə və tolerantlığa həsr olunmuş geniş iftar mərasimi keçirilib. Olaylar.az bildirir ki, 170-ə yaxın qonağın qatıldığı tədbirdə ABŞ Dövlət Departamentinin rəsmiləri, müxtəlif ölkələrin diplomatları, müsəlman, xristian, yəhudi, bəhai, zərdüşt və digər dini icmaların rəhbərləri, həmçinin Azərbaycan, türk, yəhudi, Pakistan, İran və digər icmaların nümayəndələri və jurnalistlər iştirak ediblər.
İftar mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev öz çıxışında müasir dövrdə dünyada geniş yayılmış ksenofobiya və irqçiliyə qarşı səmərəli mübarizə aparmaq, qarşılıqlı anlaşma və harmoniyaya nail olmaq üçün müxtəlif dini və etnik icmalar arasında sıx əlaqələrin, dialoq və əməkdaşlığın vacibliyini vurğulayıb.
Türkiyənin Los Ancelesdəki baş konsulu Can Oğuz Türkiyədə iftar ənənələrindən bəhs edərək, bu müqəddəs ayın eyni zamanda bir-birimizi daha yaxşı anlamağa sövq etdiyini deyib.
Sonra çıxış edən dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan, Los Ancelesdə fəaliyyət göstərən Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini ravvin Abraham Kuper, Los Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez, Beynəlxalq Mövlanə Fondunun nümayəndəsi İsmail Fenter və Los Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi dinlərarası dialoqun vacibliyini qeyd edərək, Los Ancelesdə Azərbaycan və Türkiyənin müxtəlif dinləri və icmaları iftar süfrəsi ətrafında bir araya yiğmasının olduqca təqdirəlayiq olduğunu vurğulayıblar.
Sonda iftar süfrəsinə dəvət edilən qonaqlara Azərbaycan və Türkiyə mətbəxinin ləziz təamları təqdim olunub. Azərbaycan və Türkiyə musiqisindən nümunələrin ifası ilə davam edən tədbir tamaşaçıların böyük marağı və gurulturulu alqışları ilə qarşılanıb.
Mərasimdən qısa video-görüntülərlə bu linkdə tanış olmaq olar: https://www.dailymotion.com/video/x79sz1v