Azərbaycan dünyada etibarlı tərəfdaş ölkə kimi tanınır
Azərbaycan dünyada etibarlı tərəfdaş ölkə kimi tanınır
31 May 2019 14:59 SiyasətÖlkəmiz doğru yolla inamla irəliləyərək yeni-yeni uğurlara imza atır
Hər bir dövlətin inkişafını şərtləndirən, onun yerləşdiyi coğrafiyada, dünyada mühüm yer tutmasını şərtləndirən amillərdən biri güclü iqtisadiyyatdırsa, digəri isə həmin iqtisadiyyatı idarə etmək gücü, qabiliyyətinə malik olan hökumətin mövcudluğudur. O, hökumətin ki, həmin hökumət ölkədə istər siyasi, istər iqtisadi, istər sosial, istərsə də mədəni və humanitar sahədə uğurlu islahatlar həyata keçirir, dövləti istənilən risk və təhlükələrdən sığortalaya bilir. Azərbaycanda məhz belə bir hökumətin, hakimiyyətin, iqtidarın olduğunu günümüzdə qətiyyətlə deyə bilərik. Ən son məlum neft və maliyyə böhranı zamanı dünya bazarlarında, inkişaf etmiş ölkələrdə belə yaşanan arzuedilməz tendensiya fonunda Azərbaycanda dünya ölkələrinin əksəriyyətini vuran böhranın minimum səviyyədə hiss edilməsi, məhz qeyd etdiyimiz böhran vəziyyətlərinə hazır hökumətin, hakimiyyətin mövcudluğunun göstəricisi idi. Ən əsası bu hökumətin, hakimiyyətin düzgün idarəçiliyinin əyani sübutu idi.
Artıq 15 ildən çoxdur ki, Cənab İlham Əliyevin rəhbərliyi altında düzgün istiqamətdə qurulan bu idarəçilik, eyni zamanda həyata keçirilən düşünülmüş siyasət ölkəmizin bütün istiqamətlərdə inkişafına təkan verib, şərtləndirib. İstər iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər, istər ölkəmizdə mövcud olan sabit siyasi mühit, atmosfer, bundan irəli gələrək dünyanın nüfuzlu təşkilat və qurumılarının mühüm əhəmiyyət kəsb edən toplantılarının Bakıda keçirilməsi, istərsə də Bakın təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli enerji, nəqliyyat və tranzit layihələri məhz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş siyasətin nəticəsidir. Sevindiric hal ondan ibarətdir ki, bu müsbət tendensiya artım dinamikası ilə gedir. Millət vəkili Sevinc Hüseynova da deyir ki, bütün əldə edilən müsbət nəticələr, məhz Cənab Prezident İlham Əliyevin uğurlu və düşünülmüş şəkildə həyata keçirdiyi siyasətin nəticəsidir. Millət vəkili qeyd edib ki, artıq Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Onun sözxlərinə görə, ölkəmizdə istər siyasi, istər sosial-iqtisadi, istərsə də, humanitar, mədəni və idman sahələri üzrə mötəbər, dünya miqyaslı tədbirlər keçirilir. Bu fakt Azərbaycanın dünyada qazandığı müsbət imicin parlaq təzahürüdür: "Mayın 29-da Bakıda UEFA Avropa liqasının final oyunun keçirilməsi də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır. Bir çox hallarda isə Azərbaycan digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.
Millət vəkili qeyd edib ki, beynəlxalq tədbirlərin keçirilməsi eyni zamanda Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir: "Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların cəlb olunmasına, əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla yanaşı bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir". Millət vəkili deyib ki, Azərbaycanda son illər populyar idman yarışları keçirilir, ölkəmiz dünyada nüfuzlu idman ölkəsi kimi də tanınır: "İdman siyasətinin düzgün qurulması, idmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula 1 yarışlarının ölkəmizdə keçirilməsi də Azərbaycana olan inam və etimadın ifadəsidir. UEFA Avropa liqasının final oyununu izləmək üçün Bakıya minlərlə xarici vətəndaş gəlmişdi və onlar paytaxtımızın gözəlliyini, insanlarımızın xoş münasibətini, qonaqpərvərliyini xüsusilə vurğulayırdılar. Eyni zamanda, ölkəmizdə sabitlik hökm sürür, təhlükəsizlik, ictimai asayiş tam təmin olunub. Amma təəssüflər olsun ki, xaricdə müəyyən dairələr hər vəchlə Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Bu dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirirlər. Onlara ölkəmizdəki sapı özümüzdən olan baltalar da qoşulub və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı iftira, böhtan atırlar. Hesab edirəm ki, həmişə olduğu kimi yenə də bu dairələrin cəhdləri iflasa uğrayacaq. Çünki Azərbaycan tutduğu doğru yol ilə inamla irəliləyərək yeni-yeni uğurlara imza atır".
Millət vəkili Malik Həsənov isə diqqəti Azərbaycanın enerji sahəsində həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrə yönəldib və bildirib ki, bu kimi layihələr rəsmi Bakının regionda mövqelərini, rolunu daha da möhkəmləndirib: "Müstəqil siyasət həyata keçirən Azərbaycan regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Ölkəmizin liderliyi ilə reallaşdırılan strateji əhəmiyyətli layihələr yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir, beynəlxalq miqyasda tərəfdaşlıq əlaqələrinin genişlənməsinə təkan verir. Cənub Qaz Dəhlizinin reallaşmasının tarixi hadisə olduğunu deyən millət vəkili əlavə edib ki, bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə digər ölkələr və regional əməkdaşlıq, təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir: "Yəni Avropanın yeni enerji mənbəyi və uzunmüddətli təhlükəsizlik qarantı rolunda çıxış edən "Cənub" qaz dəhlizi layihəsinin mühüm cəhətlərindən biri odur ki, bu layihə bütün tərəfdaş ölkələr üçün strateji əhəmiyyətlidir. Layihədə tərəfdaş ölkələrin maraqlar balansı təmin olunub, bu isə "Cənub" qaz dəhlizi layihəsinin uğurlu perspektivini şərtləndirən əsas amillərdən biridir. Ümumiyyətlə, Azərbaycanın moderatorluğu ilə icra edilən "Cənub Qaz Dəhlizi" layihəsi mühüm tərəfdaşlıq platforması kimi səciyyələndirilir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda məhz Azərbaycanın zəngin "Şahdəniz" yatağı çıxış edir. "XXI əsrin layihəsi" kimi xarakterizə olunan və Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizin sahillərini əlaqələndirən Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Göründüyü kimi, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı yaradıb. Azərbaycan enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsinə xüsusi diqqət yetirir, ölkəmizin nefti və qazı müxtəlif yollarla dünya bazarlarına ixrac edilir. XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu sahədəki rolunun qiymətləndirildiyini, Azərbaycanın bu ardıcıl və uğurlu siyasət apardığını diqqətə çatdırdı. Bütövlükdə, beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycanın yaratdığı tərəfdaşlıq platforması regional və qlobal əməkdaşlığın dərinləşməsi baxımından olduqca əhəmiyyətlidir".
Füzuli