Azərbaycan Avropanı heyran qoydu
Azərbaycan Avropanı heyran qoydu
31 May 2019 11:13 SiyasətÖlkəmiz nəyə qadir olduğunu bir daha sübuta yetirdi
Günü-gündən inkişaf edən, yeniləşən müstəqil Azərbaycan UEFA Avropa Liqasının final qarşılaşmasını keçirilməklə növbəti dəfə mühüm və əhəmiyyətli uğura imza atdı. Ölkə paytaxtında baş tutmuş UEFA Avropa Liqasının finalı öz möhtəşəmliyi və bənzərsizliyi ilə Avropanı heyran qoymaqla yanaşı, Azərbaycanın nəyə qadir olduğunu bir daha sübuta yetirdi. Azərbyacanı hədəfə alan qüvvələrin düşüncələrinin əksinə olaraq sözügedən idman yarışı ən yüksək səviyyədə baş tutdu, ölkəmizin təhlükəsiz məkan deyil, qonaqpərvər diyar olduğunu təsdiq etdi. Final görüşündən öncə Azərbaycana təşrif buyuran on minlərlə futbol azarkeşi onlara göstərilən diqqət və qayğıdan, xidmət keyfiyyətindən, özəlliklə, futbol finalı ab-havasından heyran qalmaya bilməzdilər. Çünki qonağa hörmət və ehtiram göstərmək azərbaycan xalqının damarında axan qanına höpub. Nəticə etibarilə Azərbaycanın bu mötəbər tədbiri nə qədər yüksək səviyyədə təşkil etməsinə bütün dünya şahidlik etdi. Eyni zamanda, Azərbaycan bu cür beynəlxalq tədbirlərə necə ev sahibliyi etmək bacarığı olduğunu bir daha göstərmiş oldu. Bəlli oldu ki, futbol bayramı ərəfəsində daha çox informasiya məkanında siyasi spekulyasiya ilə məşğul olanlar nəticə etibarilə acı məğlubiyyətə uğradılar.
Millət vəkili Naqif Həmzəyev hesab edir ki, Azərbaycan belə bir möhtəşəm tədbir keçirməklə idman ölkəsi kimi statusu daha da möhkəmlətmiş oldu: "Bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. İdman siyasətinin düzgün qurulması, idmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. Bundan başqa, beynəlxalq səviyyəli idman yarışlarının - I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula I Qran-pri yarışlarının ölkəmizdə keçirilməsi də Bakının təsadüfi seçim olmadığını deməyə əsas verir". Deputatın sözlərinə görə, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının keçirilməsi Azərbaycan dövlətinin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür: "Mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Bu gün dövlətimizin idman sahəsinə qoyduğu sərmayələr, göstərdiyi diqqət ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam inkişafını təmin edir. Eyni zamanda Azərbaycanın həm siyasi, həm iqtisadi cəhətdən sabit ölkə olması beynəlxalq tədbirlərə və idman yarışlara ev sahibliyi etməyə şərait yaradıb. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Son illər bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Həmçinin belə tədbirlər dövlətimiz üçün müəyyən dividendlər gətirir, idman ölkəsi kimi statusunu daha da möhkəmləndirir".
Millət vəkili Rauf Əliyev isə qeyd edib ki, Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti bir uğura imza atdı. Paytaxtımız Bakı şəhəri ilk dəfə UEFA Avropa Liqasının final oyununa ev sahibliyi etdi. Final Oyununa hazırlıq mərhələsi və oyunun özü çox yüksək səviyyədə təşkil olunmuşdu. Deputatın sözlərinə görə, final oyunun Azərbaycanda, Bakı şəhərində keçirilməsi öz-özlüyündə Azərbaycanın uğurudur: "Final oyununun keçiriləcəyi şəhərin müyyənləşdirilməsi zamanı Bakıya çox güclü rəqiblər var idi. Madrid, İstanbul və digər məşhur şəhərlər içərisindən məhz Bakıya üstünlük verilməsi Azərbaycanın ildən-ilə artan nüfüzundan xəbər verir. Bu eyni zamanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahələrinin, o cümlədən futbol infrastrukturunun yaradılması, yeni stadionların əlalxüsus Bakı Olimpiya Stadionunun tikintisi də daxil olmaqla həyata keçirilən ümumi sosial-iqtisadi siyasətin uğurudur. Final oyunu dünyanın 200-dən çox ölkəsinə tele-transliyasiya olunmuşdur. Bir milyarddan çox tamaşaçı final oynunu izləmişdir. Dünyanın bir çox ölkəsindən 30,0 mindən çox turist final oynun izləmək üçün ölkəmizə səfər etmişdir. Bütün bunlar Azərbycanın dünyada daha geniş surətdə tanıdılmasında, təbliğ edilməsində böyük rol oynayır. Gələn il Bakı Olimpiya Stadionunda Futbol üzrə Avropa Çempionatının dörd oyununun keçirilməsi nəzərdə tutulub. Bu da Azərbaycanın getdikcə artan nüfuzundan xəbər verir. 2020-ci ildə Futbol üzrə Avropa Çempionatının oyularının keçiriləcəyi şəhərlərin müəyyənləşdirilməsi ilə bağlı səs vermə zamanı Bakıya üstünlük verilməsində AFFA-nın rəhbərliyinin rolu böyük olub. UEFA Avropa Liqasıının final oyununun çox yüksək səviyyədə təşkil olunmsı göstərir ki 2020-ci ildə Bakı Olimpiya Stadionunda Avropa Çempionatının keçiriləcək oyunları da çox yüksək səviyyədə təşkil olunacaq".
Nurlan